ENG

Elmin İnkişafı Fondu tərəfindən “Aqrar tədqiqatlar” məqsədli qrant müsabiqəsi elan olunub

5033
A A A
Oktyabr 17 2018

11:50

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən “Aqrar  tədqiqatlar” məqsədli qrant müsabiqəsi elan olunub.

Müsabiqənin elan olunmasında məqsəd elmi-tədqiqat institutlarının, akademik və ali təhsil sistemindəki elmi müəssisə və təşkilatların, institut va laboratoriyaların, bölmə və mərkəzlərin və digər uyğun strukturların elmi fəaliyyətini stimullaşdırmaq, modern elmi cihaz, avadanlıq və qurğularla təminatını təkmilləşdirmək, aqrar elmin ayrıca götürülmüş istiqamətlərinin inkişafını əlavə olaraq dəstəkləmək, kadr hazırlığını təmin etmək üçün adıçəkilən qurumlardan olan alim və yüksək ixtisaslı mütəxəssislərin müvəqqəti yaradılmış elmi-yaradıcı kollektivləri tərəfindən təqdim edilmiş müxtəlif xarakterli layihələri qrantlar verilməsi yolu ilə maliyyələşdirməkdir. Müsabiqə aqrar elm sahəsində multidissiplinar və beynəlxalq araşdırmaların dəstəklənməsinə, qısa müddət ərzində rəqabət apara biləcək elmi nəticələrin alınmasına əlavə şərait yaradacaq. Layihələrdə maliyyə (stimullaşdırıcı əmək haqqı) və maddi-texniki təminatla (cihazlar, qurğular və avadanlıqlar) yanaşı, paralel olaraq kadr hazırlığı (ezamiyyətlər yolu ilə) da nəzərdə tutulur.

Müsabiqə çərçivəsində fundamental, tətbiqi, eksperimental, akademik, empirik, innovativ, nəzəri xarakterli və   300 000 manatadək maliyyə həcmli layihələr maliyyələşdiriləcək.

Müsabiqədə iştirak etmək üçün layihələr 2018-ci il oktyabrın 22-dən dekabrın 21-i saat 17:00-dək qəbul olunacaq. Müsabiqənin nəticələrinin 2019-cu ilin 1-ci yarısında açıqlanması planlaşdırılır.

Bu müsabiqəyə layihələr yalnız Elmin İnkişafı Fondunun yaratdığı innovativ texnologiya olan “e-QRANT”=“Qrant layihələrinin Elektron İdarəolunması Sistemi” (http://e-grant.sdf.gov.az/) vasitəsilə təqdim edilə bilər. Bu sistem elektron-hökumət prinsipləri əsasında qurulub və “ASAN-İmza”dan istifadəni nəzərdə tutur.

Elmin İnkişafı Fondu müsabiqəyə təqdim olunmuş layihələrin elmi ekspertizası işini və qalib layihələrin vaxtaşırı monitorinqini təşkil edəcək. Layihələrin qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində “e-QRANT” sisteminə qoşulma və ondan istifadə üzrə, həmçinin qrant iddiaçılarına kömək və sualların cavablandırılması məqsədilə məsləhət seminarlarının keçirilməsi nəzərdə tutulub.

 

                                                 Elmin İnkişafı Fondunun mətbuat xidməti

HİKMƏTLİ SÖZLƏR