Oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib.
Prezident İlham Əliyevin xalqa müraciəti
-Əziz həmvətənlər.
Bu gün Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun doqquz kəndi işğaldan azad edildi. Bu tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.
Cəbrayıl rayonunun və işğal olunmuş digər ərazilərin azad edilməsində fəal iştirak etmiş bütün əsgər və zabitlərimizi ürəkdən təbrik edirəm. Onların qəhrəmanlığı, şücaəti nəticəsində bu gün bizim doğma torpaqlarımız bizə qayıdıb. Bu qanlı döyüşlərdə həlak olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, yaralı hərbçilərimizə Allahdan şəfa diləyirəm.
Uzun illərdən sonra Cəbrayıl şəhəri azad edildi. Cəbrayıl bizimdir!
Dörd il bundan əvvəl Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi yenidən qurulmağa başlamışdır. Uğurlu əməliyyat nəticəsində azad edilmiş yüksəkliklər imkan verdi ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə sakinlər qayıtsınlar. Gözəl qəsəbə saldıq. Qəsəbənin açılışında demişdim ki, Cocuq Mərcanlı bizim yenilməz iradəmizin rəmzidir. Cocuq Mərcanlı onu göstərir ki, heç vaxt Azərbaycan xalqı işğalla barışmayacaq və bizim işğal edilmiş digər torpaqlara qayıdışımız məhz Cocuq Mərcanlıdan başlamışdır. Hesab edirəm ki, bu gün Cəbrayıl rayonunun böyük hissəsinin və Cəbrayıl şəhərinin azad edilməsi xüsusi əhəmiyyət daşıyır.
Bilirsiniz, bir həftədir ki, Azərbaycan öz ərazi bütövlüyünün bərpası uğrunda mübarizə aparır. Döyüş meydanında əsgər və zabitlərimiz qəhrəmanlıq göstərir, düşmənə sarsıdıcı zərbələr endirir, düşməni yerinə oturdur, düşməni torpaqlarımızdan qovur, canı-qanı bahasına. Bu şərəfli missiya tarixdə öz yerini tapacaqdır.
Biz bu gün xalqımızın və dövlətimizin yeni tarixini yazırıq, şanlı tarixini yazırıq. Biz bu gün tarixi ədaləti bərpa edirik. Çünki Qarabağ torpağı bizim əzəli tarixi torpağımızdır. Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, yaradıb, qurub, tikib. Ancaq uzun illər ərzində - 30 ilə yaxındır ki, erməni cəlladları torpağımızı işğal edib, bizim bütün tarixi, dini, mədəni abidələrimizi darmadağın edib dağıdıblar.
Biz bütün şəhərləri bərpa edəcəyik. Ermənilər tərəfindən dağıdılmış bütün məscidlərimizi bərpa edəcəyik. Bu bölgələrə həyat qayıdacaq. Biz ermənilər tərəfindən bizim tarixi adlarımızı dəyişdirib tarixi saxtalaşdırmaq, eyni zamanda, Azərbaycan xalqının tarixi-mədəni irsini silmək cəhdlərinə son qoyduq. Bizim yaşayış məntəqələrinin tarixi adları bərpa edilir və bərpa ediləcəkdir.
Biz öz torpağımızda döyüşürük, vuruşuruq. Bizim ərazi bütövlüyümüz bərpa edilməlidir və biz haqq yolundayıq. Bizim əsgərimiz xilaskar əsgərdir. Çünki öz doğma dədə-baba torpağını işğalçılardan azad edir.
Bu gün cəbrayıllılar, əlbəttə ki, sevinc içindədirlər, necə ki, bütün Azərbaycan xalqı. Dünən bizim qədim yaşayış yerimiz – Suqovuşan qəsəbəmiz işğaldan azad edildi. Bütün Azərbaycan xalqı bu tarixi hadisəni qeyd edirdi, bir-birini təbrik edirdi, göz yaşlarını saxlaya bilmirdi. Bu, sevinc göz yaşlarıdır. 1990-cı illərin əvvəllərində də Azərbaycan göz yaşlarını töküb. Ancaq o, məğlubiyyət göz yaşları idi, o, faciə göz yaşları idi.
Bu gün Azərbaycan xalqı sevinc içindədir. Cəbrayıllılara və bütün Azərbaycan xalqına bu gün azad edilmiş yaşayış məntəqələrinin adlarını sadalamaq istərdim. Bu gün şanlı Azərbaycan Ordusu aşağıdakı yaşayış məntəqələrini azad edib: Cəbrayıl şəhəri, Karxulu kəndi, Şükürbəyli kəndi, Yuxarı Maralyan kəndi, Çərəkən kəndi, Daşkəsən kəndi, Horovlu kəndi, Decal kəndi, Mahmudlu kəndi, Cəfərabad kəndi.
