ENG

Elmin İnkişafı Fondunun əməkdaşları beynəlxalq sammitdə iştirak ediblər

3598
A A A
Sentyabr 04 2018

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun baş məsləhətçisi Ləman Hüseynbəyli və aparıcı məsləhətçisi Pərvin Rəhimli Fondun beynəlxalq əlaqələrinin gücləndirilməsi məqsədi ilə cari ilin 29-31 avqust tarixlərində Rusiya Federasiyası Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində keçirilmiş ““Times Higher Education” Research Excellence Summit - Eurasia” beynəlxalq tədbirində iştirak ediblər.

“Times Higher Education (THE)” ali təhsil xəbərləri və digər məsələlər barədə ixtisaslaşmış və redaksiyası Londonda yerləşən dünyanın nüfuzlu həftəlik jurnalıdır, məlumat və araşdırmalar əsasında universitetlərin illik reytinqlərini müəyyənləşdirir.

Kazan Federal Universitetində keçirilmiş tədbir 3 gün davam edib və əsas mövzu “Şərqlə Qərbi  genişlənən dünya tədqiqatları və innovasiya mərkəzində birləşdirmək” olub. Tədbirdə dünyanın nüfuzlu Kembric, Leyçester, York, SOAS, Con Hopkins və digər universitetlərinin, həmçinin Rusiya, Böyük Britaniya və ABŞ-dan olan nümayəndələrin iştirakı ilə yeni təhsil təşəbbüsləri, elmi araşdırmalara dəstək, ali təhsilin regional inkişafın aparıcı qüvvəsi kimi qiymətləndirilməsi, İpək Yolu ölkələrində aparılan araşdırmalar, qlobal təsir yaratma imkanına malik dünya səviyyəli tədqiqatlara dəstəyin göstərilməsi kimi müxtəlif mövzularda panel müzakirələri baş tutub. Avrasiya universitetlərinin 2018-ci il üçün reytinqi də açıqlanıb.

Elmin İnkişafı Fondu ilə tədbirin əsas təşkilatçısı olan THE arasında yeni əməkdaşlıq əlaqələri qurulub. Tədbirdə Elmin İnkişafı Fondunun fəaliyyəti, həmçinin “Elm-Təhsil İnteqrasiyası”, “Universitet qrantı” müsabiqələri haqqında məlumat verilib, mümkün əməkdaşlıq məsələləri müzakirə edilib.

Elmin İnkişafı Fondunun icraçı direksiyası

HİKMƏTLİ SÖZLƏR