ENG

Elmin İnkişafı Fondu Qlobal Tədqiqat Şurasının üzvü kimi tanınıb

6441
A A A
İyun 07 2017

Beynəlxalq əlaqələrin gücləndirilməsi məqəsdi ilə Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev Qlobal Tədqiqat Şurasının (GRC - Global Research Council) Ümumdünya 6-cı İllik Baş Toplantısında (29 - 31 may 2017-ci il, Ottava şəhəri, Kanada) iştirak edib. Qlobal Tədqiqat Şurası müxtəlif ölkələrin elmi tədqiqatları maliyyələşdirən fondlarının, agentlik və şuralarının rəhbərlərindən təşkil olunmuşdur və adıçəkilən qurumlar arasında beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsini həyata keçirir. Elmin İnkişafı Fondu GRC-nin Kanadada keçirilmiş 6-cı İllik Baş Toplantısında Qlobal Tədqiqat Şurasının beynəlxalq üzvü kimi tanınıb. Bu istiqamətdə işlər Elmin İnkişafı Fondu tərəfindən 2015-ci ildə başlanılmışdır. Yerli təşkilatçıları Kanadanın Təbiət Elmləri və Mühəndislik Tədqiqatları Şurası (NSERC) və Perunun Elm, Texnologiya və Texnoloji İnnovasiya Şurası (CONCYTEC) olan 6-cı İllik Baş Toplantıda aşağıdakı əsas məsələlər müzakirə olunub:

- Qrant verən agentliklər və fondlar arasında potensialın gücləndirilməsi və əlaqələndirmə işi;
- Fundamental tədqiqatlar və İnnovasiyalar arasında dinamik qarşılıqlı əlaqələr.

Baş Toplantıda dünyannın müxtəlif ölkələrindən olan 50-yə yaxın fond, agentlik və şuranın rəhbərləri, Kanadanın Elm Naziri xanım Kirsty Duncan, Kanada parlamentinin üzvləri də iştirak edib, beynəlxalq əməkdaşlığın perspektivləri müzakirə olunub, təcrübə mübadiləsi baş tutub.

Baş Toplantıda GRC-nin 2018-ci ildə Moskva şəhərində keçiriləcək 7-ci İllik Baş Toplantısının gündəliyi müzakirə olunub, GRC-nin yeni prezidenti və icraçı katibi seçilib.

GRC-nin 6-cı İllik Baş Toplantısı çərçivəsində Avropa Regional İclası da keçirilib. Elmin İnkişafı Fondu 2015-ci ildən Qlobal Tədqiqat Şurasının Avropa Regional Bölməsinin üzvüdür. Bu iclasda növbəti GRC Avropa Regional toplantısının İsveçdə keçirilməsi barədə qərar qəbul edilib, gündəlik müzakirə olunub, idarə heyətinə vakant yerə seçki keçirilib.

Baş Toplantıda işçi qruplarda aşağıdakı məsələlər seksiyalar üzrə geniş müzakirə olunub:

- Elmi tədqiqatlar üzrə yaradılmış rəqəmsal verilənlər bazasından alimlərin açıq istifadə imkanları, bu bazaların ümumi standartlara gətirilməsi;
- Akademik ve qeyri-akademik qurumlar (əsasən, sənaye strukturları) arasında əməkdaşlıq çərçivəsində tədqiqat təşəbbüslərinin dizaynı və qiymətləndirilməsi, təcrübə mübadiləsi yolları;
- Beynəlxalq əməkdaşlıq, ikitərəfli və çoxtərəfli birgə proqramlarda iştirak;
- Tədqiqatların idarə olunması alətləri və praktikası, texnoloji platformalar və çoxtərəfli proqramlarda iştirak meyarları;
- Strateji planlaşdırma və bu istiqamətdə ilkin tədbirlərin metodologiyasının hazırlanması, təkrarlanmaların aradan qaldırılması yolları.

Adıçəkilən işçi qrupların iclaslarında iştirakçı ölkələrin təcrübəsini əks etdirən çıxışlar dinlənili, ümumi platforma müzakirə edilib, Elmin İnkişafı Fondu tərəfindən bir sıra təkliflər irəli sürülüb və Azərbaycanın təcrübəsi haqqında qısa məlumat verilib.

Səfər çərçivəsində Kanada Parlamentinin işi, həmçinin Kanadanın Təbiət Muzeyi və Tarix Muzeyi ilə də tanışlıq baş tutub.

Tədbir çərçivəsində Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK), Çin Təbiət Elmləri Fondunun, Koreya Milli Tədqiqatlar Fondunun, Avstriya Elm Fondunun, Gürcüstan Milli Elm Fondunun, İsrail Elm Fondunun, Almaniya Tədqiqat Fondunun, Rusiya Fundamental Tədqiqatlar Fondunun, Norveç Tədqiqat Şurasının rəhbərləri ilə əməkdaşlıq imkanları da müzakirə olunub.

 

Elmin İnkişafı Fondunun icraçı direksiyası

 

HİKMƏTLİ SÖZLƏR