Bu kəndlərin sakinləri, sizə müraciət edirəm, sizin həsrətinizə son qoyulur və bizim digər bütün qaçqın, köçkün soydaşlarımız bilsinlər ki, biz onları da onların dədə-baba torpaqlarına qaytaracağıq. Güc yolu ilə! Biz istəyirdik ki, bu məsələ danışıqlar yolu ilə həll olunsun, səbir göstərirdik. Danışıqlarda həmişə ədalətli mövqedə olmuşuq, bizə mənsub olanı istəmişik. Başqasının torpağında heç vaxt gözümüz olmayıb. Amma demişik ki, bu, bizimdir, xalqımızındır, millətimizindir, bizə qayıtmalıdır, danışıqlar yolu ilə qayıtmalıdır. Amma bu danışıqlar faktiki olaraq münaqişənin dondurulmasına gətirib çıxarmışdır. Yəni, buna hesablanmışdır. Otuz il ərzində danışıqlar gedə bilərmi?! Otuz il ərzində Azərbaycan xalqını belə vəziyyətdə saxlamaq olarmı?! Otuz il ərzində biz ümidlə yaşayırdıq ki, beynəlxalq birlik bu məsələni həll edəcək. Bu məsələnin həlli ilə məşğul olan ölkələr, beynəlxalq təşkilatlar öz sözünü deyəcək. Dünyanın ən ali beynəlxalq orqanı – BMT Təhlükəsizlik Şurası öz qətnamələrinin yerinə yetirilməsi üçün səy göstərəcək. Bu qətnamələr 27 ildir kağız üzərindədir. İyirmi yeddi il ərzində biz bütün dövrlərdə - danışıqların bütün dövrlərində konstruktiv mövqe göstərmişdik, ədalətli mövqe göstərmişdik. Ancaq bunun müqabilində nə gördük? Təcavüzkar daha da azğınlaşıb. Təcavüzkarın tamahı daha da böyüyüb, bizim dədə-baba torpağımıza göz dikib. Nəticədə işğal edilmiş bütün torpaqları qondarma “Dağlıq Qarabağ respublikası”na aid edib, yeni xəritələr dərc edib və bu xəritələrdə işğal edilmiş bütün ərazilər Dağlıq Qarabağ kimi təqdim edilir. Ondan sonra nə oldu? Ondan sonra bəyan etdilər ki, bir qarış torpağı Azərbaycana qaytarmayacağıq.
Biz demişdik ki, axı bu, danışıqlar predmetinə zidd olan məsələdir. Axı danışıqlarda bizim əsas ümidverici məqamımız o idi və orada göstərilirdi ki, işğal edilmiş torpaqlar mərhələli yollarla Azərbaycana qaytarılacaq. Biz də buna razılıq vermişdik ki, mərhələli yollarla qaytarılsın, sülh yolu ilə qaytarılsın. Bir mərhələdə 5 rayon qaytarılsın, ikinci mərhələdə 2 rayon qaytarılsın, sonra azərbaycanlılar Dağlıq Qarabağa qayıtsınlar, Şuşaya qayıtsınlar, ondan sonra Azərbaycan və erməni xalqları birlikdə yaşasınlar, necə ki, vaxtilə biz yaşamışıq. Bu, ədalətli mövqedir. Bu, beynəlxalq hüququn bütün normalarına uyğun olan bir mövqedir. Biz nə istəmişik ki? Bunu istəmişik və buna haqqımız çatırdı və çatır. Amma nə gördük?! Gördük ki, Azərbaycan xalqının iradəsini sındırmaq istəyirlər. Gördük ki, bizə qarşı yeni müharibə açılır, bizi yeni müharibə ilə hədələyirlər. Gördük ki, iyul ayında heç bir səbəb olmadan bizim Tovuz şəhərimiz və digər yaşayış məntəqələrimiz atəşə tutuldu, hərbçilərimiz həlak oldu, mülki vətəndaş həlak oldu. Gördük ki, avqust ayında diversiya qrupu göndərildi və o diversiya qrupunun başçısı zərərsizləşdirildi, saxlanıldı. İndi ifadələr verir, deyir göndərilib ki, terror aktları törətsin. Budurmu danışıqlar prosesinə sadiqlik?! Sonra isə, Ermənistanın baş naziri cəfəng fikirlər ortaya atır, tarixi saxtalaşdırır, öz xalqını, beynəlxalq ictimaiyyəti aldatmağa çalışır. Bir il bundan əvvəl o, “Qarabağ Ermənistandır və nöqtə” deməklə bütün danışıqlar prosesinə zərbə vurdu, onu mənasız etdi. Danışıqların formatını dəyişdirmək cəhdləri – “Qondarma, oyuncaq xunta rejimi ilə Azərbaycan danışıqlar aparmalıdır” sözləri danışıqlar prosesinə tamamilə ziddir. Adekvat cavab aldımı? Mən Minsk qrupunun həmsədr ölkələrinə, həmsədr olan səfirlərə, digər beynəlxalq təşkilatlara, Avropa İttifaqının nümayəndələrinə dəfələrlə demişdim