ENG

Elmin İnkişafı Fondunun qrantı ilə çap olunmuş “Basqal” tarixi-etnoqrafik tədqiqatının təqdimatı keçirilib

6004
A A A
Dekabr 09 2017

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) qrant layihəsi çərçivəsində Tofiq Babayev və Tahir Şahbazovun həmmüəllifliyi ilə nəşr edilmiş “Basqal” tarixi-etnoqrafik tədqiqatının təqdimatı olub.

EİF-dən AZƏRTAC-a bildiriblər ki, İsmayıllı rayon mədəniyyət evində keçirilən təqdimat mərasimində fondun icraçı direktoru Elçin Babayev 1989-cu ildə Dövlət Tarix və Mədəniyyət Qoruğu elan edilmiş Basqalın özünün plan-məkan quruluşu, memarlıq xüsusiyyətləri, tarixi abidələri, sənətkarlıq ənənələri ilə orta əsrlər şəhər mədəniyyətinin elementlərini günümüzə qədər çatdıran unikal yaşayış məskənlərimizdən biri olduğunu vurğulayıb. Qeyd olunub ki, Basqal tarixən ipək məmulatı istehsalı, xüsusilə də kəlağayıçılıq sənəti ilə daha çox şöhrət tapıb. Basqallı ustaların nəfis şəkildə hazırladıqları kəlağayılara hələ uzaq keçmişdə Şərq və Avropa ölkələrində böyük maraq olub və bu nadir sənət inciləri Azərbaycanın iqtisadi və ticarət əlaqələrində mühüm rol oynayıb. Onlar zaman-zaman müxtəlif beynəlxalq sərgilərin mükafatçısı olub və bu günədək dünyanın məşhur muzeylərinin dəyərli eksponatları kimi çıxış etməkdədir. Təsadüfi deyil ki, Basqal kəlağayısının simasında Azərbaycan kəlağayısı 2014-cü ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

Vurğulanıb ki, 344 səhifədən ibarət tədqiqat müasir İsmayıllı rayonunun inzibati-ərazi vahidliyinə daxil olan, Böyük Qafqaz sıra dağlarının cənub yamacında – Niyaldağ silsiləsinin ətəklərində yerləşən Basqal qəsəbəsinin tarixi-arxeoloji və etnoqrafik tədqiqinə həsr olunub. Nəşrin elmi redaktoru tarix elmləri doktoru, professor Qafar Cəbiyev, rəyçiləri Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, professor Maya Quliyeva və həmin institutun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Əsəd Əliyevdir. Tədqiqat əsəri 2014-cü il martın 13-də EİF tərəfindən Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçirilib.

Təqdimat mərasimində İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, akademiklər Teymur Bünyadov, Nailə Vəlixanlı, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova, professor Qafar Cəbiyev, kitabın həmmüəlliflərindən Tofiq Babayev çıxış ediblər.

Ədəbiyyat və informatorların məlumatları əsasında yazılmış kitab elmi ictimaiyyət və geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Yurdumuzun bu dilbər guşəsini daha yaxından tanımaq istəyənlər “Basqal” tarixi-etnoqrafik tədqiqat əsərindən faydalana bilərlər.

 

Mənbə: AZƏRTAC

Əlavə link: ismayilli-ih.gov.az

 

HİKMƏTLİ SÖZLƏR