ENG

Milli Genbankda saxlanılan minədək bitki nümunəsinin genetik pasportlaşdırılması aparılıb

2716
A A A
Yanvar 22 2018

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Genetik Ehtiyatlar İnstitutunda Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda ilk dəfə orta (20-30 il) və uzunmüddətli saxlama (50-100 il) şəraiti olan Milli Genbank yaradılıb. “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikası Qanununa və Nazirlər Kabinetinin Qərarına əsasən, Milli Genbanka mühafizə olunan dövlət təbiət obyekti statusu verilib və ölkəmizin milli sərvəti elan edilib.

AZƏRTAC xəbər verir ki, indi burada Milli Genbankla yanaşı, dənli-taxıl və paxlalı bitkilər, tərəvəz və bostan bitkiləri, texniki, yem və dərman bitkiləri, çoxillik bitkilər, biotexnologiya, molekulyar sitogenetika, bitki fiziologiyası, bitki biokimyası, texnologiya, immunogenetika, ekobotanika və sistematika, kənd təsərrüfatı heyvanları, beynəlxalq əlaqələr, koordinasiya və informasiya şöbələri fəaliyyət göstərir. Elmi-tədqiqat işləri, həmçinin institutun elmi baza və dayaq məntəqələrində həyata keçirilir, müvafiq regionlar üçün xarakterik olan bitkilərin yabanı və xalq seleksiyası nümunələrindən ibarət sahə genbankları zənginləşdirilir.

Qeyd edək ki, 2003-cü ildən sonra respublikanın regionlar üzrə zəngin bitki müxtəlifliyinin və itmək təhlükəsində olan növlərin müvafiq aqroiqlim zonalarında mühafizəsini və öyrənilməklə səmərəli istifadəsini təmin etmək üçün Şəki və Qubada elmi-tədqiqat bazaları, Lerikdə dayaq məntəqəsi yaradılıb.

İnstitutda beynəlxalq mərkəzlərin, AMEA-nın və Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə bir sıra layihələr həyata keçirilib, ən müasir biotexnologiya və virusologiya laboratoriyaları yaradılıb. Regionda ilk dəfə institutda quraşdırılmış “Yeni Nəsil Sekvenseri”nin vasitəsilə bitki və heyvan nümunələrinin genomlarının oxunması, genetik pasportlaşdırılması və nəticələrin müvafiq məlumat bazalarında əks olunması imkanları yaradılıb. İnstitutda, həmçinin genetik modifikasiya olunmuş bitkilərin aşkarlanması üçün müvafiq maddi texniki və kadr potensialı formalaşıb. Son dövrlərdə bütün dünyada olduğu kimi, ölkəmizdə də iqlim dəyişikliklərinin biomüxtəlifliyə təsiri ilə bağlı müasir tədqiqatlar da intensivləşdirilib.

İnstitutun məlumatına görə, Milli Genbankda və genefond bağlarında əsasən yerli genetik müxtəlifliyin 405 cinsə, 1200 növə aid 15000-ə qədər nümunəsi, o cümlədən mədəni bitkilərin yabanı əcdadlarına aid 2200-dən çox, xalq seleksiyası sort və formalarına aid 2500-ə qədər qiymətli nümunə 28 beynəlxalq və 50-dən çox yerli ekspedisiya tərəfindən toplanaraq onların Milli Genbankda və sahə genbanklarında etibarlı mühafizəsi təşkil edilib. Bu nümunələr morfoloji, genetik və sitogenetik, fizioloji, biokimyəvi, immunoloji, texnoloji və biotexnoloji və təsərrüfat əhəmiyyətli göstəricilərə görə müasir və sınanmış metodlardan istifadə edilməklə qiymətləndirilir. Yüksək məhsuldar və keyfiyyətli, biotik və abiotik stress amillərinə davamlı donor formalar seçilərək seleksiya proqramlarında səmərəli istifadə olunur.

Milli Genbankda saxlanılan yerli və introduksiya olunmuş 1000-ə qədər nümunənin genetik pasportlaşdırılması həyata keçirilib.