ki, Ermənistana təsir edin, sanksiyalar tətbiq edin, təzyiq edin. Belə olmaz. Əgər güclü təsir olmasa, Ermənistan daha da azğınlaşacaq, daha da quduracaq, yeni iddialar ortaya atacaq. Eşitmədilər məni. Mən istəyirdim bu məsələ sülh yolu ilə həll olunsun. Eşitmədilər. Hesab edirdilər ki, Azərbaycan xalqı və mən – Azərbaycan Prezidenti bu vəziyyətlə barışacağam?! Hesab edirdilər ki, bizim müqəddəs şəhərimiz olan Şuşa erməni tapdağında qalacaq, mən bununla barışacağam?! Azərbaycan xalqının tarixinə zərbə vuran erməni cəlladları ilə biz danışıqlarmı aparmalıyıq? Azərbaycan xalqı təhqir edildi, Şuşada qondarma rejimin başçısı özünə “andiçmə mərasimi” keçirmişdir. Baxım görüm, indi andiçmə mərasimi harada keçiriləcək, yas mərasimini keçirəcək! İndi qaçıb siçan kimi gizlənib. Çıxsın ortalığa! Ermənistanın baş naziri gedib Şuşada, Cıdır düzündə rəqs edir, hesab edir ki, biz bununla barışacağıq?! Səhv edir! Heç vaxt biz bununla barışmayacağıq. Qondarma “Dağlıq Qarabağ respublikası”nın parlamentinin Şuşaya köçürülməsi nə deməkdir?! Yenə də Azərbaycan xalqını təhqir etmək cəhdidir. Cəbrayıla Ermənistandan yeni yolun çəkilməsi nə deməkdir?! O deməkdir ki, orada qanunsuz məskunlaşma aparılacaq. Artıq Livandan, başqa yerlərdən erməniləri gətirirlər, köçürürlər bizim qədim şəhərimizə, Şuşada yerləşdirirlər, televiziyada göstərirlər, beynəlxalq konvensiyaları pozurlar, Cenevrə Konvensiyasını tapdalayırlar. Bunlara söz deyən var?! Tapşırıq vermişəm bütün bizim xarici diplomatik orqanlara – məsələ qaldırın, BMT-də, ATƏT-də, Avropa İttifaqında, başqa təşkilatlara, deyin ki, bu, qanunsuzdur! Qanunsuz məskunlaşma cinayətdir! Buna reaksiya oldu?! Minsk qrupu bir açıqlama verdimi?! Vermədi! Avropa İttifaqı verdimi?! Vermədi! Dedi ki, bu, bizi maraqlandırmır. Maraqlandırmırsa, indi də maraqlandırmasın. İndi nə əl-ayağa düşmüsünüz? İndi nə hoqqalardan çıxırsınız? Azərbaycana qarşı iftiralar irəli sürülür, bəzi ölkələr, Avropa ölkələri bizi ittiham edirlər. Getsinlər güzgüyə baxsınlar. Bu ittihamların heç bir əsası yoxdur ki, kimsə imkan verməz Azərbaycan Dağlıq Qarabağı fəth etsin. Dağlıq Qarabağ bizimdir, bizim torpağımızdır, biz oraya qayıtmalıyıq, qayıdırıq və qayıdacağıq!
Ona görə indiki vəziyyətdə birinci günahkar Ermənistan rəhbərliyidir. Eyni zamanda, bu məsələyə biganə yanaşan və daim Ermənistanın tərəfini saxlayan və bu işğalı əbədi etmək istəyən bəzi ölkələrin dairələridir. Azərbaycan özü bu məsələni həll edir və mən 27 sentyabr hadisələrindən əvvəl Ermənistana demişdim, gəl, təkbətək vuruşaq. Baxaq kim-kimdir! İndi nə oldu? Paşinyan hər gün bir dünya liderinə zəng edir. Hər gün! Mən heç kimə zəng etməmişəm, heç bir liderə zəng etməmişəm. Təmaslarım olub, mənə zəng ediblər. Amma o, adam qalmayıb ki, zəng etməsin, yalvarmasın, emissar göndərməsin, ağlamasın, onların ayağına yıxılmasın. Bax budur bunun sonu. Əgər bizimlə normal dildə danışsaydı, bizim müqəddəs şəhərimizi mundarlamasaydı, əlbəttə, biz ümidlərlə yaşayıb çalışardıq ki, bu məsələ danışıqlar yolu ilə həll olunsun. Amma hər addım təxribat, hər addım təhqir və hesab edir ki, biz bununla barışacağıq?! İndi biz göstərdik kim-kimdir. İti qovan kimi qovuruq onları! Azərbaycan əsgəri onları iti qovan kimi qovur! İşğal edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırılır! Onların səngərlərində Azərbaycan əsgəri dayanır! Onların postları bizim əlimizdədir! Onların tanklarını biz sürürük! Onların digər silahlı texnikaları bizim əlimizdədir, yük maşınları bizim əlimizdədir! Biz xilaskar missiyamızı icra edirik və edəcəyik!
