ENG

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib

3067
A A A
Oktyabr 10 2020

Oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib.

Prezident İlham Əliyevin xalqa müraciəti

-Əziz həmvətənlər.

Bu gün müzəffər Azərbaycan Ordusu bir neçə yaşayış məntəqəsini işğaldan azad edib. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

İşğaldan azad edilmiş yaşayış məntəqələrinin adlarını sizin diqqətinizə çatdırmaq istərdim: Hadrut qəsəbəsi, Çaylı kəndi, Yuxarı Güzlək kəndi, Gorazıllı kəndi, Qışlaq kəndi, Qaracallı kəndi, Əfəndilər kəndi, Süleymanlı kəndi, Sur kəndi.

Bu kəndlərin və Hadrut qəsəbəsinin işğaldan azad edilməsi tarixi qələbəmizdir. Azərbaycan işğal altında olan torpaqları işğaldan azad edir. Demək olar ki, hər gün cəbhədən xoş xəbərlər gəlir. Hər gün bizim əsgər və zabitlərimiz döyüş tapşırıqlarını şərəflə yerinə yetirirlər. Eyni zamanda, strateji yüksəklikləri götürərək daha əlverişli mövqelərə sahib olurlar. Beləliklə, əməliyyat planı tam icra edilir, əməliyyat planı müasir döyüş prinsiplərinə əsaslanır. Azərbaycan Ordusu həm maddi-texniki təchizat baxımından, eyni zamanda, döyüş hazırlığı baxımından bu gün döyüş meydanında tam üstünlüyə sahib olubdur.

Bu gün aparılan döyüşlərdə düşmənin hərbi texnikası böyük dərəcədə məhv edilmişdir və eyni zamanda, hərbi qənimət götürülmüşdür. Deyə bilərəm ki, sentyabrın 27-dən bu günə qədər bütövlükdə Ermənistan Ordusuna çox böyük zərbə vuruldu. Mən, sadəcə olaraq, Azərbaycan Ordusu tərəfindən məhv edilmiş və hərbi qənimət kimi götürülmüş Ermənistanın hərbi texnikasının siyahısını sizin diqqətinizə çatdırmaq istərdim. Ermənistanın itkiləri ilə əlaqədar məlumat verirəm: 16 komanda məntəqəsi məhv edildi, 196 tank məhv edildi, 38 BM-21, 1 “Uraqan”, 10 özüyeriyən artilleriya qurğusu, - onlardan 8-i “Akasiya”, 2-si “Qvozdika”, - 36 piyadaların döyüş maşını, 24 artilleriya batareyası, 2 RM və ya hava hücumuna qarşı müdafiə vasitəsi, 2 “S-300” kompleksinin buraxıcı qurğusu, 25 OSA zenit-raket kompleksi, 2 KUB zenit-raket kompleksi, 4 “Repelend” radio-texniki maneə vasitəsi, 136 top, 56 minaatan, 1 TOS-1A odsaçan sursatı, 2 radiolokasiya stansiyası, 1 “Kalçuqa” anteni.

Qənimət kimi götürülmüş hərbi texnika aşağıdakı kimidir: 18 tank, 4 top, 22 piyadaların döyüş maşını, 12 minaatan, 4 UAZ maşını, 1 ekskavator, 27 “İqla” kompleksi, 1 ZİL maşını, 9 QAZ maşını.