İnstitutda biotexnologiya şöbəsinin tərkibində genomiks laboratoriyası, genetik modifikasiya olunmuş bitkilərin aşkarlanması üçün müvafiq maddi texniki və kadr potensialı yaradılıb. Genetik ehtiyatların genom və transkriptom səviyyəsində öyrənilməsi sahəsində fəaliyyətlər daha da təkmilləşdirilib və molekulyar marker texnologiyasından istifadə etməklə 900-dən artıq bitki nümunəsinin genetik müxtəlifliyi öyrənilib. “Yeni Nəsil Sekvenseri”ndən (İon PGM) istifadə etməklə bitkilərin genetik müxtəlifliyinin öyrənilməsində istifadə olunan sekvens əsasında genotipləşdirmə və çoxpraymerli paralel sekvensləmə (amplikon sekvensləmə) metodları üzrə təlimat hazırlanıb və tədqiqatlara başlanılıb. İlk dəfə buğda genomunu əhatə edən 830 (60 gen spesifik) SNP praymeri dizayn edilmiş, 520 buğda nümunəsinin genetik müxtəlifliyi amplikon sekvensləmə metodu ilə öyrənilib. İlk dəfə Azərbaycan mənşəli 171 yabanı (Hordeum spontaneum L.) və mədəni arpa (Hordeum vulgare L.) nümunəsinin genetik müxtəlifliyi bütün genomu əhatə edən 364 SNP praymerlik panel vasitəsilə analiz edilib və 780 SNP aşkar edilib. Fransa, Almaniya, Çin, Türkiyə, Özbəkistan və Qazaxıstan alimləri ilə birgə ərik genotipləri üzərində aparılan tədqiqatlarla kolleksiyada çox zəngin genetik müxtəliflik və şarka xəstəliyinə davamlılıq geninə malik donor genotiplər aşkarlanıb, ərik bitkisində mədəniləşdirilmə prosesinin ən azı iki dəfə, müxtəlif zaman və məkanlarda, lakin ümumi bir əcdaddan baş verməsi müəyyənləşdirilib.

İnstitutda ilk dəfə nar bitkisinin yerli xalq seleksiyası sortları və yabanı populyasiyalarının yayılma arealları müasir texnologiyalarla dəqiqləşdirilib, molekulyar marker texnologiyası ilə 85 yerli nar sortunun yüksək genetik müxtəlifliyi genomda mikrosatellitlərarası lokuslar əsasında təsdiq edilib, kolleksiya nümunələrinin genetik qohumluq dərəcələri müəyyənləşdirilib. Bu böyük həcmli tədqiqatın nəticələri “Springer” nəşriyyatının “Genetika” jurnalında dərc olunmaq üçün qəbul edilib. Nəhayət, Avstraliya, Rusiya, Amerika Birləşmiş Ştatları və Misir alimlərinin birgə iştirakı ilə dünyada ilk dəfə “Azərbaycan gülöyşəsi” nar sortunun təxminən 350 milyon nukleotid cütündən ibarət nüvə genomu oxunaraq annotasiya olunub, ABŞ-ın Biotexnologiya İnformasiyaları üzrə Milli Mərkəzi tərəfindən 13 dekabr 2017-ci il tarixində qeydə alınaraq dünya tədqiqatçılarının açıq (public) istifadəsi üçün həmin mərkəzin Genbank bazasında yerləşdirilib. Eyni zamanda, nar bitkisinin 6 orqan üzrə transkripsiya profili müəyyənləşdirilib. Ümumi həcmi milyardlarla nukleotid olan bu məlumatların həm ayrılıqda, həm də bir sıra digər bitkilərə (şaftalı, üzüm, evkalipt və s.) aid müvafiq məlumatlarla ilkin müqayisəli bioinformatik analizi bir sıra maraqlı və önəmli elmi faktlar aşkar edib. Müəyyən olunub ki, nar bitkisinin nüvə genomundə 5485 gen ailəsinə daxil olan 51160 potensial gen mövcuddur. Nar, şaftalı, evkalipt və üzüm bitkilərinin zülal kodlaşdıran genlərinin müqayisəsi nəticəsində nar və evkaliptin təkamül baxımından daha yaxın olduğu aşkarlanıb.

 

Mənbə: AZƏRTAC

 

HİKMƏTLİ SÖZLƏR