ENG

Azərbaycanlı alimlərin məqaləsi nüfuzlu jurnalda nəşr olunub

2891
A A A
Noyabr 20 2018

AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, institutun şöbə müdirləri - AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev və texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifovun həmmüəllifi olduqları “Elektron dövlətdə sosial şəbəkələrin rolu: risklər və təhlükəsizlik təhdidləri” (“Role of social networks in e-government: risks and security threats”) adlı məqalə “Web of Science” bazasına daxil olan “Online Journal of Communication and Media Technologies” jurnalında nəşr olunub.

Məqalədə qeyd olunur ki, hazırda istifadəçilər arasında populyar olan sosial şəbəkələrdə istifadəçilərin sayı sürətlə artmaqdadır. Sosial şəbəkələrin belə populyarlıq qazanması dövlət idarəçiliyinin açıq idarəçilik formatına transformasiyasına imkan verir. Bu baxımdan sosial şəbəkələr hökumətin şəffaflığı və demokratik cəmiyyətin inkişaf etməsinə kömək edir, hökumət və vətəndaş arasında kommunikasiya mühiti yaradır. Sosial şəbəkələrin populyarlığı onların istifadəçiləri üçün böyük risklərin yaranmasına səbəb olur. Sosial şəbəkə istifadəçilərinin paylaşdığı şəxsi məlumatların həcminin sürətlə artması onları bədniyyətli şəxslərin arzuolunan hədəfinə çevirir.

İşdə e-dövlətdə sosial şəbəkələrin rolu və təhlükəsizlik məsələləri araşdırlır. Sosial şəbəkələrin təhlükəsizliyinə olan potensial təhdidlər analiz olunur və təsnifatlaşdırılır. Sosial şəbəkələrə olan hücumlar əsasən 4 kateqoriya (multimedia məzmunlu təhdidlər, fərdi məlumatların təhlükəsizliyi təhdidləri, sosial yönümlü təhdidlər, uşaqları hədəf alan təhdidlər) üzrə təsnif olunur.

Həmçinin sosial şəbəkələrin təhlükəsizliyinə olan təhdidlərin analiz edilməsi üçün çoxmeyarlı qiymətləndirmə metodu təklif edilir. Qeyri-səlis TOPSİS metodu əsasında müəyyən edilmiş meyarlara görə potensial təhdidlər ranqlaşdırılır. Ədədi eksperimentdə sosial şəbəkə istifadəçilərinə bədniyyətli müxtəlif xarakterli hücumların (fişinq, saxta istifadəçi profilləri, istifadəçi yazışmalarına müdaxilələr, həssas məlumatların icazəsiz aşkarlanması, kiber izlənmə) edilməsi ehtimal olunur. Təklif olunan yanaşma əsasında təhdidlər konfidensial məlumatların ələ keçirilməsi, hökumətlə vətəndaş arasındakı münasibətlərdə (G2C) nüfuzun itirilməsi və sosial-siyasi münaqişələrin yaradılması meyarlarına görə qiymətləndirilir və ranqlaşdırılır.

Qeyd edək ki, məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrant layihəsi (№ EİF-KETPL-2-2015-1(25)-56/05/1) çərçivəsində hazırlanıb. 

 

Mənbə: AMEA 

HİKMƏTLİ SÖZLƏR