ENG

Koreya Respublikasının Azərbaycandakı Səfiri Elmin İnkişafı Fondunda olub

3521
A A A
İyul 12 2018

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu beynəlxalq əlaqələrini genişləndirir və əməkdaşlıq sahəsində konkret planlar həyata keçirir. Fond inkişaf etmiş dünya ölkələrinin elmi potensialını və mümkün əməkdaşlıq imkanlarını nəzərə alaraq, bu dövlətlərin müvafiq strukturları ilə  əlaqələrin qurulması və gücləndirilməsi üzrə fəaliyyət göstərir.

2018-ci il 12 iyul tarixində Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Kim Çanq-qyu Elmin İnkişafı Fondunda olub. Görüşdə səfirliyin 2-ci katibi Çoy Kvan Yonq da iştirak edib.

Fondun icraçı direktoru Elçin Babayev görüşdə Azərbaycan və Koreya arasında siyasi, iqtisadi və mədəni əlaqələrin davamlı əsaslarla inkişaf etdiyini, digər sahələrdə olduğu kimi elmi əməkdaşlıq sahəsində də böyük potensialın olduğunu qeyd edib.

Fond tərəfindən konkret əməkdaşlıq təklifləri olaraq uyğun strukturlar (fondlar) arasında əməkdaşlıq sənədlərinin imzalanması, Koreya-Azərbaycan birgə qrant müsabiqələrinin keçirilməsi, Koreya və Azərbaycan alimlərinin qarşılıqlı təcrübəkeçmə üzrə mübadiləsi, Koreyanın elmi qurumları ilə əməkdaşlıq məsələləri, birgə tədbirlərin keçirilməsi, ekspertiza sahəsində birgə fəaliyyət kimi ideyalar irəli sürülüb.

Səfir Kim Çanq-gyu hər iki ölkə arasında ən müxtəlif səviyyələrdə mövcud olan münasibətləri xarakterizə edib. Səfir, həmçinin iki ölkənin tarixi köklərinin yaxınlığı və oxşar təcrübələrdən və həyat tərzindən də söz açıb. Səfir tərəfindən Azərbaycan və Koreya alimləri arasında səmərəli əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinə dəstəyin göstəriləcəyi qeyd olunub.

Səfir tanışlığın və maraqlı fikir mübadiləsinin gələcəkdə Koreya Respublikasının müvafiq elm qurumları  ilə əməkdaşlığa körpü ola biləcəyinə əminliyini bildirib.

Sonda xatirə şəkili çəkdirilib.

HİKMƏTLİ SÖZLƏR