ENG

Günün kosmik hava durumu və proqnozu

3355
A A A
İyul 23 2018

Kosmik hava durumu - Günəşdə aktivlik aşağı səviyyədə olub. 2716 aktivlik oblastı (N16, Lo=200) tam parçalanmış haldadır. Peyk görüntülərində Yerə doğru yönələn CME (Coronal Mass Ejections – Tac Kütlə Atılmaları) müşahidə olunmayıb.

2 MeV-dən çox enerjili elektron seli normal və orta səviyyədə olub. 10 MeV-dən çox enerjili proton seli isə bütün period ərzində fon səviyyəsində stabil qalıb.

Günəş küləyi parametrləri son 24 saat ərzində güclənməkdə davam edir. Küləyin sürəti ortalama 460 km/san-dən 525 km/san-yə qədər olub. Ümumi maqnit sahəsi 1-6 nT arasında dəyişərək, Bz komponenti +5/-4 nT intervalında qiymət alıb. Phi bucağı 22 iyul/13.40 UTC-də müsbət sektordan mənfi sektora doğru dəyişıb.

Son 24 saat ərzində geomaqnit sahə sakitdir.

Kosmik hava proqnozu Günəş aktivliyinin növbəti üç gün ərzində (23-25 iyul) çox aşağı səviyyədə davam edəcəyi gözlənilir.

2 MeV-dən çox enerjili electron selinin proqnoz dövründə ilk iki gün (23-24 iyul) normal və orta səviyyədə olacağı gözlənilir. Lakin üçüncü proqnoz günü (25 iyul) CH HSS (Coronal Hole High Speed Streams–Tac Dəlikdən çıxan Yüksək Sürətli Axınlar) effektinin təsirinə cavab olaraq axının yüksələcəyi gözlənilir. 10 MeV-dən çox enerjili proton selinin proqnoz dövründə (23-25 iyul) fon səviyyələrində davam etməsi gözlənilir.

Proqnoz dövründə növbəti gün ərzində (23 iyul) Günəş küləyi parametrlərinin daha da güclənəcəyi proqnozlaşdırılır. Buna səbəb CH HSS effektinin mənfi qütblülüyə malik olması və CIR (Co-rotating Interaction Region-Birgə-dönən qarşılıqlı-təsir regionu) yaranması göstərilir. STEREO-A qurğusunun məlumatları əsasında Günəş küləyi sürətinin artaraq 600–650 km/san intervalında qərarlaşacağı gözlənilir.

Birinci proqnoz günü (23 iyul) CIR effektinin təsirinin başlanması ikinci proqnoz günündə (24 iyul) müxtəlif periodlarla G1-Minor səviyyəli qasırğaların ola biləcəyi ehtimalını söyləməyə əsas verir. Həmçinin üçüncü gün də (25 iyul) CH HSS effektinin təsiri qaldığından belə aktiv şəraitin davam edəcəyi gözlənilir.

DİQQƏT!

Qeyd edək ki, geomaqnit sahənin belə aktivlik şəraiti enerji sistemində və peyk yayınlarında, radiorabitədə kiçik mənfi effektlərə səbəb olur. Sürətli Günəş küləyi rejimi, maqnit sahəsinin nizamsız həyəcanlanmaları canlı orqanizmlərə də mənfi təsir göstərir. Bu həyəcanlanmalar xüsusi risk qrupundan olan xəstə və hətta bəzi sağlam insanlarda baş ağrılarının və miqrenin yüksəlməsi halları kimi narahatçılıqlar, yuxusuzluq, stres və depresiya tipli hissiyat meydana gətirə bilər. Məsləhət görülür ki, belə günlərdə birbaşa Günəş şüaları altında çox qalmayasınız, çoxlu təmiz su içmək faydalıdır, kofein və alkoqol tərkibli içkilərdən imtina etmək lazımdır, həmçinin kompüter qarşısında və mobil qurğularla (planşet, smartfon və s.) az vaxt keçirmək və ağır iş yükünü azaltmaq geomaqnit sahənin həyəcanlanmalarının sağlamlığa mənfi təsiri riskini azaldır.

Mənbə: www.shao.az

 

HİKMƏTLİ SÖZLƏR