ENG

Doktorantların və gənc tədqiqatçıların XXI Respublika elmi konfransı

3014
A A A
Oktyabr 24 2017

Oktyabrın 24-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə doktorantların və gənc tədqiqatçıların XXI Respublika elmi konfransının açılış mərasimi keçirilib.

Mərasimdə təhsil naziri Mikayıl Cabbarov, ali təhsil müəssisələrinin rəhbərləri, tanınmış ziyalılar, doktorantlar və gənc tədqiqatçılar iştirak edib.

Tədbiri giriş sözü ilə açan Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə iqtisadi potensialın intellekt kapitalına çevrilməsi istiqamətində aparılan islahatlardan bəhs edib və təhsil sahəsində görülən işlərin müasir düşüncəli gənclərin hazırlanması məqsədlərinə yönəldiyinə diqqət çəkib.

Təhsil naziri Mikayıl Cabbarov gənclərin tədqiqat işlərinə marağının və bu sahədə fəallığının artırılması istiqamətində görülən işlərdən danışıb, müasir elmi biliklərin təbliği baxımından hər il ənənəvi olaraq keçirilən bu tədbirin əhəmiyyətini qeyd edib. Təhsil naziri ölkə Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı, “Azərbaycan Milli Elmlər Akademiyasının gənc alimlərinin Avropanın elmi mərkəzlərində doktorantura təhsilinin maliyyələşdirilməsi”, “Gənclər üçün Prezident Mükafatının təsis edilməsi” və digər mühüm sənədlərin gənclərin yüksək qayğı ilə əhatə edilməsinə bariz nümunə olduğunu bildirib.

Nazir yüksək səviyyəli mütəxəssis hazırlığının beynəlxalq standartlara və dövrün tələblərinə uyğunlaşdırılmasının zəruriliyini vurğulayıb, bununla bağlı ölkəmizin ali təhsil müəssisələrində elmi potensialın mövcudluğunu qeyd edib. "Elm haqqında" qanunun qəbul edilməsi ilə qanunvericiliyə tədqiqat universitetlərinin yaradılmasının daxil edildiyini deyən təhsil naziri bu statusu qazanan universitetlərə dövlət tərəfindən müvafiq maddi dəstək göstəriləcəyini diqqətə çatdırıb. Mikayıl Cabbarov bildirib ki, tədqiqat universitetlərində fundamental tədqiqatlar aparılmaqla yanaşı yüksək texnologiyalara əsaslanan elm tutumlu sahələrin kadr və informasiya təminatının həyata keçirilməsi nəzərdə tutulur. Tədqiqat fəaliyyətinin təşkili işi ilə bağlı təhsil naziri nəzərə çatdırıb ki, bu, universitetlər üçün davamlı şəkildə güclənməkdə olan rəqabət mübarizəsinin həlledici amillərindən birinə çevrilir, dünya reytinq siyahılarının hazırlanmasında istifadə edilən meyarlar arasında tədqiqat fəaliyyəti 20 faiz çəkiyə malikdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, Azərbaycan Dövlət Neft Sənaye Universitetinin (ADNSU) rektoru Mustafa Babanlı çıxış edərək gənclərin elmi tədqiqatlara cəlb olunmasının vacibliyini söyləyib, son illərdə bu istiqamətdə atılan addımların təqdirəlayiq olduğunu bildiriblər.

Sonra gənc doktorantlar müxtəlif mövzularda təqdimat ediblər.

Qeyd edək ki, iki gün davam edəcək kоnfransa 18 ali təhsil müəssisəsindən və AMEA-dan 400-ə yaxın tezis təqdim olunub. Doktorantların və gənc tədqiqatçıların məruzələrinin dinlənilməsi və müzakirəsi üçün nüfuzlu alimlərin rəhbərliyi ilə 14 bölmə yaradılıb.

Doktorantların və gənc tədqiqatçıların Respublika elmi konfransının materialları Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dissertasiyaların əsas elmi nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlər siyahısına daxildir.

Plenar iclasdan sonra konfrans öz işini bölmələrdə davam etdirib.

Doktorantların və gənc tədqiqatçıların Respublika elmi konfransı 1991-ci ildən keçirilir. Konfransın keçirilməsində əsas məqsəd elm və təhsilin inteqrasiyası, gənc alimlərin yüksək ixtisaslı kadr kimi yetişməsi sahəsində kompleks tədbirlərin həyata keçirilməsi və gənclərin elmi fəaliyyətə daha geniş miqyasda cəlb edilməsidir.

 

Mənbə: Təhsil Nazirliyi

 

HİKMƏTLİ SÖZLƏR