ENG

Osmanlı arxiv mənbələrinin tədqiqat perspektivlərinə dair elmi məruzə dinlənilib

2572
A A A
Aprel 05 2018

Aprelin 5-də Rəyasət Heyətinin növbəti iclasında Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, akademik Şahin Mustafayevin  “Azərbaycanın orta əsrlər tarixinə dair Osmanlı arxiv mənbələri (təhrir dəftərləri): əhəmiyyəti və tədqiqat perspektivləri” mövzusunda məruzəsi dinlənilib.

Akademik tariximizə dair yeni yazılı mənbələrin dünyanın müxtəlif əlyazma fondları və kitabxanalarında aşkarlanıb tədqiq edilməsinin müasir Azərbaycan mediyevistikasının qarşısında duran ən mühüm vəzifələrdən biri olduğunu deyib. Məruzəsində alim Azərbaycanın orta əsrlər tarixinin öyrənilməsində mühüm yer tutan Yaxın Şərq mənşəli yazılı mənbələrindən söz açıb. Tarixi qaynaqlar içərisində Osmanlı mənbələrinin həm sayına, həm də əhəmiyyətinə görə bizim tarixşünaslığımızda xüsusi çəkiyə malik olduğunu, onların arasında XVI əsrin sonu və XVIII əsrin 20-ci illərini əhatə edən və “təhrir dəftərləri” adlanan arxiv sənədlərinin daha çox diqqəti cəlb etdiyini deyib. Akademik Ş.Mustafayev qeyd edib ki, orta əsrlərdə Osmanlı cəmiyyəti ilə Qərbi Avropa cəmiyyətləri arasında mühüm tipoloji fərq mövcud olub. Avropanın feodal cəmiyyətlərindən fərqli olaraq, Osmanlı imperiyasında torpaq fondunun əksər hissəsinin dövlətin əlində cəmləşdiyini və vergi toplama hüququnun dövlətə məxsus olduğunu deyən alim müasir nəqliyyat vasitələri və informasiya texnologiyalarının olmadığı bir dövrdə vergilərin toplanılması məqsədi ilə ciddi qeydiyyat-uçot işlərinin aparıldığını bildirib: “Osmanlı imperiyasında təqribən dörd əsr ərzində xeyli sayda müxtəlif növlü maliyyə-vergi reyestrləri və təhrir dəftərləri istifadə olunub. Bu sənədlərin böyük hissəsi bu gün Türkiyə, Bolqarıstan, Macaraıstan və digər ölkələrin arxivlərində qorunmaqdadır”. 

Alim onu da vurğulayıb ki, ötən əsrin ortalarından etibarən ABŞ, Fransa, İngiltərə, Macarıstan, Bolqarıstan, Yunanıstan, Serbiya, Rumıniya, Türkiyə, Gürcüstan və başqa ölkələrdə təhrir dəftərlərinin tədqiqi və nəşri geniş vüsət alıb. Əlavə edib ki, vaxtı ilə əraziləri Osmanlı imperiyasına daxil olan ölkələrin sosial-iqtisadi tarixinin öyrənilməsi baxımından bu növ arxiv mənbələri unikal xarakter daşıyır: “Arxiv sənədlərində imperiyanın müvafiq inzibati vahidinin ərazisində olan şəhər, qəsəbə və kəndlərin sayı, əkinəyararlı torpaq fondunun və mövcud olan sənətkarlıq və ticarət obyektlərinin miqdarı, vergi ödəyən əhalinin dəqiq sayı, adları və dini mənsubiyyəti, sahib olduqları mülkiyyətə görə sosial statusları, ödənilən vergilərin çeşid və miqdarı və s. önəmli iqtisadi xarakterli məlumatlar qeyd edilirdi”.

