ENG

“Clarivate Analytics” ilə Elmin İnkişafı Fondunun “Web of Science Azerbaijan-2018” birgə mükafatları təqdim edilib

7034
A A A
Dekabr 05 2018

17:55

Dekabrın 5-də Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə dünyanın ən böyük elektron elmi-analitik informasiya bazalarından olan “Clarivate Analytics” arasında əməkdaşlığın yeni mərhələsinə və “Clarivate Analytics” ilə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun “Web of Science Azerbaijan-2018” birgə mükafatlarının təqdim edilməsinə həsr olunmuş tədbir keçirilib. Tədbirə “Clarivate Analytics”in Azərbaycandakı nümayəndəsi Aygün Babazadə moderatorluq edib.   

Tədbirdə çıxış edən təhsil naziri Ceyhun Bayramov son illər ali təhsilin davamlı inkişafına nail olunması, universitetlərin beynəlxalq elmi bazalara çıxışının asanlaşdırılması və alimlərin elmi məqalələrinin nüfuzlu beynəlxalq nəşrlərdə dərc olunmasına dəstək göstərilməsi istiqamətində mühüm addımlar atıldığını bildirib. O, 2015-ci ildə Təhsil Nazirliyi ilə “Clarivate Analytics” şirkəti arasında əməkdaşlıq sazişinin imzalandığını xatırladıb. Hal-hazırda Azərbaycanın 40 ali təhsil müəssisəsi “Web of Science” bazasına çıxış əldə edib. “Clarivate Analytics” ilə əməkdaşlığın artıq müsbət nəticələr verdiyini deyən nazir Ceyhun Bayramov son illər ərzində Azərbaycan alimlərinin impakt faktorlu jurnallarda çap olunmuş məqalələrinin və “Web of Science” bazasında indeksləşdirilmiş jurnalların sayının davamlı artdığını qeyd edib. Nazir “Clarivate Analytics” şirkəti ilə əməkdaşlığın növbəti 3 il ərzində davam etdirilməsinə dair qərar qəbul edildiyini bildirib.

Tədbirdə çıxış edən Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev ölkədə elmin inkişafı istiqamətində atılan addımlardan, Azərbaycanda əldə olunan elmi nəticələrin dünyada tanıdılmasının vacibliyindən danışıb.

Elçin Babayev “Clarivate Analytics” ilə əməkdaşlığın gələcəkdə də davam etdirilməsi üçün müvafiq addımlar atılmasının vacibliyini vurğulayıb. Azərbaycanda elm və təhsilin inkişafına dövlət tərəfindən hər zaman xüsusi diqqət və qayğının göstərildiyini qeyd edən E.Babayev bu sahədə müvafiq sərəncam və fərmanların imzalandığını xatırladıb, ölkəmizə müasir texnologiyaların gətirildiyini və kadr hazırlığına böyük önəm verildiyini söyləyib. Qeyd edilib ki, bütün bunların bəhrəsi özünü elm sahəsində göstərməlidir. Növbəti mərhələ isə elmi nəticələrin məhz nüfuzlu jurnallarda nəşr olunması, elmi işlərə olan istinadların verilməsi və bunun sayəsində də beynəlxalq əməkdaşlığın qurulmasıdır.

Elçin Babayev deyib: “Elmi nəticələr o vaxt əhəmiyyətli olur ki, ona müasir dövrün tələblərindən olan innovasiyalar tətbiq olunur və xarici alimlərlə əməkdaşlıq yüksək səviyyədə həyata keçirilir. Təhsil Nazirliyi tərəfindən hər zaman “Clarivate Analytics” şirkəti ilə əməkdaşlıqda qətiyyətli addımlar atılıb”.

“Web of Science Azerbaijan-2018” mükafatları barədə məlumat verən icraçı direktor buraya yeni nominasiyaların daxil edildiyini də söyləyib.

Tədbirdə “Clarivate Analytics” şirkətinin konsorsium inkişafı üzrə qlobal direktoru İzabel Reiss, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik Dilqəm Tağıyev çıxış ediblər.  

Tədbirdə “Clarivate Analytics”in Rusiya və MDB üzrə rəhbəri Oleq Utkin “2015-2018-ci illərdə “Web of Science” elmi bazasında Azərbaycan ali təhsil müəssisələri: nəticə və perspektivlər” adlı təqdimat keçirib. “Clarivate Analytics”in rəsmisi Valentin Boqorov seçim meyarlarından danışıb.

Təhsil Nazirliyi ilə “Clarivate Analytics” şirkəti arasında 2019-2021-ci illəri əhatə edən əməkdaşlığa dair müqavilə imzalanıb. Müqaviləni təhsil naziri Ceyhun Bayramov və “Clarivate Analytics” şirkətinin konsorsium inkişafı üzrə qlobal direktoru İzabel Reiss imzalayıblar. Bu müqavilə mövcud əməkdaşlığın əhatə dairəsinin genişləndirilməsini nəzərdə tutur.

