ENG

Xocalı soyqırımının 26-cı ildönümü Elmin İnkişafı Fondunda anılıb

3447
A A A
Fevral 26 2018

2018-ci il 26 fevral tarixində Elmin İnkişafı Fondunun içraçı direksiyasında Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Fondun icraçı direktoru Elçin Babayev 1992-ci ilin fevralın 26-da Xocalıda törədilən qətliamın dünyada insanlıq əleyhinə yönələn ən ağır soyqırımlardan biri olduğunu deyib.

İcraçı direktor Xocalı soyqırımının dünya birliyi tərəfindən tanınması istiqamətində Azərbaycanın həyata keçirdiyi siyasətin çox geniş vüsət aldığını bildirərək, bu yolda dünya miqyaslı işlərin görüldüyünü qeyd edib. O, bu baxımdan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən 2009-cu ildən başladılan “Xocalıya ədalət” beynəlxalq kampaniyasının xüsusi rolu olduğunu, kampaniyanın məqsədinin beynəlxalq ictimaiyyətin Xocalı faciəsi ilə bağlı məlumat alması, faciəyə beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsi və beynəlxalq səviyyədə anılmasını təmin etməkdən ibarət olduğunu vurğulayıb.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri hələ SSRİ dövründə Xankəndi şəhərində yerləşən zabit və gizirlərinin xeyli hissəsi ermənilərdən ibarət olan 366-cı motoatıcı alayının zirehli texnikası və hərbçilərinin köməyi ilə Xocalı şəhərini yerlə-yeksan edib, sakinlərə amansızlıqla divan tutub, onları vəhşicəsinə, qəddarlıqla, ağlasığmaz işgəncələrlə qətlə yetiriblər. Erməni təcavüzkarlarının xalqımıza qarşı törətdiyi bu növbəti kütləvi qırğın – Xocalı faciəsi 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoydu. 1275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərinin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub. 8 ailənin bütün üzvləri öldürülüb. 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirilib, diri-diri yandırılıb,  başları kəsilib, üzlərinin dərisi soyulub, körpə uşaqların gözləri çıxarılıb... Xocalıların öz doğma torpaqlarında, ev-eşiklərində yaşamaq haqqı əllərindən alınıb. Dövlətin və əhalinin əmlakına 1 aprel 1992-ci il tarixə olan qiymətlərlə 5 milyard rubl dəyərində ziyan vurulub.

Anım tədbiri Elmin İnkişafı Fondunun məsləhətçisi Aybəniz Gülməmmədovanın çıxışı ilə davam etdirilib.

Tədbirdə çıxış edənlər qeyd ediblər ki, Xocalı faciəsi Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcək. Azərbaycan dövləti və əsgəri Xocalını və işğalda olan digər torpaqlarımızı azad edərək tarixi ədaləti bərpa edəcək.

 

Elmin İnkişafı Fondunun icraçı direksiyası

 

HİKMƏTLİ SÖZLƏR