Onu da bildirməliyəm ki, düşmənin əlində Azərbaycan Silahlı Qüvvələrinə məxsus olan bir dənə də hərbi texnika yoxdur. Düşmən öz xalqına nağıllar danışır, yalan danışır. Faktları saxtalaşdırır, öz xalqını aldatmaq istəyir, beynəlxalq aləmi aldatmaq istəyir ki, guya onlar hücuma keçirlər, onlar bizim bəzi mövqelərimizi geri alıblar. Hamısı yalandır. Döyüşlərin obyektiv müşahidə mənzərəsi var və istənilən hərbi mütəxəssis görə bilər ki, bu gün Azərbaycan Ordusu döyüş meydanında qələbə əldə edibdir. Azərbaycan Ordusu öz üstünlüyünü göstərir. Azərbaycan əsgər və zabiti yüksək mənəvi psixoloji keyfiyyətlər göstərir, mənəvi ruh göstərir. Çünki biz öz torpağımızda vuruşuruq, öz torpaqlarımızı azad edirik. Ermənistanın əsgərləri işğalçılardır. Döyüş gedən torpaq onların torpağı deyil. Onlar mövqeləri qoyub qaçırlar. Baxmayaraq ki, 30 il ərzində təmas xətti boyunca və bir neçə xətt üzrə dərin eşelonlanmış müdafiə sistemi qurulub. Mühəndis-istehkam qurğuları qurulub. Onları yarmaq, onları keçmək çox çətindir. Bəzi hallarda bəzi istehkamları keçmək üçün bizə bir neçə gün lazım olur. Eyni zamanda, biz bütün işləri elə aparırıq ki, az itkilər verək. Ona görə bəzi hallarda müxtəlif istiqamətlər üzrə mövqelərimizdə möhkəmlənib, ondan sonra yeni əməliyyat üçün hazırlıq işləri də görürük ki, maksimum nəticə, minimum itki olsun.

Bu gün işğaldan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Bu gün Azərbaycan əsgərləri bizim işğal edilmiş torpaqlarda ermənilərin qazdıqları səngərlərdə keşik çəkirlər - onlar bizim yox, biz onların səngərlərində, biz onların postlarında, biz onların tanklarında. Qənimət kimi götürülmüş o hərbi texnikadan indi biz istifadə edirik - 18 tank. Onların tankları indi döyüş meydanında onlara qarşı vuruşur. Budur Azərbaycan Ordusunun üstünlüyü, bizim üstünlüyümüz. Bu gün açıq informasiya məkanında, internetdə göstərilir, necə dəqiq, sərrast atəşlərlə düşmənin canlı texnikası məhv edilir.

Düşmən panikadadır, düşmən isterikaya qapılıb. Düşmən ölkənin rəhbərliyi tamamilə özünü itirmiş vəziyyətdədir. Müxtəlif ölkələrə, müxtəlif ölkələrin dövlət-hökumət başçılarına müntəzəm olaraq zəng edir, dəfələrlə, gündə bir neçə dəfə yardım istəyir, imdad diləyir, yalvarır. Onların ayağının altına yıxılır. Özünü alçaldır ki, gəlin, bizi xilas edin. Onların xilasının yeganə yolu budur ki, torpaqlarımızdan çıxsınlar. Biz dəfələrlə bunu demişik, öz xoşunuzla çıxın bizim torpaqlarımızdan. BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirin, yoxsa, peşman olacaqsınız. Hesab edirsiniz ki, Azərbaycan bu vəziyyətlə barışacaq? Barışmayacaq, dəfələrlə demişəm. Hesab edirdiniz ki, Azərbaycan xalqı bu təhqirlərlə barışacaq? Barışmayacaq, dəfələrlə demişəm. Amma bizim torpaqlarımızda oturub, bizim müqəddəs torpağımızı zəhərləyib sonra da bizə qarşı iddia qaldırasan - qudurğanlığın dərəcəsinə baxın. Biz onları yerinə oturtduq. Biz onlara yerlərini göstərdik. Biz onları elə qovuruq ki, onlar bu sprinti heç vaxt yaddan çıxarmayacaqlar.

