ENG

Bakıda “İstedadların hazırlığı laboratoriyası” II Beynəlxalq Olimpiadanın qalibləri mükafatlandırılıb

3301
A A A
Dekabr 14 2018

12:30

Dekabrın 13-də Bakıda “İstedadların hazırlığı laboratoriyası” II Beynəlxalq Olimpiadanın qalibləri mükafatlandırılıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, Milli Məclisin deputatları və digər şəxslər iştirak ediblər.

Əvvəlcə Olimpiadadan bəhs edən videoçarx nümayiş olunub.

Sonra beynəlxalq tədbirin iştirakçılarına ölkəmizdə həyata keçirilən irimiqyaslı tədbirlər barədə məlumat verilib. Qeyd olunub ki, Azərbaycanda 2015-ci ildə ilk Avropa Oyunları, iki il sonra IV İslam Həmrəyliyi Oyunları, Formula 1 yarışları, dünya və Avropa çempionatları yüksək səviyyədə təşkil olunub. Həmçinin ölkəmiz beynəlxalq fənn olimpiadalarına da ev sahibliyi edib.

Gənclər və idman naziri Azad Rəhimov tədbirdə çıxış edərək Olimpiadanın əhəmiyyətini yüksək qiymətləndirib. Nazir deyib ki, Olimpiadada iştirak böyük şərəf olmaqla yanaşı, ciddi məsuliyyət tələb edir. Çünki hər bir iştirakçı öz ölkəsini, təhsil aldığı məktəbi təmsil edir. Belə tədbirlər yeniyetmələrin inkişafında xüsusi rol oynayır. Olimpiadada onlayn olaraq 5 mindən artıq məktəbli iştirak edib. Onların arasından seçilənlər yarışın final mərhələsinə vəsiqə qazanıblar.

“Artıq iki ildir Olimpiada beynəlxalq status alıb. Digər ölkələrdən iştirakçıların Olimpiadaya qatılması rəqabəti daha da artırır. Bu, həmçinin məktəblilər arasında daha geniş fikir mübadiləsinin aparılmasına və yeni dostluqlara imkan yaradır”, - A.Rəhimov əlavə edib.

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva ölkəmizin müxtəlif fənd olimpiadalarına yüksək səviyyədə ev sahibliyi etdiyini vurğulayıb. Nazir müavini bildirib ki, Azərbaycanda təkcə elmlə bağlı deyil, idman, mədəniyyət və digər sahələr üzrə də mötəbər tədbirlər təşkil olunur. Yeniyetmələrimiz beynəlxalq olimpiadalarda ölkəmizi layiqincə təmsil edir, mükafatçılar sırasında yer alırlar. Nazirliyin nəzdində olimpiadalara hazırlıq mərkəzinin beş ildir fəaliyyət göstərdiyini vurğulayan M.Vəliyeva gələn ilin avqustunda ölkəmizdə informatika Olimpiadasının təşkil olunacağını diqqətə çatdırıb.

Sonra Gənclər və İdman Nazirliyinin şöbə müdiri İndira Hacıyeva “Milli ideya və beynəlxalq təcrübə” adlı təqdimatla çıxış edib.

Daha sonra mükafatlandırma mərasimi təşkil olunub.

Komanda yarışlarında Rusiya birinci, Özbəkistan ikinci, Tacikistan komandası üçüncü pillədə qərarlaşıblar. Olimpiadanın fərdi qalibləri də mükafatlandırılıb. Onlara medal, diplom və qiymətli hədiyyələr təqdim olunub. Komanda yarışının qaliblərinə isə kubok verilib.

İkinci Beynəlxalq Olimpiadaya Azərbaycan, Belarus, Estoniya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Tacikistan və Türkmənistandan olan məktəblilər qatılıblar.

“İstedadların hazırlığı laboratoriyası” II Beynəlxalq Olimpiada Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrasının təmin edilməsi məqsədilə Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunub. 14-16 yaşlı yeniyetmələrin iştirak etdikləri Olimpiada riyaziyyat, fizika və kimya fəndləri üzrə keçirilib. Beynəlxalq Olimpiadada cari ilin noyabrında “İstedadların hazırlığı laboratoriyası” VI Respublika Olimpiadasının onlayn turlarının qalibi olan azərbaycanlı iştirakçılar da yarışıblar.

Olimpiadanın keçirilməsində məqsəd məktəblilər arasında elmi-tədqiqat fəaliyyətinə marağın aşkar edilməsi, onların inkişafı üçün lazımı rəqabət mühitinin formalaşdırılması, elmi biliklərin təbliği, alim və tədqiqatçıların yeniyetmə və gənclərlə işə cəlb olunması, istedadlı yeniyetmələr arasında beynəlxalq əlaqələrin formalaşdırılması üçün şəraitin yaradılmasından ibarətdir.

2013-cü ildən başlayaraq, hər il respublika səviyyəsində keçirilən Olimpiadaya 2017-ci ildə beynəlxalq status verilib. Həmin il Bakıda 8 ölkənin iştirakı ilə “İstedadların hazırlığı laboratoriyası” I Beynəlxalq Olimpiada keçirilib. İndiyədək bu elmi müsabiqəyə 13 mindən artıq azərbaycanlı yeniyetmə qatılıb.

Mənbə: AZƏRTAC

HİKMƏTLİ SÖZLƏR