Ermənistan rəhbərliyi yaxşı düşünsün, hələ ki, gec deyil. Bizə yeddi şərt irəli sürür. Sən kimsən ki, bizə şərt qoyasan?! İndi baxım görüm nə şərt qoyursan bizə! Yıxılıb diz çöküb yalvarırsan ki, atəşkəs bərpa olunsun. Atəşkəs Ermənistanın baş nazirinin xahişi ilə 2 il ərzində bərpa olunmuşdu. Məndən xahiş etmişdi ki, daxildə vəziyyət ağırdır, oradan-buradan məni sıxırlar, mənə vaxt verin, mən bu məsələni həll edəcəyəm, mən yeni fikirlərlə gəlmişəm. Mən keçmişdə nə olub hamısının üstündən xətt çəkmişəm, imkan verin, vaxt verin. Dedim yaxşı. Nə oldu? Bir ildən sonra çıxış edib deyir ki, “Qarabağ Ermənistandır”. İndi desin “Qarabağ Ermənistandır”. İndi mənə olan zənglər və zənglər əsnasında gedən söhbətlər əlbəttə ki, konfidensial xarakter daşıyır və bəzi hallarda indi soruşurlar bəs, sizin şərtiniz nədir? Mənim şərtim birdir - çıxsın bizim torpaqlarımızdan, çıxsın, qarşıdurma dayansın. Amma sözdə yox, əməldə. Desin ki, mən Azərbaycanın ərazi bütövlüyünü tanıyıram, necə ki, baza prinsiplərində bu, təsbit edilib. Desin ki, mən işğal edilmiş torpaqlardan qoşunlarımızı çıxaracağam, necə ki, baza prinsiplərində bu, təsbit edilib. Desin ki, mən Azərbaycan xalqından üzr istəyirəm və desin ki, Qarabağ Ermənistan deyil. Sonuncu şərt budur ki, qrafik versin, işğal edilmiş torpaqlardan erməni silahlı qüvvələrinin çıxarılması cədvəli verilsin bizə. Onda biz əlbəttə ki, atəşkəs rejimini bərpa edəcəyik. Halbuki indi şiddətli döyüşlər getdiyi zaman bunu etmək çətindir. Çünki biz dayansaq, onlar dayanmayacaq. Amma hər halda, bunun üzərində işləmək olar. Yoxsa ki, siz dayanın, onlara vaxt verin. Nəyə vaxt verək? Vaxt verək ki, güc toplasınlar? Vaxt verək ki, yenə də adam toplasınlar bizə hücum etsinlər? Bizi belə sadəlövh sayırlar bunlar? Vaxt verin ki, bunlar gəlsinlər danışıqlara. Mən nə lazımdır dedim, vəssalam.
Bu gün Cəbrayılın işğaldan azad edilməsi Ermənistana, onun havadarlarına dərs olmalıdır. Mən hadisələrdən əvvəl demişdim. Orada təxribat törətdi, dərs verdik, dərs olmadı. Burada təxribat törətdi, dərs verdik, dərs olmadı. Nəhayət, bu dəfə təxribat törətdi, dərs verdik, indi dərs oldu.
Biz haqq-ədalət tərəfindəyik. Biz tarixin ən şərəfli anlarını yaşayırıq. Azərbaycan xalqı qədim xalqdır. Bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında bugünkü hadisələr xüsusi yerdədir. Biz ədaləti bərpa edirik, ərazi bütövlüyümüzü bərpa edirik, Azərbaycan xalqının ümidlərini doğrulduruq və bundan sonra da doğruldacağıq. Biz haqlıyıq, biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
Link: president.az
Nadana savad öyrətmək qocanı dağa çıxarmaq qədər çətindir.
S.Batler
Həyatda ən böyük amalım ancaq
Bilik sayəsində qalxıb ucalmaq.
