ENG

Elmin İnkişafı Fondunun qrant layihəsi üzrə “Neft və geoekologiya” mövzusunda gənc tədqiqatçıların və tələbələrin I beynəlxalq məktəb-seminarı keçirilib

4120
A A A
Dekabr 03 2018

16:45

Dekabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Neft və Qaz İnstitutunun (NQİ) təşkilatçılığı ilə gənc alim və tələbələrin “Neft və geoekologiya” mövzusunda I beynəlxalq məktəb-seminarı işinə başlayıb.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) ilə Gənclər və İdman Nazirliyi (GİN) tərəfindən elan edilmiş gənc alim və mütəxəssislərin dördüncü birgə qrant müsabiqəsində qalib gəlmiş, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr edilmiş "Neft və geoekologiya" layihəsi əsasında keçirilir.

AMEA-nın gənc alim və mütəxəssislərinin, magistrlarının, Azərbaycanın ali təhsil müəssisələrinin tələbələrinin, o cümlədən Rusiya, Ukrayna, Qazaxıstan, Almaniya və Gürcüstandan bu istiqamətdə tədqiqat aparan gənclərin iştirak etdiyi seminar EİF, GİN və BP şirkətinin Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə reallaşıb.

NQİ-nin Gənc Alim və Mütəxəssislər Şurasının sədri, yer elmləri üzrə fəlsəfə doktoru Rəqsanə Əsgərova bildirib ki, iki gün davam edəcək seminarın plenar iclaslarında 30-a yaxın məruzə dinləniləcək.

Sonra EİF-in icraçı direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Elçin Babayev seminarın hazırlıq prosesindən danışıb, məktəbin gənc alimlər arasında beynəlxalq əməkdaşlığın güclənməsində, mədəniyyətlərarası dialoqun inkişafında, Azərbaycan elminin dünyada təbliğində önəmli rol oynayacağını söyləyib.

Məşğələnin mövzusunun müasir dövrün ən aktual məsələlərindən biri olduğunu deyən E.Babayev hazırda dünyada təbii sərvətlərin çıxarılması zamanı bütün normaların gözlənilməsinə baxmayaraq ekoloji problemlərin yarandığını və artmaqda davam etdiyini vurğulayıb. Qeyd edib ki, seminar zamanı müzakirə olunacaq mövzular və qarşıya qoyulacaq məsələlər problemin həllinə töhfə verəcək.

Daha sonra çıxış edən AMEA-nın vitse-prezidenti, NQİ-nin direktoru, akademik İbrahim Quliyev tədbirə dəstək verən qurumların rəhbərlərinə gənc alimlərə yaratdıqları şəraitə görə təşəkkür edib. Akademik neftin insan həyatında oynadığı rola toxunub, o cümlədən qara qızılın yaratdığı ekoloji problemlərdən söz açıb. O, rəhbərlik etdiyi müəssisədə bu istiqamətdə tədqiqatların aparıldığını, gənc alimlərin elmi araşdırmalar aparmaları üçün zəruri şəraitin yaradıldığını vurğulayıb.

Seminarda, həmçinin NQİ-nin elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru, professor Vaqif Qurbanov, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov, BP şirkətinin rəsmisi Arzu Cavadova, Gənclər və İdman Nazirliyinin nümayəndəsi İndira Hacıyeva, tədbirin təşkilat komitəsinin katibi Aytən Hüseynova və başqaları ölkəmizdə aparılan gənclər siyasətindən danışıblar. Qeyd olunub ki, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na əsasən, beş minə yaxın gənc xaricdə təhsil almağa göndərilib. Ölkəmizdə gənc alimlərin tədqiqat aparmaları, beynəlxalq elmi mərkəzlərlə əməkdaşlıq etmələri üçün dövlətimizin başçısı tərəfindən daim dəstək verildiyi vurğulanıb.

Beynəlxalq məktəb-seminar dekabrın 5-dək davam edəcək.

 

Mənbə: AZƏRTAC

HİKMƏTLİ SÖZLƏR