ENG

Elmin İnkişafı Fondu Qlobal Tədqiqat Şurasının Moskvada keçirilmiş sammitində təmsil olunub

5164
A A A
May 18 2018

Elmin İnkişafı Fondu Qlobal Tədqiqat Şurasının (GRC - Global Research Council) 15-16 may 2018-ci il tarixlərində Moskva şəhərində keçirilmiş Ümumdünya 7-ci İllik Baş Toplantısında (sammitində) Fondun icraçı direktoru Elçin Babayev ilə təmsil olunub.

Qlobal Tədqiqat Şurası müxtəlif ölkələrin elmi tədqiqatları maliyyələşdirən agentlik, şura və fondlarının rəhbərlərindən təşkil olunub və adıçəkilən qurumlar arasında beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsini həyata keçirir. Elmin İnkişafı Fondu GRC-nin Kanadada 2017-ci ildə keçirilmiş 6-cı İllik Baş Toplantısında Qlobal Tədqiqat Şurasının beynəlxalq üzvü kimi tanınıb. Bu istiqamətdə işlər Elmin İnkişafı Fondu tərəfindən 2015-ci ildə başlanılıb, Fond həmin ildən GRC-nin Avropa Bölməsinin üzvü olub.

Bu dəfəki təşkilatçıları Rusiya Fundamental Tədqiqatlar Fondu (RFFİ) və Koreya Milli Tədqiqat Fondu (NRC) olan  7-ci İllik Baş Toplantıda elmi ekspertiza meyarları və elm diplomatiyası kimi əsas məsələlər müzakirə olunub.

Baş Toplantının açılışında Rusiya prezidentinin köməkçisi Andrey Fursenko, Rusiya Təhsil və elm nazirinin müavini Qriqori Trubnikov, Rusiya Dövlət Dumasının Beynəlxalq işlər üzrə komitəsinin sədri Leonid Slutski, Rusiya Fundamental Tədqiqatlar Fondunun Şurasının sədri Vladislav Pançenko, ABŞ Milli Elm Fondunun prezidenti Dr. France Cordova, Koreya Milli Tədqiqatlar Fondunun prezidenti Dr.Jin Ho Seo də iştirak ediblər.

Sammit xarakterli tədbirdə 86 ölkənin 160 təmsilçisi iştirak edib. 14 may tarixində beynəlxalq elmi əməkdaşlığın gücləndirilməsi və elmdə qadınların rolu məsələləri ayrıca olaraq müzakirə olunub, təcrübə mübadiləsi baş tutub.

Baş Toplantıda GRC-nin 2019-cu ildə Braziliyanın Sao Paulo şəhərində keçiriləcək 8-ci İllik Baş Toplantısının gündəliyi müzakirə olunub, GRC-nin yeni prezidenti və müavinləri seçilib. Baş Toplantıda aşağıdakı məsələlər də müzakirə olunub:

- Elmi tədqiqatlar üzrə yaradılmış rəqəmsal verilənlər bazasından alimlərin açıq istifadə imkanları, bu bazaların ümumi standartlara gətirilməsi;
- Beynəlxalq ikitərəfli və çoxtərəfli birgə proqramlarda iştirak;
- Ekspertizanın beynəlxalq standartlarının hazırlanması;
- Fənlərarası tədqiqatlar;
- Elmi infrastrukturdan birgə istifadə;
- Tədqiqatların idarə olunması alətləri və praktikası, texnoloji platformalar və çoxtərəfli proqramlarda iştirak meyarları;
- İqlim, ekologiya, yüksəktexnologiyalı təbabət, texnogen və təbii fəlakətlər və s.

GRC-nin 7-ci İllik Baş Toplantısı çərçivəsində 2018-ci il 14 may tarixində Avropa Regional İclası da keçirilib. Elmin İnkişafı Fondu Qlobal Tədqiqat Şurasının Avropa Regional Bölməsinin fəal üzvüdür. Bu iclasda növbəti GRC Avropa Regional toplantısının Avstriyada keçirilməsi barədə qərar qəbul edilib, gündəlikdəki cari məsələlər müzakirə olunub, idarə heyətinə vakant yerə seçki keçirilib.

Adıçəkilən işçi qrupların iclaslarında iştirakçı ölkələrin təcrübəsini əks etdirən çıxışlar dinlənilib, ümumi platforma müzakirə edilib, Elmin İnkişafı Fondu tərəfindən bir sıra təkliflər irəli sürülüb və Azərbaycanın təcrübəsi haqqında qısa məlumat verilib. Fond “Elm diplomatiyası” üzrə müzakirələrdə təmsil olunub.

Səfər çərçivəsində E. Babayev tərəfindən bir sıra fond və şura rəhbərləri (İsrail, Avstriya, Belarus, İran, Türkiyə və b.) ilə qısamüddətli görüşlər də keçirilib, əməkdaşlıq imkanları müzakirə olunub.

2018-ci il 14 may tarixində “Tədqiqatlar üzrə qonşular” (Neighbours in Research) dəyirmi masası keçirilib. Bu tədbirdə keçmiş sovet ölkələri, həmçinin bir sıra qonşu ölkələr (Monqolustan, İran, Koreya, Türkiyə) arasında əməkdaşlıq məsələləri, mövcud potensial, meqaelm üzrə tədqiqatlar kimi məsələlər müzakirə olunub.

Səfər çərçivəsində 14 may tarixində məşhur Milli Tədqiqat Mərkəzi “Kurçatov İnstitutu”nun işi ilə tanışlıq baş tutub, iştirakçılara sinxrotron şüalandırıcısı və digər modern qurğular göstərilib.

2018-ci il 16 may tarixində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Şternberq adına Dövlət Astronomiya İnstitutunda Avrasiya Astronomiya Cəmiyyətinin (EAAS) İdarə heyətinin iclasında E. Babayev tərəfindən Azərbaycanda elmi tədqiqatların vəziyyəti, qrant maliyyələşdirilməsi, astronomiya sahəsində araşdırmalar haqqında məruzə edilib, birgə planlar ətraflı müzakirə olunub.

 

Mənbə: Azərtac

 

 

HİKMƏTLİ SÖZLƏR