Bilikdir hər zaman dayağın sənin,
Zülmət gecələrdə çırağın sənin.
Biliklə, ədəblə yüksəlir insan,
Bu qoşa qanadla hörmət taparsan. Y.Balasaqunlu
İnsanlığın yalnız bir düşməni var-o da nadanlıqdır. Nadanlığın yalnız bir dərmanı var-o da elmdir.
Aristotel
Savadlı ilə savadsız arasındakı fərq ölü ilə diri arasındakı fərq qədərdi.
Aristotel
Nadanlıq təklikdə qorxulu deyil. O yalnız qürurla birləşdikdə təhlükəli olur.
Aristotel
Dilənçi olmaq nadan olmaqdan yaxşıdır, bələ ki, dilənçi yalnız puldan, nadan isə insan simasından məhrumdur.
Aristipp
Oxumuşların sayı çox olan ölkələrdə təfəkkür sahiblərinin sayı da çox olur.Təfəkkür sahiblərinin çox olduğu ölkədə isə həyatın bütün sahələrində xalq gündən-günə tərəqqi edə bilər.
M.F.Axundzadə
Aqil, yaxud cahil olduğunu yalnız özün müəyyən edə bilərsən.
C.Rendal
Təəssüf ki, cahil gördüyü işə güvənir, aqil isə yox.
B.Rassel
Dünyanın bir yarısı digər yarısının necə yaşadığından xəbərsizdir.
F.Rable
Çox yemək düşünməyə mane olur.
U.Porter
Cahil o adamdır ki, həmişəlik cahil qalmaq istəyir.
Platon
Heç vaxt nadana uyma, ətrafında bilikli yoxdursa, özün-özünə bələdçi ol.
Platon
Nadan kimi yaşamaqdansa, dünyaya gəlməmək yaxşıdır, çünki bütün pisliklərin təməlində cahillik yatır.
Platon
Hər bir müdrikliyin əsası səbrdir.
Platon
Cahili inandırmaqdan çətin şey yoxdur.
U.Pitt
Çox şey bilən çox şeyə şübhəylə yanaşır.
E.Pikkolomini
Cahillər keçmişdən, aqillər bu gündən bəhs edər.
Napoleon
Ən böyük günah cahil olmaqdır.
Naməlum
Biliyi özünə dost, biliksizliyi düşmən seçənin işləri qaydasında gedər.
Naməlum
Axmaq fikirlərə uyaraq insan,
Axtarır umulmaz yerdə səadət.
İ.Krılov
Özünü alim zənn edən adamdan mümkün qədər uzaq gəz.
A.Kapus
Dünyada ən böyük dərd cahillikdir.
T.Karleyl
İnsan ağıllı sayılır ki, bir işə başlayanda son nəticəni əvvəlcədən bilmiş olsun.
İ.Kant
Bilmək yaxşı, bildiyini tətbiq etmək ondan da yaxşıdır.
C.Kabell
Hər kəsin söylədiyinə kor-koranə inanmaq cahillikdir.
İbn Sina
Yarımçıq savadı olan savadsızdan da savadsızdır.
İbn Sina
Ağıllı o kəsdir ki, özünü görə bilir.
V.Hüqo
Bu dünyada coşğun və fəal nadandan qorxulu heç nə yoxdur.
İ.Höte
Xalq fəlakətləri tarixini öyrənən hər bir kəs görür ki, yer üzündəki fəlakətlərin böyük qismi nadanlığın payına düşür.
K.Helvetsi
Yalançı alimlər müdriklərdə həqarət, nadanlarda heyranlıq doğururlar.
K.Helvetsi
Çox adam çox şey bilir, amma heç kim hər şeyi bilmir.
Yunan atalar sözü
Biləyi güclü birini yıxar, biliyi güclü minini.
Özbək atalar sözü
Var-dövlət tükənər, elm tükənməz.
Özbək atalar sözü
Ağıl köhnəlməyən geyimdir, bilik tükənməyən mədən.
Qırğız atalar sözü
Bilikdən yaxşı dost yoxdur, azardan pis düşmən.
Hind atalar sözü
Elm adamı bədniyyət olsa, dünyanı yandırar.
Fars atalar sözü
Bilikli adamın bir günü nadan adamın bütün ömrünə bərabərdir.
Ərəb atalar sözü
Bədənin qidası yemək, ağlın qidası elmdir.
Ərəb atalar sözü
Elm həm bildiyinizi, həm də bilmədiyinizi bildirmək üçündür.
Çin atalar sözü
Elm oxumaq iynə ilə gor qazmaq deməkdir.
Azərbaycan atalar sözü
Elm ağlın çırağıdır.