Bu gün bütün cəbhə boyu döyüşlər gedir. Azərbaycan bütün istiqamətlər üzrə mövqelərini möhkəmləndirir və biz işğalçını, təcavüzkarı sülhə məcbur edirik. Bu əməliyyatın əsas məqsədi də budur. Biz onlara göstərdik ki, döyüş meydanında da, beynəlxalq müstəvidə də, siyasi meydanlarda da biz qalib gəlirik. Onlar bizim gücümüzü gördülər, bizim iradəmizi gördülər. Onlar gördülər ki, dünyada heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. Kimə yalvarırsan yalvar, kimin ayağının altına yıxılırsan yıxıl, kimin dabanlarını yalayırsan yala, heç kim bizə təsir edə bilməz! Biz haqq yolundayıq, biz qalib gəlirik, biz zəfər çalırıq və biz öz torpaqlarımızı geri alacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik!

Amma işğalçıya bəlkə də sonuncu dəfə şans veririk ki, çıxın bizim torpaqlarımızdan. Çıxın, öhdəlik götürün, danışıqlara qayıdın, danışıqların formatına qayıdın. Yoxsa, Ermənistanın baş naziri özünü nə hesab edir? Bizimlə bu tərzdə danışmaqmı olar? İndi biz ona yerini göstərdik. “Qarabağ Ermənistandır” deməklə Qarabağ heç vaxt Ermənistan olmayacaq. İndi görüm necə deyir “Qarabağ Ermənistandır”. Səsini belə çıxara bilmir.

İndi məcbur olub onların xarici işlər naziri Moskvaya danışıqlara gəlib. Gəlsin, orada desin “Qarabağ Ermənistandır”. Əgər belə bir şey desə, heç bir danışıqlardan söhbət gedə bilməz. Mən bunu demişəm, heç kim bizi məcbur edə bilməz. Deyirdi ki, biz kriminal “Dağlıq Qarabağ respublikası”nın quldur başçısı ilə danışıqlar aparmalıyıq. Biz heç vaxt buna razı ola bilmərik və bu heç vaxt olmayacaq. Ona görə, dünən və srağagün siyasi müstəvidə baş vermiş hadisələr onu göstərir ki, Ermənistan rəhbərliyi nəhayət başından böyük zərbə alandan sonra dərk etməyə başladı ki, o ancaq bizim şərtlərlə oturub duracaq. Biz nə desək, o da olacaq. Şans veririk ki, danışıqlar yolu ilə, sülh yolu ilə torpağımızdan çıxsın. Onsuz da biz bu torpaqlara qayıdacağıq. Onsuz da biz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Bütün dünya bunu gördü, o cümlədən Ermənistan bunu gördü. Biz istəyirik ki, qan tökülməsin. Biz istəyirik ki, şəhidlər olmasın. Biz öz torpaqlarımızı istəyirik. Çıxın gedin bizim torpağımızdan, rədd olun bizim torpağımızdan! Gedin öz ölkənizdə yaşayın. Amma biz torpağımızı geri alacağıq. Ona görə bu tarixi şansı onlar qaçırmamalıdır.

