ENG

“Elsevier” nəşriyyatının nümayəndələri ilə Elmin İnkişafı Fondunda görüş keçirilmişdir

2766
A A A
May 10 2013

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunda dünyanın ən iri nəşriyyatlarından biri olan “Elsevier”in Türkiyə və Mərkəzi Asiya ölkələri üzrə menecerləri Ayhan Akanay Saraçoğlu və Yıldız Kıdıraliyeva ilə görüş keçirilmişdir.

Görüşdə Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev Fondun fəaliyyəti haqqında ətraflı məlumat vermiş, A.Saraçoğlu isə öz növbəsində nəhəng informasiya mənbəyi olan “Elsevier”in imkan və üstünlükləri haqqında çıxış etmiş, Azərbaycan alimlərinin 2007-2011-ci illər ərzində elmi fəaliyyətinə dair göstəriciləri haqqında danışmışdır.

Görüşdə Fond ilə “Elsevier” arasında əməkdaşlıq əlaqələrinin inkişafı perspektivləri müzakirə olunmuş, “Elsevier” tərəfindən müntəzəm olaraq Azərbaycan alimləri üçün öyrədici seminar və treninqlərin keçirilməsinə Fondun dəstək verəcəyi razılaşdırılmışdır. Azərbaycan alimlərinin qərbdə nəşr olunan elmi jurnallara göndərilmək üçün hazırladığı məqalələrin tərtibatına kömək məsələsi də müzakirə edilmişdir. Fond və “Elsevier” nümayəndələri nəşriyyatın məlumat bazası əsasında Azərbaycan alimlərinin elmi göstəricilərini müqayisəli şəkildə əks etdirəcək ətraflı hesabat hazırlayacaqlarını  razılaşdırmışlar.

1880-ci ildə Hollandiyada əsası qoyulmuş və hal-hazırda dünyanın nəhəng nəşriyyat evlərindən biri olan “Elsevier” dünya üzrə elmi jurnallarda nəşr olunan məqalələrin təqribən 25%-ni çap edir. Aparıcı elmi-texniki informasiya nəşrçisi olan “Elsevier” 2000-dən çox elmi jurnal buraxır və öz elektron internet portalında 11 milyondan çox elmi məqalə ilə tanış olmaq imkanı yaradır. Nəşriyyat dünyanın 180 ölkəsindən olan 4500-dən yuxarı qurumlara (akademiyalar, elmi-tədqiqat müəssisələri, universitetlər, kitabxanalar və s.) xidmət göstərir. “Elsevier”-in “Science Direct” və “Scopus” kimi mükəmməl elektron xidmətləri və 30 milyona yaxın istifadəçisi vardır.

Elmin İnkişafı Fondunun icraçı direksiyası

 

HİKMƏTLİ SÖZLƏR