Azərbaycan atalar sözü
Elmsiz adam meyvəsiz ağac kimindir.
Azərbaycan atalar sözü
Çox bilmək lazımdır ki, az bildiyini bilə biləsən.
Amerika atalar sözü
Elm həqiqətin təzahürüdür.
C.Vudford
Bəzən şerdə və ya musiqidə də elmə rast gəlmək olur.
X.Voulpol
Elmin uğurları zamanın işi və elmin cəsarətidir.
F.Volter
Elm insanın tacı, var-dövlət isə boğazdan sallanan boyunbağıdır.
C.Viko
Zəmanə dəyişilib. İndi güc və igidlik əyyamı deyil, elm əyyamıdır.
N.Vəzirov
Həyatda hamı elm və məhəbbəti öyrənməlidir.
U.Verner
Çox şey bilən sözlərə az inanır.
T.Uaylder
Elm səbəb, əməl isə nəticədir.
N.Tusi
Dedim ki, ürəyim elmdən xəbərsiz olmayıb. İndi ki, ağlın gözü ilə baxıram-məlum olur ki, hələ heç bir şey bilmirəm.
N.Tusi
Bilik böyük insanı göydən yerə endirir, adi insanı təəccübləndirir, balaca insanı yerdən göyə qaldırır.
L.Tolstoy
Bilməməkdən qorxma, səhv bilməkdən qorx. Çünki bütün fəlakətlər ona görə baş verir.
L.Tolstoy
Düşünən insana xoşbəxtlik az nəsib olur.
L.Tolstoy
Biliyə aparan yeganə yol zəhmətdir.
B.Şou
Biz kim olduğumuzu bilir, ancaq kim olacağımızı bilmirik.
U.Şekspir
Cavanlıqda bilik ağacı əkməsək, qocalanda kölgəsinə sığınası ağacımız olmaz.
S.Şamfor
Elmə yiyələnmək üçün aramsız cəhdlər gərəkdir.
B.Spinoza
Elm sistemləşdirilmiş bilikdir.
H.Spenser
Nə qədər ki yaşayırsan, öyrən, gözləmə ki, qocalıq gələndə sənə kamal gətirəcək.
Solon
Ədalətdən kənarda olan elm müdriklik deyil, dələduzluqdur.
Sokrat
Bilikdən daha zəngin xəzinə, pis xasiyyətdən daha rəzil düşmən ola bilməz.
Sokrat
Elm ancaq xoşniyyətli insanların əlində olanda fayda verir.
Sokrat
Mən onu bilirəm ki, heç nə bilmirəm.
Sokrat
Ən gözəl zövqü elmdən almaq olar.
S.Smayls
Elm əqidəli olmaq üçündür, dünya malı yığmaq üçün yox.
Sədi
Ən faydalı iş cavanlıqda elm öyrənmək və qocalanda öyrəndiklərini saf-çürük etməkdir.
M.Sesiro
Hər cür bilik müşahidə və təcrübəyə əsaslanır.
Ş.Sent-Evremon
Döyüşdə silah lazım olduğu kimi, həyatda da bilik lazımdır.
J.J.Russo
Astronomiya mövhumatdan; natiqlik sənəti şöhrətpərəstlikdən, nifrətdən, yaltaqlıqdan, yalandan; həndəsə acgözlükdən; fizika boş bir maraqdan yaranıb. Bütün biliklər, hətta əxlaqın özü də insan qürurundan törəyib.
J.J.Russo
Bilik insanı bütün bəlalardan qoruyan zirəhdir.
Ə.Rudeki
Elm və sənət hansı ölkədən gəlirsə-gəlsin, bütün insanlığa aiddir.
A.Puşkin
Elm qavrayışdan başqa bir şey deyildir.
Platon
Bilmək, kəşf etmək yada salmaq, xatırlamaq deməkdir.
Platon
Sokrat bu gün sağ olsaydı, deyərdi: “Mən onu bilirəm ki, başqaları heç nə bilmir”.
J.Petan
İnsan ruhunu elmdən savayı heç nə dincəldə bilməz. (K.Parker)
Sərvət sahibi deyil, elm sahibi olmaq lazımdır.
R.Ouen
Elm hüdudsuz okeandır; mən və bəzi dostlarım bu okeandan bir neçə damlanı içmək fürsətini əldən vermədik.
İ.Nyuton
Bir elmi öyrənmək istədikdə sən,
Çalış ki, hər şeyi kamil biləsən.
Nizami
Yarımçıq öyrənməkdənsə, öyrənməmək yaxşıdır.
F.Nitsşe
Riyaziyyatdan biliyi olmayanlara bəzi bilikləri vermək qorxuludur.
