ENG

2-ci Azərbaycan-Belarus beynəlxalq qrant müsabiqəsinin qalib layihələri uğurla icra olunur

2208
A A A
İyun 01 2018

Elmin İnkişafı Fondu müxtəlif ölkələrdə fəaliyyət göstərən analoji qurumlarla (fondlarla, agentliklərlə, şuralar ilə) beynəlxalq əlaqələrini genişləndirmək məqsədilə birgə qrant müsabiqələri təşkil edərək keçirir.

Elmin İnkişafı Fondu Azərbaycan və Belarus alimlərindən ibarət müvəqqəti yaradılmış yaradıcı kollektivlərin birgə yerinə yetirilməsi planlaşdırılan və hər dörd tərəf üçün aktual olan elmi istiqamətlər üzrə elmi-tədqiqat layihələrini dəstəkləmək, beynəlxalq elmi əməkdaşlıq fəaliyyətini stimullaşdırmaq və müasir elmi problemlərin həlli üçün əlavə yaradıcılıq imkanı yaratmaq məqsədilə təərəflər arasında imzalanmış Sazişin müddəalarını nəzərə almaqla və razılaşdırılmış elmi prioritetlərinə uyğun olaraq, 2-ci Azərbaycan-Belarus birgə beynəlxalq qrant müsabiqəsini 2017-ci ildə elan edərək keçirib. Bu müsabiqə üzrə ümumi maliyyələşdirilmə həcmi 1 milyon manat olmaqla 15 qalib layihə müəyyənləşdirilib.

Layihələr multidissiplinar, nəzəri və tətbiqi xarakterli tədqiqatları əhatə edir və müxtəlif akademik və təhsil qurumlarından, sahə elmi-tədqiqat institutlarından olan alim və mütəxəssislər tərəfindən yerinə yetirilir.

Layihələr AMEA-nın Fizika, Polimer Materialları, Aşqarlar Kimyası, Kataliz və Qeyri-Üzvi Kimya, Botanika, Fiziologiya, Mikrobiologiya, İqtisadiyyat və Tarix institutlarında, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialı, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Azərbaycan Tibb Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetində, həmçinin Azərbaycan Dövlət Neft Şirkətində yerinə yetirilir.

Layihələrin hamısı fundamental-tətbiqi xarakterlidir. Fizika-riyaziyyat və texnika elmləri üzrə 7 layihə, Kimya elmləri üzrə 2 layihə, Biologiya, tibb və aqrar elmləri üzrə 3 layihə, Humanitar və ictimai elmlər üzrə isə 3 layihə icra olunmaqdadır. Layihə iştirakçılarının sayı 64 nəfərdir. Onlardan 35-i qadın, 29-u kişidir. Qalib layihə rəhbərlərindən 7-si qadın, icraçılardan isə 28-i qadın, 21-i kişidir. İştirakçılardan 45 nəfərin elmi dərəcəsi, 32 nəfərin elmi adı var. İyun ayından başlayaraq, layihələrin icrası üzrə monitorinqlər keçiriləcək.

 

Ətraflı

HİKMƏTLİ SÖZLƏR