ENG

ADNSU-da III Startap və İnnovasiya Festivalı keçirilib

3784
A A A
Dekabr 17 2018

9:20

Dekabrın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) III Startap və İnnovasiya Festivalı keçirilib. Tədbirdə müxtəlif dövlət qurumlarının nümayəndələri, şirkət rəhbərləri, həmçinin universitetin professor-müəllim heyəti və tələbələr iştirak edib.

ADNSU-nun rektoru, professor Mustafa Babanlı III Strartap və İnnovasiya Festivalını açıq elan edib. Universitetdə son üç ildə startap sahəsində görülən işlərdən danışan rektor Mustafa Babanlı gənclərin təqdim etdiyi layihələrin gələcəkdə böyük uğur qazanacağına inandığını bildirib. Festivalın startap ideyalarının tələbələr arasında təbliğinə xidmət etdiyi deyən rektor M.Babanlı əsas məqsədlərdən birinin “Made in Azerbaijan” brendi adı altında xaricə məhsul çıxarmaq olduğunu qeyd edib.

Təhsil nazirinin müavini İdris İsayev ali məktəblərdə startap ideyalarının inkişafının və tələbələrin bu sahəyə maraq göstərməsinin çox sevindirici hal olduğunu bildirib. Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlarda innovasiyaların inkişafının əsas yerlərdən birini tutduğunu bildirən İdris İsayev bu layihələrin həyata keçirilməsinin gənclərin sahibkarlıq ruhunun inkişaf etdirilməsi və biznes potensialının artmasına xidmət etdiyini qeyd edib.

Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev ali təhsil müəssisələrinin innovasiyaların inkişafına diqqət göstərməsinin önəmini vurğulayıb, gənc startapçılara öz tövsiyələrini verib.

Kənd təsərrüfatı nazirinin müşaviri, qurumun Elm və İnnovasiyalar Mərkəzin rəhbəri Elçin Zeynalov ADNSU kimi nüfuzlu bir təhsil müəssisəsində startapın inkişafının əhəmiyyətini qeyd edib və bütün iştirakçılara uğurlar arzulayıb.

Sonra startap mərkəzinin 6 layihəsi təqdim olunub. Layihələr əvvəlcədən müəyyən edilmiş meyarlara əsasən münsiflər heyəti tərəfindən qiymətləndirilib. Ən çox bal qazanan layihələr ADNSU və tərəfdaş qurumlar tərəfindən mükafatlandırılıb.

Festivalının sonunda ADNSU-nun rektoru, professor M.Babanlı, universitetin professor-müəllim heyəti, tədbirdə iştirak edən müxtəlif şirkətlərin nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilib. Rektor M.Babanlı şirkət nümayəndələrinə göstərdikləri dəstəyə görə minnətdarlığını bildirib, universitet və müəssisələr arasında bu əməkdaşlığın hər iki tərəfə böyük fayda verəcəyini qeyd edib. Dəyirmi masada sərmayəçilərlə startap layihələrinin inkişafı, gələcəkdə görülməli olan işlər, birgə əməkdaşlıq və s. mövzular müzakirə olunub.

Mənbə: www.asoiu.edu.az

HİKMƏTLİ SÖZLƏR