Napoleon
Puç inanclar cahillikdən doğur və onlardan qurtulmaq üçün hökmən elmə yiyələnmək gərəkdir.
Naməlum
İstənilən ölkənin geriliyinin əsas səbəbi elm və fəzilətə lazımi qiymət verilməməsidir.
Naməlum
Dörd şey vardır bir qarındaşa lazım, biri elm, biri kəlam, biri nəfəs, biri söz.
Xətai
İnsanın biliyi artdıqca narahatlığı da artır.
İ. Höte
İnsanın ən böyük sərvəti onun pulu deyil, elmidir.
C.Harrinqton
Elmdən keçməyən yolun sonu qaranlıqdır.
Hacı Bəktaş Vəli
Tək cəsarət azdır, savad da lazımdır.
F.Giber
Az bilən bildiklərini təkrar etməyi xoşlayır.
T.Fuller
Elmli olan güclü olar.
Ə.Firdovsi
Əməlsiz elm ayağa cidardır.
M.Əvhədi
Elmi oğru apara, əcəl də öldürə bilməz.
M.Əvhədi
Elm özünü bilməkdir.
Y.Əmrə
Mədəniyyət inkişaf etdikcə fərdlərin gücü azalır.
Y.Estrub
İnsanlar təəccüblənməyi sevirlər və bu, elm üçün toxum rolunu oynayır. Elm təəccübdən qidalanıb cücərir.
R.Emerson
Elm dövrümüzün ən təhlükəli bəlasıdır. Onun vurduğu ziyanı hətta müharibə, aclıq və xəstəliklər də vura bilməz.
F.Dostoyevski
Ruhumuza təsəlli verən yeganə şey elmdir.
C.Dorsi
Kəşf etmək hamının gördüyünü görmək, lakin heç kəsin ağlına gəlmədiyini düşünmək deməkdir.
C.Donati
Dünyada ən böyük xeyir bilik. ən böyük şər nadanlıqdır.
Digen
Elm ən qədim dövrlərə nəzər salmağa imkan yaradır.
U.Çörçill
Ya bilgi, ya ölüm!
Y.V.Çəmənzəminli
Milli vurma cədvəli olmadığı kimi milli elm də yoxdur; nə millidirsə, o artıq elmi deyil.
A.Çexov
Hər kəs can atmalıdır ki, ata və babasının bildiyindən çox bilsin.
(A.Çexov)
Elm okeandır. O, eyni dərəcədə insan üçün də açıqdır, balıqçı gəmisi üçün də. Biri bu okeanda qiymətli mallarla üzür, digəri isə yalnız bol balıq ovu ilə evə qayıtmaq istəyir.
(E.Bulver-Litton)
Elm hüdudları üfüq xəttinə oxşayır: biz ona nə qədər çox yaxınlaşsaq, o bizdən bir qədər çox uzaqlaşır.
(P. Buast)
Sənət hadisələri dəyişdirmək, elm isə bu hadisələri irəlicədən görmək qabiliyyətinə malikdir.
(H.Bokl)
Elm öz mənbəyi etibarilə əbədidir, fəaliyyətində nə zamanla, nə də məkanla məhdudlaşmayıb, həcminə görə ölçüsüz, vəzifəsinə görə sonsuzdur.
(A.Berte)
İncəsənət <<mən>>, elm isə <> deməkdir.
(K.Bernar)
Biz tarixdən müdriklik, poeziyadan hazırcavablılıq, riyaziyyatdan bəsirət, təbiət elmlərindən dərinlik, fəlsəfədən ciddilik, məntiq və ritorikadan mübahisə etmək bacarığı əxz edirik.
(F.Bekon)
Bilik güc, güc isə bilikdir.
(F.Bekon)
Bilik həyatda faydalı olmaq naminə qazanılmalıdır.
(F.Bekon)
Neçə-neçə dövlət üsul-idarəsinin mövcud olmasına baxmayaraq, elmdə həmişə bir üsul-idarə-azadlıq forması hakim olacaq.
(F.Bekon)
Elmə ürəkdən bağlı olanlar tacir düşüncəsindən uzaqdır.
(C.Barns)
Biliyin ağası olmaq üçün zəhmətin köləsi olmaq gərəkdir.
(O.Balzak)
Elm sahibi olmadığını bilməyin özü də bir növ elm sahibi olmaq deməkdir.
Konfutsi (Qədim Çin mütəfəkkiri)
Əsəri olmayan alim barsız ağacdır.
Sədi Şirazi (İran şairi və mütəfəkkiri)
Elm insanın həm beynini, həm də cismini şövqləndirir.
Mişra Krişna (Hind dramaturqu)
Nadanlar elmə həqarətlə baxır, savadsızlar ona heyran olur, müdriklər isə ondan bəhrələnirlər.
