ENG

Elmin İnkişafı Fondu Avropa Komissiyasının “Şərq Tərəfdaşlığı” Proqramı çərçivəsində Belçikada keçirilmiş “EaP Elm və İnnovasiya üzrə panel iclası”nda təmsil olunub

2963
A A A
Dekabr 18 2017

2017-ci il 14 dekabr tarixində Belçikanın paytaxtı Brüssel şəhərində Avropa Komissiyasının Elm, texnologiya və innovasiyalar sahəsində əməkdaşlıq üzrə “Şərq Tərəfdaşlığı (EaP)” Proqramı çərçivəsində “EaP” Elm və İnnovasiya üzrə panel iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev adıçəkilən iclasda iştirak edib.

İclasda 59 nəfər iştirak etmiş, bunlardan 32-si Şərq Tərəfdaşlığı ölkələrinin nümayəndələri, digərləri isə Fransa, Almaniya, Bolqarıstan, Rumıniya, Slovakiya, Polşa, Litva, Estoniya, həmçinin Avropa Komissiyasının, COST proqramının və digər beynəlxalq qurumların təmsilçiləri olub.

İclas zamanı Azərbaycanda elm, texnologiya və innovasiyalar sahəsində cari vəziyyət qısa şəkildə şərh edilib, Azərbaycanın müxtəlif qurumlarının (EİF, AMEA və digər) “Şərq Tərəfdaşlığı” Proqramı çərçivəsində daha geniş şəkildə elmi əməkdaşlığa hazır olduğu vurğulanıb.

Elmin İnkişafı Fondu Avropa Komissiyasının tədqiqat və innovasiyalar üzrə tanınmış “HORİZON-2020” Proqramının “Black Sea Horizon” və “EaP Plus” beynəlxalq layihələrinin iştirakçısıdır. “EaP Plus” layihəsinin koordinatoru Yunanıstanın Regional və Beynəlxalq Elm-Texnologiya-İnnovasiya Tədqiqatları və Dəstək Mərkəzinin (CeRİSS) icraçı direktoru Dr.George Bonasdır.

İclas müddətində Avropa Birliyi ilə “Şərq Tərəfdaşlığı” ölkələri arasında elm, texnologiya və innovasiya sahəsində əməkdaşlıq proqramı üzrə məsləhətləşmələr aparılıb, EaP çərçivəsində elmi əməkdaşlıq sahəsində cari vəziyyət müzakirə olunmuş, EaP ölkələrində innovasiya ehtiyatlarının gücləndirilməsi üzrə “EU4İnnovation” layihəsinin həyata keçirilməsi, “HORİZON-2020” çərçivəsində 2018-2020-ci illər üçün İşçi Proqramına dair məqsədli qrant müsabiqələri və əlaqəli “SPİRE” (ehtiyatlar və emal sənayesi üçün enerji effektivliyi) proqramı, beynəlxalq proqramlarda iştirakın genişləndirilməsi və təcrübənin yayılması, “EaP Plus” layihəsi üzrə hesabat, elektron infrastrukturların kooperasiyası (E@PConnect), COST proqramında iştirak imkanları, “ağıllı” (“smart”) ixtisaslaşma, “Açıq elm”, 2018-2020-ci illər üzrə iş proqramı, növbəti addımlar və digər məsələlər müzakirə olunub.

 

Elmin İnkişafı Fondunun icraçı direksiyası

 

HİKMƏTLİ SÖZLƏR