ENG

Ümummilli Lider Heydər Əliyev Elmin İnkişafı Fondunda anıldı

3234
A A A
Dekabr 12 2018

9:20

2018-ci il 11 dekabr tarixində Elmin İnkişafı Fondunda Ümummilli Lider Heydər Əliyevin anım günü qeyd olundu.

Tədbiri giriş sözü ilə açan Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqın xilaskarı olmuş, əvəzsiz siyasi xadim Heydər Əliyevin XX əsr Azərbaycan və dünya siyasəti tarixində yerindən və rolundan, Azərbaycanın dövlət müstəqilliyinin siyasi, iqtisadi, mənəvi əsaslarının yaradılmasında Ulu Öndərin müstəsna xidmətlərindən bəhs etdi. Ulu Öndər Heydər Əliyevin ölkəmizin müstəqilliyinin qorunub möhkəmləndirilməsində, demokratik hüquqi dövlətin qurulmasında və onun hərtərəfli inkişafında müstəsna xidmətləri xalqımız tərəfindən daim yüksək fəxr hissi ilə qeyd olunur, dahi rəhbərin əziz xatirəsi hədsiz məhəbbətlə və böyük ehtiramla yad edilir. Onun gənc nəslə qayğısı digər dövlətlərin liderləri üçün indi də nümunədir. Böyük siyasi və dövlət xadimi, xalqın şəksiz lideri olan Heydər Əliyev hələ sağlığında ikən canlı əfsanəyə çevrilib, Heydər Əliyev fenomeni həmişə diqqəti cəlb edib, dünya azərbaycanlılarının Ümummilli Lideri olan bu dahi şəxsiyyətin siyasi fəaliyyəti istər ölkə, istərsə də dünya mətbuatında geniş işıqlandırılıb.

Heydər Əliyevlə uzun illər bir yerdə çalışmış Azərbaycanın siyasi və dövlət xadimi, diplomat, alim, Azərbaycan Respublikasının Polşada fövqəladə və səlahiyyətli səfiri, tarix elmləri doktoru Həsən Həsənov çıxış edərək Heydər Əliyevin zəngin həyat yolu və fəaliyyətindən, elm və təhsilin inkişafına böyük qayğı və diqqətindən danışdı, xatirələrini bölüşdü. O, Heydər Əliyev şəxsiyyətinin Azərbaycan üçün əhəmiyyətindən danışaraq, onun Azərbaycan tarixində xüsusi dəst xətlə yazdığı məqamlara diqqət çəkdi. Xüsusi ilə vurğuladı ki, Azərbaycanın 1960-cı illərin sonundan başlanan və XXI əsrə adlayan tarixinin otuz beş illik bir dövrü Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu mərhələ Azərbaycanda müstəqilliyin əbədi və dönməz xarakter alması, dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadi inkişaf üçün möhkəm təməlin yaradılması, milli-mənəvi yüksəliş, hər bir fərdin özünü layiqli vətəndaş olaraq dərk etməsi ilə müasir tariximizə əbədi həkk olunub.

Digər çıxışlarda qeyd olundu ki, Azərbaycanın hərtərəfli inkişafı, gələcək tərəqqisi üçün möhkəm əsasların yaradılması zəngin təcrübəyə, böyük istedada, parlaq zəkaya, ali mənəvi keyfiyyətlərə, yüksək siyasi idarəçilik və liderlik qabiliyyətinə, tükənməz enerjiyə malik Heydər Əliyevin sosial-iqtisadi strategiyasının həyata keçirilməsi nəticəsində mümkün olub. Bu gün Azərbaycanda sosial-iqtisadi, ictimai-mədəni həyatın elə bir sahəsi yoxdur ki, həmin sahənin inkişafı Ümummilli Liderin adı ilə bağlı olmasın. Azərbaycan xalqının Ümummilli Lideri, müdrik rəhbər və dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq.

Tədbirdə Heydər Əliyevin xatirəsinə həsr olunmuş video-görüntülər təqdim olundu.

HİKMƏTLİ SÖZLƏR