ENG

Bakıda “Qadınlar və qızlar elmdə” beynəlxalq gününə həsr olunmuş konfrans keçirilib

7581
A A A
Fevral 13 2018

Fevralın 12-də Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunda bu qurumun və Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə BMT-nin təsis etdiyi “Qadınlar və qızlar elmdə” beynəlxalq gününə həsr olunmuş konfrans keçirilib.

Tədbirdə Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin qızlar arasında fəallığı ilə seçilən 50 gənc tədqiqatçısı iştirak edib.

Konfransın məqsədi qadın və qızların elmi araşdırmalara cəlb edilməsi prosesində mühüm dəyişikliklərin, elm, texnologiya və innovasiyalarda gender bərabərsizliklərinin səbəblərini müəyyənləşdirmək, qadınların və qızların elmi tədqiqatlara cəlb edilməsi üçün fəaliyyət proqramlarının təşkilini təmin etməkdir.

AZƏRTAC xəbər verir ki, konfransda Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultanzadə ölkənin tarixində, ictimai-siyasi həyatında Azərbaycan qadınlarının rolu, gördükləri işlər, əldə olunan nailiyyətlər barədə məlumat verib. Qeyd edilib ki, ölkəmizin elm və təhsil tarixində xüsusi yeri olan görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyeva, görkəmli şərqşünas alim Aida İmanquliyeva, kimya elmləri doktoru, akademik Rəfiqə Əliyeva, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva kimi qadınlar yeni dövr Azərbaycan elmində önəmli izlər qoyublar.

F.Sultanzadə bildirib ki, “Qadınlar və qızlar elmdə” beynəlxalq günü BMT-nin qərarı ilə 2015-ci ildə təsis edilib və hər il fevralın 11-də dünyanın bəzi ölkələrində geniş qeyd olunur. Həmin günün əhəmiyyətindən danışan mərkəzin direktoru vurğulayıb ki, bununla bağlı Azərbaycanda da müxtəlif tədbirlər keçirilir. Qeyd olunub ki, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi Elmin İnkişafı Fondu ilə artıq iki ildir əməkdaşlıq edir. Bu il üçün bir sıra birgə tədbirlərin təşkili nəzərdə tutulub. Məqsəd gənc nəslin elmə marağının artırılmasıdır. F.Sultanzadə gənc tədqiqatçıların uğurlarından söz açıb, onlara tövsiyələrini verib.

Bakı Dövlət Universitetinin ekoloji kimya kafedrasının müdiri, professor Sevinc Hacıyeva anası, görkəmli kimyaçı alim, Əməkdar Elm Xadimi, “Şöhrət” ordenli akademik Rəfiqə Əliyevanın elmi fəaliyyətindən söz açıb. Bildirilib ki, ömrünün böyük hissəsini bu universitetdə ixtisaslı kadrların hazırlanmasına sərf edən Rəfiqə xanım Əliyeva böyük kimyaçı alim olmaqla yanaşı, Azərbaycanın analitik kimya sahəsində ilk qadın akademiki, bir çox elmi yeniliklərin müəllifi kimi tarixə düşüb. S.Hacıyeva vurğulayıb ki, bu görkəmli alimin elmi məqalələri, əsərləri, dərslikləri elm və təhsilimiz üçün əvəzsiz töhfədir, elmi fəaliyyəti gənc nəslə örnəkdir. O, elmdə ailə xəttini davam etdirdiyini deyib, qadınların hərtərəfli inkişafının reallaşdırılması istiqamətində həyata keçirilən mühüm layihələrdən, Azərbaycanda qadınların elmə, mədəniyyətə və iqtisadiyyata verdiyi dəyərli töhfələrdən söz açıb.

Elmin, təhsilin qadınlar üçün əhəmiyyətini qeyd edən S.Hacıyeva bildirib ki, ölkəmizdə bu sahələrin inkişafına böyük diqqət və qayğı göstərilir. Bu məqsədlə Elmin İnkişafı Fondunun təsis edildiyini söyləyən professor gənc tədqiqatçılara yaradılan şəraitdən faydalanmağı, elmlə ciddi məşğul olmağı tövsiyə edib.

Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev dünyada qadınların elmi uğurlarından, bütövlükdə elmdə gender bərabərliyindən, Azərbaycanda bu sahədəki vəziyyətdən və dövlətin yaratdığı geniş imkanlardan danışıb. Azərbaycan qadınlarının cəmiyyətdə rolunun qədim dövrlərdən başlandığını söyləyən E.Babayev ölkəmizi dünyada tanıdan qadın alimlərimizin fəaliyyətindən söz açıb. O, son illərdə fondun qrant müsabiqələrində layihələrlə iştirak edərək qalib olan qadın alimlərin, xüsusilə də gənc qadın alimlərin sayının daim artdığını vurğulayıb, qadın və qızların elmi fəaliyyətinin dəstəklənməsi üçün səylərin hər zaman davam etdiriləcəyini bildirib.

Gənc tədqiqatçılar Azərbaycanın və dünyanın tanınmış alimləri haqqında təqdimatlarla çıxış ediblər.

Daha sonra “Qadınlar və qızlar elmdə” mövzusunda videoçarx nümayiş olunub.

Elmin inkişafı sahəsində fəallığı ilə seçilən gənc tədqiqatçılar Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin və Elmin İnkişafı Fondunun diplomu ilə təltif ediliblər.

Mənbə: Azərtac

  

HİKMƏTLİ SÖZLƏR