ENG

Elmin İnkişafı Fondunun nümayəndə heyəti Türkiyə Elmlər Akademiyasında (TÜBA - Türkiye Bilimler Akademisi) olub

2316
A A A
Oktyabr 03 2018

16:00

Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Elmlər Akademiyasında (TÜBA - Türkiye Bilimler Akademisi) olub.

Görüşdə Akademiyanın prezidenti, professor Ahmet Cevat Acar rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında ətraflı məlumat verib, Azərbaycanla olan əlaqələrdən danışıb. TÜBA-nın vitse-prezidenti, professor Nuri Yurdusev və digər rəsmi şəxslər də görüşdə iştirak edib.

Görüşdə Elmin İnkişafı Fondunun fəaliyyəti və Azərbaycanda elmi tədqiqatların qrantlar yolu ilə dəstəklənməsi üzrə fəaliyyətindən danışılıb, tərəflərin birgə elmi əməkdaşlıq üçün maraqları ifadə olunub. Səfər müddətində Azərbaycanı təcəssüm etdirən hədiyyələr təqdim olunub.

Türkiyə Elmlər Akademiyası (TÜBA-Türkiye Bilimler Akademisi) Türkiyədə elmi fəaliyyətə dəstək verən elmi cəmiyyətdir.

Akademiya 1993-cü ilin sentyabrında təsis edilib. Mərkəzi idarəsi Ankarada yerləşir. 2010-cu ilin məlumatına görə akademiyanın 135 üzvü var (19 qadın və 116 kişi). Onlardan 83-ü həqiqi, 37-si fəxri və 15-i assosiasiyalı üzvdür. TÜBA-nın 79 akademiki texniki elmləri, 32 akademiki tibb elmlərini, 24 akademiki humanitar sahəni təmsil edirlər.

Akademiyanın əsas vəzifəsi elmi adları vermək, elmi tədqiqatların əsas istiqamətlərini müəyyənləşdirmək, elm sahəsi üzrə qanunvericiliyi tədqiq etmək və müvafiq təklifləri verməkdir. Həmçinin onun vəzifələri sırasına gənc alimləri dəstəkləmək və Türkiyənin ali məktəbləri üçün dərslikləri hazırlamaq da aiddir.

 

Elmin İnkişafı Fondunun icraçı direksiyası

HİKMƏTLİ SÖZLƏR