Frensis Bekon (İngilis alimi və humanisti)
Elm mahiyyət etibarilə həqiqət axtarışıdır.
Fransua de Laroşfuko
(Fransız yazıçısı)
Elmdə həqiqət həmişə özünə yol açır.
Lev Davidoviç Landau
(Fizik, Nobel mükafatı laureatı)
Elmdə qürur olmaz, olarsa, həqiqətlər yox olar.
Henri Kaldervud (İsveç filosofu)
Həqiqi elm nə rəğbət bilir, nə ədavət – onun yeganə məqsədi həqiqətdir.
Arturo Qraf (İtalyan yazıçısı və alimi)
Ölkəni inkişaf etdirib irəli aparan elm və təhsildir.
Otto Fon Bismark
(Almaniyanın dövlət xadimi və kansleri)
Milli vurma cədvəli olmadığı kimi, milli elm də yoxdur; nə millidirsə, o, artıq elm deyil.
Naməlum
Xəyal qanadları olan elm möcüzələr yaratmağa qadirdir.
Maykl Faradey (İngilis fiziki)
Elm hüdudsuz bir okeandır; mən və bəzi dostlarım bu okeandan bir neçə damlanı içmək fürsətini əldən vermədik.
İsaak Nyuton (İngilis fiziki və astronomu)
Elm həm bildiyinizi, həm də bilmədiyinizi bildirmək üçündür.
Çin atalar sözü
Elm ağlın çırağıdır.
Azərbaycan atalar sözü
Elm səbəb, əməl isə nəticədir.
Nəsirəddin Tusi
Sən 3 yolla ağıllı ola bilərsən... 1-Təcrübə yolu ilə - bu ən ağır yoldur. 2-Tənqid yolu ilə - bu ən asan yoldur. 3-Düşüncə yolu ilə - bu ən nəcib yoldur.
Nəsirəddin Tusi
Ən faydalı iş cavanlıqda elm öyrənmək və qocalanda öyrəndiklərini saf-çürük etməkdir.
Marsel Sesiro (Fransız yazıçısı və tənqidçisi)
Bütün elmlərin açarı sual işarəsidir.
Onore de Balzak (Fransız yazıçısı)
Zövqlərin ən gözəli elmdən alınan zövqdür.
Samuel Smayls (İngilis yazıçısı)
Elm yaxşı zamanlarda sərvət, pis zamanlarda isə sığınacaq və gözəl yol göstərəndir.
Aristotel (Qədim yunan filosofu)
Vay o adamların halına ki, özləri öz gözlərinə müdrik, alim görünürlər.
Demokrit (Qədim yunan filosofu)
Elm ancaq xoşniyyətli insanların əlində olanda fayda verir.
Sokrat (Qədim yunan filosofu)
Dünyada ən böyük xeyir elm, ən böyük şər nadanlıqdır.
Sinoplu Diogen (Qədim yunan filosofu)
Qüvvət elmdədir, başqa cür heç kəs,
Heç kəsə üstünlük eyləyə bilməz.
Hər uca rütbədən biliniz, fəqət
Alimin rütbəsi ucadır əlbət.
Nizami Gəncəvi (Azərbaycan şairi və mütəfəkkiri)
Həyatda ən böyük mürşid elmdir.
Mustafa Kamal Atatürk
Elm öyrənmək heç vaxt gec deyil.
İbn Sina (Şərq filosofu və həkimi)
Beşikdən məzara qədər elm istəyin.
Hz.Məhəmməd (Ə.S.)
“Pərvərdigara, mənim elmimi artır”, - de.
“Qurani-Kərim”dən
Özünü elmi axtarışlara, elmə həsr etmiş insanlar və bu gün ölkəmizin mürəkkəb dövründə bütün çətinliklərə sinə gərərək elmlə məşğul olan insanlar cəmiyyətimizdə hörmətə layiqdirlər.
Heydər Əliyev
Xalq həmişə öz ziyalıları, öz mədəniyyəti, öz elmi ilə tanınır.
Heydər Əliyev
Hər bir ölkənin, hər bir millətin aparıcı qüvvəsi onun bilikli nümayəndələridir. Onun yüksək təfəkkürə, yüksək biliyə, yüksək ixtisasa malik olan insanlarıdır.
Heydər Əliyev
Xalq gərək daim öz kökünü xatırlasın, tarixini öyrənsin, milli mədəniyyətindən, elmindən heç vaxt ayrılmasın.
Heydər Əliyev
Azərbaycanın elmi-texniki səviyyəsini inkişaf etdirmək üçün yüksək təhsilə, elmə nail olmalıyıq.
Heydər Əliyev