ENG

Doktorantların və gənc tədqiqatçıların XXII Respublika elmi konfransının açılış mərasimi

2962
A A A
Noyabr 22 2018

15:05

Noyabrın 22-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) doktorantların və gənc tədqiqatçıların XXII Respublika elmi konfransının açılış mərasimi keçirilib.

Konfrans çərçivəsində öncə ADPU-nun məzunları olmuş akademik Yusif  Məmmədəliyevin, akademik Zahid Xəlilovun, akademik Həsən Abdullayevin adlarını daşıyan auditoriyaların açılış mərasimi keçirilib. Mərasimdə ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr edilmiş riyaziyyat, fizika, kimya, biologiya və informatika üzrə olimpiadaların qaliblərinə diplomlar təqdim edilib. 

Konfransda təhsil naziri Ceyhun Bayramov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, ali təhsil müəssisələrinin rəhbərləri, respublikanın tanınmış alimləri, doktorantlar və gənc tədqiqatçılar iştirak edib.

Tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru Cəfər Cəfərov ölkədə elmin inkişafı üçün yaradılan münbit şəraitdən danışıb və konfransın gənc alimlərin elmi fəaliyyətinə təkan verəcəyini qeyd edib.

Təhsil naziri Ceyhun Bayramov elm, təhsil və innovasiyaların inkişafının dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu deyib. Nazir ölkə Prezidentinin sərəncamı ilə "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsinin doktorantların və gənc tədqiqatçıların elmi fəaliyyətinin stimullaşdırılmasına, doktorantura təhsilinin beynəlxalq standartlar əsasında qurulmasına mühüm töhfə verəcəyini qeyd edib. Bildirilib ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində indiyədək 1534 nəfər magistraturada, 547 nəfər rezidenturada, 169 nəfər doktoranturada təhsil almaq hüququ qazanıb.

Gənclərin elmi fəaliyyətə daha fəal cəlb olunması istiqamətində davamlı addımların atılmasının zəruri olduğunu vurğulayan Ceyhun Bayramov qeyd edib ki, hazırda ölkə üzrə elmlər doktoru proqramlarında təhsil alanların 8 faizini (45 nəfər) 30 yaşa qədər olan gənclər, 29 faizini isə (163 nəfər) 40 yaşa qədər olanlar təşkil edir. Nazir dövlət dəstəyi sayəsində elmlə məşğul olan gənclərin sayının artırılmasının mümkün olacağına əminliyini bildirib.

Nazir bildirib ki, Təhsil Nazirliyinin “Clarivate Analytics” ilə əməkdaşlığı nəticəsində Azərbaycan 2017-ci il üzrə “Web of Science” elmi bazasında ilk dəfə nəşr aktivliyinin son 3 il üzrə artım dinamikasına görə regionda birinci yerə çıxıb. “Web of Science” elmi bazasında 2017-ci ildə Azərbaycandan 1160 elmi tədqiqat işi qeydə alınıb ki, bu da son 25 ildə ölkə üzrə nəşr sayında rekord göstərici hesab olunur.

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev çıxışında bildirib ki, gənclərin inkişafı, onların elmi fəaliyyətə cəlb edilməsi ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Elçin Babayev ölkəmizdə insan resurslarının inkişafı, kadr hazırlığının yüksəldilməsi sahəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.

Tədbirdə gənc doktorantlar müxtəlif mövzularda çıxış ediblər.

Açılış mərasimindən sonra konfrans öz işini 15 bölmədə davam etdirib.

Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş konfrans iki gün davam edəcək. Konfransa ali təhsil müəssisələrindən və Azərbaycan Milli Elmlər Akademiyasından 500 tezis təqdim olunub. Konfransın materialları Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dissertasiyaların əsas elmi nəticələrinin  dərc olunması  tövsiyə edilən  elmi nəşrlər siyahısına daxil ediləcək.

Doktorantların və gənc tədqiqatçıların Respublika elmi konfransı 1991-ci ildən keçirilir. Konfransın keçirilməsində əsas məqsəd elm və təhsilin inteqrasiyası, gənc alimlərin yüksək ixtisaslı kadr kimi yetişməsi sahəsində kompleks tədbirlərin həyata keçirilməsi və gənclərin elmi fəaliyyətə daha geniş miqyasda cəlb edilməsidir.

 

Mənbə: edu.gov.az

 

HİKMƏTLİ SÖZLƏR