Bu gün Moskvada keçiriləcək görüş, hesab edirəm ki, bir çox şeylərə aydınlıq gətirəcək. Onlar baza prinsiplərini qəbul etməlidirlər. Halbuki Paşinyan demişdi ki, o, onları qəbul etmir. Demişdi ki, Azərbaycana bir qarış torpaq verməyəcəyəm. Nə oldu bəs?! Gəl tut o işğal edilmiş torpaqları. Bəs, verməyəcəkdin? Nə oldu verdin? Nə oldu qaçdın? İndi gedirsən onun-bunun dabanını yalaya-yalaya, özünü alçalda-alçalda öz xalqını alçaldırsan. Öz ölkəni sıfıra bərabər etmisən. Demişdi ki, verməyəcəkdi bu torpaqları. Kimdir səndən soruşan, verəcəksən ya verməyəcəksən?! Gəldik götürdük, vəssalam. Götürəcəyik, nə qədər lazımdır, istəsək artıqlaması ilə. Necə ki, iyul ayında götürə bilərdik. Mən bunu demişdim. İyul ayında biz rahatlıqla Ermənistan ərazisinə keçə bilərdik, orada da torpaqları zəbt edə bilərdik. Heç kim bizim qabağımızı ala bilməzdi. Bu döyüşlər onu göstərir. Eləmədik bunu, qoymadım mən. Halbuki bizim hərbçilərimiz artıq hazır idi buna. Qoymadım. Çünki siyasi iradə var. Biz qanunlar çərçivəsində fəaliyyət göstəririk. Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur. Amma öz torpağımızı heç kimə verməyəcəyik. Bəs, nə oldu, Paşinyan? Deyirdin ki, “Dağlıq Qarabağ respublikası” o cümlədən işğal edilmiş bütün torpaqları əhatə edir. Bəs, gəl müdafiə et bunları. Niyə qaçırsan Moskvaya? Niyə zəng vurursan, dünya liderlərinin beynini xarab edirsən? Daha kim qaldı ki, zəng etməsin. Kim qaldı ki, zəhləsini tökməsin. Bir məsləhət verərdim ki, bəlkə şamanlara zəng etsin. Onlar ona kömək etsin. Ya da ki, hansısa uzaq adada yaşayan bir qəbilə başçısına zəng etsin, o, onun canını qurtarsın. Necə deyərlər, lətifə personajına çevrilib. Açın, sosial şəbəkələrə baxın, lağa qoyurlar, ələ salırlar, lətifələr qoşurlar. Öz ölkəsini bu qədər rəzil edən, bəlkə də dünya miqyasında ikinci adam olmayıb. Nəyə görə? Çünki gəlib başqasının torpağında oturub, o torpaqdan çıxa bilmir.

Ona görə mən Azərbaycan xalqına üz tutub deyirəm, biz torpaqlarımızı geri alacağıq. Mən xatırlayıram, Dağlıq Qarabağda qanunsuz oturan və oradan çıxarılacaq dəstə başçısı Şuşa şəhərində özünə “andiçmə” mərasimi keçirmişdir. O vaxt bu Azərbaycan cəmiyyətində böyük rezonans yaratdı, yəni, çox böyük təsir etdi. Biz bunu təhqir kimi qəbul etdik - biz hamımız, istisnasız. Yadımdadır, mənə də çağırışlar olmuşdur ki, biz buna imkan verməməliyik, biz oranı bombalamalıyıq, oranı dağıtmalıyıq. Əlbəttə ki, mən buna gedə bilməzdim. Çünki bizim müharibəmiz mülki vətəndaşlarla deyil. Ermənistandan fərqli olaraq, biz mülki vətəndaşları atəşə tutmuruq. Ancaq biz bunu unutmamışıq. İndi getsin onun and içdiyi mərasimin keçirildiyi binaya baxsın. Nə gündədir o!

Biz nəyi nə vaxt edəcəyimizi yaxşı bilirik. Ona görə də bu gün bizim uğurlu əməliyyatımız böyük nəticələrə gətirib çıxardı. Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Azərbaycan xalqı mənə inanır. Mən də bu inama arxalanaraq bütün lazımi tədbirləri görürəm, ölkəmizi inamla idarə edirəm, bütün sahələrdə, o cümlədən hərbi quruculuq sahəsində.