Tədbirin ikinci hissəsində “Clarivate Analytics” ilə Elmin İnkişafı Fondunun “Web of Science Azerbaijan-2018” birgə mükafatları təqdim edilib. Mükafatlar aşağıdakı nominasiyalarda təqdim edilib:

TƏŞKİLATLAR

  1. “Supermükafatlar”

- Elmi-tədqiqat institutları arasında “Web of Science”də əsas nəşr lideri - AMEA Fizika İnstitutu
- Universitetlər arasında “Web of Science”də əsas nəşr lideri - Bakı Dövlət Universiteti

  1. Universitetlər arasında “Web of Science”də nəşr liderləri

- Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
- Azərbaycan Tibb Universiteti

  1. AMEA-nın elmi-tədqiqat institutları arasında “Web of Science”də nəşr lideri

- AMEA Riyaziyyat və Mexanika İnstitutu
- AMEA İdarəetmə Sistemləri İnstitutu

  1. Ən məhsuldar regional universitet və elmi-tədqiqat institutu

- Gəncə Dövlət Universiteti
- AMEA NəsirəddinTusi adına Şamaxı Astrofizika Rəsədxanası

  1. Son 3 ildə “Web Science”də nəşr aktivliyinin artım dinamikasına görə ən proqressiv universitetlər ("artım sürəti")

- Milli Aviasiya Akademiyası
- Azərbaycan Dövlət İqtisad Universiteti
- Azərbaycan Dövlət Pedaqoji Universiteti

  1. “Web of Science”də "sənaye kateqoriyasında" ən məhsuldar təşkilatlar (sahə institutları)

- Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Milli Nüvə Tədqiqatları Mərkəzi "QSC
- Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Neft-Qaz Elmi-Tədqiqat Layihə İnstitutu

JURNALLAR

  1. “Web of Science Core Collection Emerging Sources Citation Index”də indekslənən yeni jurnallar:

- Riyaziyyat və Mexanika İnstitutunun əsərləri
- Neft Kimyası və Neft Emalı Prosesləri jurnalı
- Kimya Problemləri
- ARDNŞ Elmi Əsərləri

  1. WoS Core Collection-da olan yeganə Q1 kateqoriyalı Azərbaycan jurnalı:

- Tətbiqi və Hesablama Riyaziyyatı

TƏDQİQATÇILAR

  1. Təbiət Elmləri üzrə ən məhsuldar müəlliflər

- Quliyev Vaqif (AMEA Riyaziyyat və Mexanika İnstitutu)
- Qurbanov Ataş (Bakı Dövlət Universiteti)
- Məhəmmədəli Ramazanov (Bakı Dövlət Universiteti)
- Əliyev Ziya  (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və AMEA Fizika İnstitutu)

  1. Təbiət elmləri üzrə ən məhsuldar müəllif, əməkdaşlıq kateqoriyası üzrə (30-dan çox müəllif)

- Xəlilzadə Fərhad (AMEA Fizika İnstitutu)

  1. Humanitar və sosial elmlər üzrə ən məhsuldar müəlliflər

- Vəliyev Anar (ADA Universiteti)
- Faruk Omar (ADA Universiteti)

  1. Həyat haqqında elmlər üzrə ən məhsuldar müəlliflər

- Sadıqov Əlizamin (Azərbaycan Tibb Universiteti)
- Əkbərov Zeynal (AMEA Genetik Ehtiyatlar İnstitutu)

  1. “Web of Science”də “yüksək istinad almış” 2  məqalənin müəllifi

- Sucayev Əfsun  (AMEA Aşqarlar Kimyası İnstitutu)

  1. Azərbaycan elmi diasporası - Azərbaycanda elmin inkişafına verdiyi töhfə və dəstək üçün

- Allahverdiyev Süleyman (Rusiya Elmlər Akademiyasının Bitki Fiziologiyası İnstitutunun İdarəolunan Fotobiosintez laboratoriyasının rəhbəri)
- Həsənli Nizami (Türkiyənin Ankara şəhərində yerləşən ODTÜ-nün Fizika departamentinin professoru)
- Mahmudov Kamran (BDU və Lissabon Universitetinin elmi işçisi, kimya elmləri doktoru)

Mükafatları təhsil naziri Ceyhun Bayramov, Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, “Clarivate Analytics” şirkətinin konsorsium inkişafı üzrə qlobal direktoru İzabel Reiss və Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Dilqəm Tağıyev təqdim edib.

Sonda xatirə şəkli çəkdirilib.

HİKMƏTLİ SÖZLƏR