ENG

Azərbaycanlı alimlərin məqaləsi beynəlxalq jurnalda çap olunub

2578
A A A
İyul 06 2018

AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev və böyük elmi işçi, texnika üzrə fəlsəfə doktoru Lyudmila Suxostatın həmmüəllifi olduqları “Weighted Clustering for Anomaly Detection in Big Data” (DOI: 10.19139/soic.v6i2.404) adlı məqalə ABŞ-ın “International Academic Press” nəşriyyatında dərc olunan “Statistics, Optimization & Information Computing” jurnalında çap olunub.

Böyük verilənlər anlayışı olduqca tez-tez yenilənən böyük həcmə və müxtəlif tərkibə malik informasiya ilə işləməyi nəzərdə tutur. Big data-da anomaliyaların aşkarlanması üçün uyğun mexanizmin seçilməsi aktual məsələdir. Məqalədə real Big data-da anomaliyaların aşkarlanması üçün çəkili klasterizasiya əsasında alqoritm təklif edilir. Klasterlərə verilənlər çoxluğunun hər bir nöqtəsinin çəki əmsallarının cəmlənməsi nəticəsində alınmış çəkiləri mənimsədilib. Təklif edilmiş metodun k-means metodu ilə müqayisəli analizi böyük ölçüyə malik verilənlər bazası üzərində aparılıb. Eksperimentlərin nəticələri təklif edilən yanaşmanın həm klasterizasiyada, həm də anomaliyaların aşkarlanmasında effektivliyini göstərilib.

Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondunun maliyyələşdirdiyi “Böyük verilənlər (“Big data”) mühitində informasiya təhlükəsizliyinin təmin olunması metodları və alqoritmlərinin işlənilməsi və onların bəzi tətbiqləri” adlı qrant layihəsi əsasında hazırlanıb (Qrant № EİF-KETPL-2-2015-1(25)- 56/05/1). 

“Statistics, Optimization & Information Computing” jurnalı “Scopus” (Elsevier), “Crossref”, “Google Scholar”, DOAJ və digər beynəlxalq elmi bazalarda indeksləşir və referatlaşır.

Mənbə: Science.gov.az

HİKMƏTLİ SÖZLƏR