Bir məsələyə də toxunmaq istəyirəm. Azərbaycan xalqı da bunu vasitəçilərdən, bəzi beynəlxalq təşkilatların rəhbərlərindən dəfələrlə eşidib ki, bu münaqişənin hərbi həlli yoxdur. Mən isə demişdim ki, bu tezislə razı deyiləm və mən haqlı çıxdım, mən! Otuz ilə yaxındır danışıqlar aparılır. Bir məsələ yerindən tərpəndi? Bir santimetr torpaq bizə danışıqlar yolu ilə verildi? Təcavüzkarı məcbur etdilərmi ki, bizim torpağımızdan çıxsın, BMT Təhlükəsizik Şurasının qətnamələrini yerinə yetirsin? Yox. Bəs, bu məsələ indi necə həll olunur? Bu, hərbi yol deyilmi? Məhz hərbi yolla bu məsələ həll olunur. Hərbi, ondan sonra siyasi. Bu əməliyyat olmasaydı, biz təcavüzkara lazımi zərbələr endirməsəydik, onların dərsini verməsəydik, indi o qaçardımı Moskvaya danışıqlar aparmaq üçün?! Oturacaqdı özündən razı, deyəcəkdi ki, torpaqları vermirik. Biz məcbur etdik onları. Biz onları elə günə saldıq ki, indi gizlənməyə deşik axtarırlar, tapa bilmirlər. Oturublar, siçan kimi ağzına su alıb susurlar. Bəs, hanı sənin hikkən?! Hanı sənin təkəbbürün?! Hanı sənin “qəhrəmanlığın”?! Deyirdin “Qarabağ Ermənistandır”. Qarabağ Azərbaycandır. Bunu hamı bilməlidir, o cümlədən bu gün Ermənistanın başında oturanlar da bilməlidir. Mən onlara bir daha deyirəm, əgər Moskva danışıqlarından sonra yenə də saxtakarlıq edəcəklərsə, özləri peşman olacaqlar. Biz torpaqlarımızı geri alacağıq - sülh yolu ilə, ya da ki, müharibə yolu ilə. Birmənalı! Biz istəyirik ki, sülh yolu ilə bunu təşkil edək, sülh yolu ilə bunu alaq. Ermənistana axırıncı şans veririk, axırıncı şans! Heç kimə ümid bağlamasın. Heç kim onlara kömək etməyəcək. Bizim qabağımızda Ermənistan acizdir. Bizim qabağımızda Ermənistan diz çöküb. Bizim şəhidlərimizin ruhu qarşısında biz onları diz çökdürmüşük. Şəhidlərimizin qanı yerdə qalmayıb. Mən dəfələrlə şəhid ailələrinin nümayəndələri ilə, şəhid valideynləri ilə görüşlərdə demişdim ki, biz onların qisasını alacağıq. Bizim şəhidlərimizin qanı yerdə qalmayacaq və qalmır. Biz qan istəmirik. Biz istəyirik torpaqlarımız bizə verilsin. Verilsin, uzatmasınlar məsələni. Status-kvo deyilən məsələ yoxdur, qurtardı getdi. Status-kvo belə olmalıdır, elə olmalıdır. Mən dəyişdirdim status–kvonu, dəyişdirdim! Bax, orada, döyüş meydanında. Yoxdur status-kvo. Təmas xətti, yoxdur təmas xətti. Yarmışıq onu. Onlar 30 il idi ki, qururdular bu təmas xəttini. Özü də o bölgənin relyefi təbii istehkamdır. Biz aşağıdan yuxarı gedirik. Özü də 30 il ərzində orada beton istehkamlar qurulub. Yarıb keçmişik. Azərbaycan əsgərinin qabağında heç kim heç nə edə bilməz. Biz bu gün o təmas xəttini darmadağın etdik. Yoxdur təmas xətti. İndi deyirlər yeni təmas xətti olacaq. Olmayacaq! Biz torpaqlarımızı geri alacağıq. Hansı təmas xəttindən söhbət gedə bilər?! Yoxdur bu, biz dağıtmışıq, biz etmişik, iradə göstərmişik, güc göstərmişik, xalqımızın iradəsinə arxalanmışıq və bu gün qələbə çalırıq. Tarixi qələbə çalırıq! Bu qələbə Azərbaycan xalqının əldə etdiyi qələbələr arasında ən parlaq qələbədir. Gələcəkdə bu qələbələr davam edəcək. Biz torpaqlarımızı azad edəcəyik, ərazi bütövlüyümüzü bərpa edəcəyik! Düşməni ondan sonra da qovacağıq. Mən bilirəm ki, Azərbaycan xalqı mənim bu sözlərimi bəyənibdir. Qovacağıq onları axıra qədər. Bayrağımız işğal edilmiş bütün torpaqlarda qaldırılacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək. Yaşasın Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!

Link: president.az

 

HİKMƏTLİ SÖZLƏR