ENG

Elmin İnkişafı Fondu Kənd Təsərrüfatı Nazirliyi ilə aqrar tədqiqatların dəstəklənməsi sahəsində əməkdaşlıq edəcək

5410
A A A
Mart 06 2018

2018-ci il 6 mart tarixində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyində bu qurumla Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu arasında Əməkdaşlıq Protokolu imzalanıb. Protokolu Azərbaycan Respublikasının Kənd təsərrüfatı naziri Heydər Əsədov və Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev imzalayıb.

Protokolun məqsədi kənd təsərrüfatı sahəsində elmi-tədqiqat proqramlarının, layihələrinin və digər elmi tədbirlərin qrant şəklində ünvanlı maliyyələşdirilməsinə, alimlərin, o cümlədən gənc tədqiqatçı və mütəxəssilərin aqrar elmlər sahəsində elmi fəaliyyətinin stimullaşdırılmasına birgə dəstək göstərilməsi və müvafiq tədbirlərin həyata keçirilməsidir.

İmzalanma mərasimində çıxış edən nazir Heydər Əsədov ölkədə kənd təsərrüfatı sahəsində aparılan islahatlardan, aqrar tədqiqatların səviyyəsindən, Elmin İnkişafı Fondu ilə əməkdaşlığın perspektivlərindən ətraflı danışıb. Nazir müvafiq qurumların rəhbərlərinə tapşırıq, tövsiyə və təkliflərini verib, aqrar elmi tədqiqatlar sahəsində fəallığın daha da artırılmasının, beynəlxalq əməkdaşlığın gücləndirilməsinin zəruri olduğunu qeyd edib.

İcraçı direktor Elçin Babayev çıxışında qeyd edib ki, Azərbaycan hökumətinin davamlı olaraq inkişaf etdirdiyi sahələr arasında kənd təsərrüfatı birincilər sırasında dayanır. Dövlət başçısı ölkənin ərzaq və qida təhlükəsizliyinin təmin olunması, ixrac potensialının artırılması, aqrar sektorun inkişafı məsələlərinə xüsusi əhəmiyyət verir. Kənd təsərrüfatına dövlət dəstəyinin həcmi ildən-ilə artır, subsidiyalar verilir, fermerlər lazımi texnika və aşağı faizli kreditlərlə təmin olunur, müxtəlif tədbirlər həyata keçirilir, dövlət proqramları qəbul edilir.

Tərəflər əməkdaşlığın formalarını bir daha müzakirə edib, yaxın dövr üçün birgə fəaliyyət proqramını razılaşdırıb.

Tərəflər nazirliyin elmi müəssisə və təşkilatları, təhsil müəssisələri və digər müvafiq qurumlarında çalışan alim və mütəxəssislərin qrant müsabiqələrində iştirakının stimullaşdırılması, onlar tərəfindən aqrar elmlər sahəsində fundamental, akademik, innovativ və istehsalatda tətbiqi nəzərdə tutulan, həmçinin nəzəri xarakter daşıyan elmi-tədqiqat proqramlarının və layihələrinin hazırlanmasına texniki dəstək verəcək və elmi ekspertiza işinin təşkili məqsədi ilə aqrar elmlər sahəsində aşağıdakı istiqamətlərdə əməkdaşlıq edəcəklər:

- aqrar elmlər sahəsinin prioritet istiqamətləri üzrə ölkənin sosial-iqtisadi inkişafına əhəmiyyətli töhfə verə biləcək elmi-tədqiqat layihələrinin maliyyələşdirilməsi məqsədi ilə birgə xüsusi qrant müsabiqələrinin keçirilməsi;
- elmi-tədqiqat işlərinin prioritet istiqamətlərinin müəyyənləşdirilməsi;
- alim və mütəxəssislərin qrant müsabiqələrində iştirakının stimullaşdırılması məqsədi ilə təlim və seminarların (o cümlədən regionlarda) keçirilməsi, müvafiq məsləhətlərin verilməsi;
- elmi-tədqiqat işlərinin nəticəliliyinin və  səmərəliliyinin artırılması sahəsində birgə tədbirlərin həyata keçirilməsi;
- aqrar elmlər sahəsinin inkişafı üzrə beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi məqsədi ilə birgə elmi tədbirlərin, o cümlədən elmi və elmi-praktiki  konfrans, seminar, simpozium və forumların keçirilməsi;
- Tərəflərin beynəlxalq elmi və elmi-təşkilati fəaliyyətində qarşılıqlı dəstəyin göstərilməsi;
- Tərəflərin fəaliyyət proqramına uyğun digər birgə tədbirlərin təşkili və keçirilməsi.

Nazirlik Fondun elan etdiyi qrant müsabiqələrinə aqrar elmlər sahəsində təqdim olunan elmi-tədqiqat proqramlarının və layihələrinin ekspertizasının keçirilməsi işində Fonda kömək məqsədi ilə müvafiq ixtisaslar üzrə səriştəli ekspertlər haqqında informasiya bazasının hazırlanaraq Fonda təqdim edilməsi və mütəmadi olaraq yenilənməsi, Fond tərəfindən maliyyələşdirilmiş və aqrar elmlər sahəsinin müxtəlif istiqamətlərini əhatə edən icrası başa çatmış (zərurət yarandıqda isə icrası davam edən) layihələrin birgə qiymətləndirilməsi, eləcə də qrant maliyyələşdirilməsi yolu ilə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin nəticələrinin və onların tətbiq imkanlarının müzakirəsi işlərində iştirak edəcək.

Fond, elan edilən müsabiqələrdə nazirliyin elmi-tədqiqat və təhsil müəssisələrində çalışan alim və mütəxəssislərin iştirakını stimullaşdırmaq məqsədi ilə təlim və seminarların (o cümlədən regionlarda) keçirilməsi, müvafiq məsləhət və tövsiyələrin verilməsi, aqrar elmlər sahəsinin müxtəlif istiqamətləri üzrə elmi tədqiqatların aparılması və nəticələrinin tətbiqi sahəsində beynəlxalq təcrübənin öyrənilməsində nazirliyin elmi tədqiqat  və təhsil müəssisələrinin alim və mütəxəssislərinə dəstək verilməsi, bu məqsədlə nazirliklə birgə elmi tədbirlərin, o cümlədən elmi-praktiki  konfrans, seminar, simpozium və forumların təşkil edilərək keçirilməsində iştirak, aqrar elmlər sahəsində təqdim olunmuş layihələrin müəlliflik hüquqlarının qorunması ilə bağlı qanunvericilikdə müəyyən edilmiş qaydada tədbirlərin görülməsi, aqrar elmlər sahəsinin müvafiq ixtisaslari üzrə təcrübəli alim və mütəxəssilər, həmçinin bu sahədə fəaliyyət göstərən səriştəli ekspertlər haqqında informasiya bazasının yaradılması işlərində iştirak edəcək.

Sonda Elmin İnkişafı Fondunun qrant layihələri çərçivəsində nəşr edilmiş kitablar nazirliyin kitabxanasına təqdim edilib. 

Elmin İnkişafı Fondunun icraçı direksiyası

 

HİKMƏTLİ SÖZLƏR