ENG

Elmin İnkişafı Fondu muğam tədqiqatlarına dair monoqrafiyalar nəşr etdirib

3817
A A A
Mart 07 2018

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrant layihəsi çərçivəsində muğama dair iki monoqrafiya nəşr olunub.

AMEA-nın müxbir üzvü Könül Bünyadzadənin müəllifi olduğu “Muğam fəlsəfəsi”ndə Universal Səsin bir təzahürü olaraq təqdim edilən muğam əsasən düşüncə tərzi kimi araşdırılır. Bu məqsədlə monoqrafiyada muğamla fəlsəfi cərəyanlar, xüsusilə təsəvvüf arasında fəlsəfi müqayisələr aparılır. Muğamın milli düşüncə tarixi ilə paralel şəkildə tədqiq edilməsi milli təfəkkürün bir sıra əhəmiyyətli məqamlarına da aydınlıq gətirir. Müasir dövrün ruhuna uyğun olaraq bu əsərdə həmçinin muğamın multikultural mahiyyəti də araşdırılır. Bununla da çox əhəmiyyətli bir həqiqət vurğulanmış olur: öz təsir gücünə və daşıdığı missiyaya görə muğam Azərbaycanın “yumşaq gücüdür”.

Rus dilində təqdim edilən “Azərbaycan muğam-dəstgahının tarixi kökləri” (müəllif Sevil Fərhadova) monoqrafiyası isə muğamın yaranma tarixini və onun genezisini açıqlayan fənlərarası tədqiqat işinin nəticələri əsasında yazılıb. Problemin tədqiqində mərkəzi yer ilkin, rasional təfəkkürə alternativ olan, qeyri-dəqiq (ruhani) dərketmənin xüsusiyyətinin açıqlanmasına ayrılır. Seçilən mövqedən “batin-zahir” düsturu ilə ifadə olunan Şərq konseptual təfəkkürünün və dünyagörüşünün fərqliliyi muğamın yaranmasının idrak-nurlanma ilə şərtləndirilməsinin izlənilməsi ilə izah olunur. Nəticədə, “muğam” sözünün etimologiyası, həmçinin tədqiqat predmetinin özü yeni səpkidə interpretasiya edilir. Monoqrafiya muğam-dəstgahının konseptual məzmunu ilə bağlı bir çox suallara, məsələn, Azərbaycan mədəniyyət irsinin bütün sahələrində geniş təqdim edilmiş həndəsə və rəqəmin konseptuallığı ilə də aydınlıq gətirir. Monoqrafiyada erkən mədəniyyətin məhsulu olan muğamın öyrənilməsində metodoloji “açar” kimi şüurun ehtimal konsepsiyası tətbiq edilir.

Monoqrafiyalar fəlsəfə, musiqişünaslıq, kulturologiya, incəsənət, psixologiya, fenomenologiya və digər elm sahələrinin mütəxəssisləri, araşdırmaçıları və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Adıçəkilən monoqrafiyaların “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı ərəfəsində nəşr olunması xüsusi əhəmiyyət kəsb edir.

Mənbə: Azərtac 

 

HİKMƏTLİ SÖZLƏR