ENG

Elmin İnkişafı Fondu tərəfindən “Elm-Təhsil-Sənaye” məqsədli qrant müsabiqəsinin nəticələri açıqlanıb.

5300
A A A
Yanvar 22 2021

“Elm-Təhsil-Sənaye” məqsədli qrant müsabiqəsinin nəticələri açıqlanıb.

Elmin İnkişafı Fondu müxtəlif ölkələrdə fəaliyyət göstərən analoji qurumlarla (fondlarla, agentliklərlə, şuralar ilə) beynəlxalq əlaqələrini genişləndirir və birgə qrant müsabiqələri təşkil edərək keçirir.

Azərbaycan alim və tədqiqatçıların ali təhsil müəssisələrində aparılan təbiət, dəqiq və texniki elmlər sahəsində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən tətbiqi və innovativ xarakterli əhəmiyyətli elmi araşdırma və tədqiqatların daha da yüksək səviyyədə və koordinasiya olunmuş şəkildə dəstəklənməsinə, elmi fəaliyyətin stimullaşdırılması və alim və tədqiqatçılara əlavə yaradıcılıq imkanı yaradılmasına yönəlmiş layihələrin dəstəklənməsi, yeni əməkdaşlıq imkanlarının açılması, elmi təcrübə və bacarıqların mübadiləsi, layihə üzrə qoyulmuş elmi problemlərin həllində onlardan istifadə edilməsidir. “Elm-Təhsil-Sənaye” məqsədli qrant müsabiqəsinin məqsədi isə “Elm haqqında” qanunda (maddə 3) göstərilmiş prioritetlər üzrə təqdim edilən layihələrin, eyni zamanda sənaye problemlərinin araşdırılmasına dair tədqiqatların maliyyələşdirilməsidir.

Müsabiqə çərçivəsində fundamental və tətbiqi xarakterli və 300 000 manatadək maliyyə həcmli layihələrin maliyyələşdirilməsi nəzərdə tutulmuşdur.

Müsabiqədə iştirak etmək üçün layihələr 2020-ci il 06 avqust – 18 sentyabr tarixləri arasında müsabiqəyə daxil olmuşdur. Müsabiqəyə layihələr Elmin İnkişafı Fondunun yaratdığı innovativ texnologiya olan “e- QRANT”- “Qrant layihələrinin Elektron İdarəolunması Sistemi” vasitəsilə təqdim edilmişdir.

Müsabiqədə AMEA təşkilatlarından, ali təhsil müəssisələrindən, nazirliklərin nəzdindəki elmi- tədqiqat qurumlarından alim və mütəxəssislər fərdi qaydada iştirak etmişlər. Sənədlərin qəbulu üçün nəzərdə tutulmuş müddətdə iddiaçılara kömək və sualların cavablandırılması məqsədilə Elmin İnkişafı Fondunda məsləhət vebinarları keçirilmişdir.

Elmin İnkişafı Fondu müsabiqəyə təqdim olunmuş layihələrin elmi ekspertizası işini təşkil etmişdir. Elmin İnkişafı Fondunun icraçı direksiyası, daimi və müstəqil elmi ekspertlər təqdim olunmuş layihələrin cari müsabiqənin elmi prioritetlərinə uyğunluq dərəcəsini müəyyənləşdirmiş, layihələrin elmi səviyyəsini, onların yerinə yetirilməsi imkanlarını və potensialını, gözlənilən elmi nəticələrini, mümkün tətbiq ehtimalını ekspertiza qaydalarına uyğun olaraq xüsusi sistem üzrə qiymətləndirmiş, həmçinin maliyyələşdirilmənin məqsədəuyğunluğu və həcmi barədə rəylər, arayışlar və tövsiyələr hazırlamışdır.

“Elm-Təhsil-Sənaye” məqsədli qrant müsabiqəsi üzrə 8 qalib layihə müəyyənləşdirilmişdir.

Multidissiplinar və tətbiqi xarakterli tədqiqatlara, müxtəlif akademik və təhsil qurumlarından, sahə elmi-tədqiqat institutlarından olan alim və mütəxəssislər tərəfindən yerinə yetirilməsi planlaşdırılan elmi-tədqiqat mövzuları üzrə təqdim olunmuş layihələrə elmi ekspertizanın nəticələri əsasında seçim zamanı üstünlük verilmişdir.

Müsabiqə üzrə qalib layihələr AMEA Geologiya və Geofizika İnstitutu, AMEA Mərkəzi Nəbatat Bağı, AMEA Akademik M.F.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu, AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu, AMEA Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu, Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, AMEA Biofizika İnstitutu, AR Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi, Bakı Ali Neft Məktəbi, Xəzər Universiteti, Baytarlıq Elmi Tədqiqat İnstitutu, Respublika Baytarlıq Laboratoriyası və Azərbaycan Tibb Universitetində yerinə yetiriləcəkdir. Qalib layihələrin hamısı fundamental-tətbiqi xarakterlidir.

4 layihə fizika-riyaziyyat və texnika elmləri üzrə, 1 layihə kimya elmləri üzrə, 1 layihə yer haqqında elmlər üzrə və 2 layihə biologiya, tibb və aqrar elmləri üzrə qalib olmuşdur. Qalib layihə rəhbərlərindən 1-i qadındır.

Qalib layihələr 2021-ci ildən başlayaraq maliyyələşdiriləcəkdir.

Müsabiqənin nəticələri ilə www.sdf.gov.az internet səhifəsində tanış olmaq olar.

 

Elmin İnkişafı Fondunun mətbuat xidməti

HİKMƏTLİ SÖZLƏR