Akademik Ş.Mustafayev bildirib ki, bu arxiv mənbələri Osmanlı imperiyasının və onun ayrı-ayrı inzibati bölgələrinin, o cümlədən müəyyən dövrlərdə imperiyanın tərkibinə daxil olan Azərbaycanın sosial-iqtisadi mənzərəsini yaratmağa, demoqrafik prosesləri izləməyə, əhalinin təqribi sayı və etno-dini tərkibi haqqında məlumat əldə etməyə kömək edir: “Sözügedən mənbələr əsasında imperiyanın tərkibinə daxil olmuş ölkələrin və əyalətlərin tarixi sərhədlərini müəyyənləşdirmək, onların tarixi coğrafiyasını öyrənmək mümkündür. Sənədlərdə qeydə alınmış tarixi toponimika və onomastika ilə bağlı mühüm materiallar tarixi yer adlarını bərpa etməyə, ayrı-ayrı bölgələrdə yayılmış şəxs adlarını fərqli parametrlər üzrə araşdırmağa, etnik sərhədləri müəyyənləşdirməyə, beləliklə, dilçilik baxımından önəmli biliklər əldə etməyə imkan yaradır”.

Məruzədə Azərbaycanın tarixi ərazilərinə aid XVI əsrin sonu və XVIII əsrin 20-ci illərində tərtib olunmuş və Türkiyənin arxivlərində saxlanan bir sıra təhrir dəftərləri ölkəmizin orta əsrlərdə sosial-iqtisadi tarixini araşdırmaq üçün mühüm mənbə kimi göstərilib. Gəncə-Qarabağ, İrəvan, Qazax-Borçalı, Təbriz, Ərdəbil, Urmiya, Marağa, Xoy, Maku və digər bölgələrə aid olan bu sənədlərin tədqiqi, onların ana dilimizə tərcüməsi və nəşri Azərbaycan osmanistikası qarşısında duran ən vacib vəzifələrdən biri kimi qiymətləndirilib.

Alim ölkəmizdə Osmanlı tarixi araşdırmaları, o cümlədən Osmanlı təhrir dəftərlərinin sistemli şəkildə ilk tədqiqi və nəşrinin akademik Ziya Bünyadovun adı ilə bağlı olduğunu söyləyib. Qeyd edib ki, onun təşəbbüsü ilə ötən əsrin 80-ci illərindən etibarən Şərqşünaslıq İnstitutunun alimləri tərəfindən bu sahədə ardıcıl işlər aparılıb, İrəvan, Naxçıvan, Gəncə-Qarabağ, Borçalı-Qazax, Lori, Ərdəbil bölgələrinə aid bir sıra təhrir dəftərləri tərcümə, nəşr və tədqiq edilib.

Qeyd olunan istiqamət üzrə elmi fəaliyyətin bu gün də davam etdiyini və məruzəçi özünün rəhbərliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondunun dəstəyi ilə həyata keçirilən “Cənubi Qafqaz və Azərbaycana dair Osmanlı vergi dəftərlərinin transliterasiyası, tərcüməsi və nəşri” adlı irihəcmli layihənin bu mənada əhəmiyyətli olduğunu vurğulayıb. Layihə çərçivəsində çalışdığı elmi müəssisə və AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun bir sıra mütəxəssisi tərəfindən Tiflis, Təbriz, Urmiya və Marağa bölgələrinə aid təhrir dəftərlərinin üzərində iş aparıldığını, onların əlyazma mətnlərinin transliterasiya və tərcümə edilərək çapa hazırlandığını deyib. Əlavə edib ki, davamlı tədqiqatların planlaşdırıldığı bu sahədə tariximizin müəyyən dövrü üçün Azərbaycanın milli tarixi atlasının hazırlanması da nəzərdə tutulur.

Məruzə dinlənildikdən sonra mövzu ətrafında akademiklər - Rasim ƏliquliyevNailə VəlixanlıFəxrəddin Qədirovİsa Həbibbəyli, AMEA-nın müxbir üzvləri - Musa QasımlıAkif Musayev, iqtisad elmləri doktoru Nazim İmanov, tarix üzrə elmlər doktorları - Şahin FərzəliyevNərgiz Əliyeva, Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı və digərləri çıxış edərək fikir və təkliflərini bildiriblər.

Suallar cavablandırıldıqdan sonra Rəyasət Heyəti qərar qəbul edib. Tarixi osmanistika elmi istiqamətinin gələcək inkişafının təmin edilməsi məqsədi ilə Şərqşünaslıq İnstitutuna bir sıra  tapşırıqlar verilib.

Mənbə: AMEA

HİKMƏTLİ SÖZLƏR