ENG

Argentina Respublikasının Azərbaycandakı səfiri Elmin İnkişafı Fondunda olub

3713
A A A
İyun 30 2017

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu beynəlxalq əlaqələrini genişləndirir və əməkdaşlıq sahəsində konkret planlar həyata keçirir. Ötən illərdə Fond Argentina Respublikasının Azərbaycandakı səfirliyi ilə də əməkdaşlıq edib.

2017-ci il 30 iyun tarixində Argentina Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Karlos Diva Elmin İnkişafı Fondunda olub.

Görüşdə Fondun icraçı direktoru Elçin Babayev Azərbaycan və Argentina arasında əlaqələrin inkişaf etdiyini, digər sahələrdə olduğu kimi elmi əməkdaşlığın da yeni dövrün tələblərinə uyğun olaraq qurulmalı olduğunu, birgə maraq doğuran elmi prioritetlər nəzərə alınmaqla və tətbiqi sahələrə üstünlük verilməklə əməkdaşlığa başlanılmasının zəruri olduğunu qeyd edib.

Konkret təklif kimi Azərbaycan və Argentina alimlərinin birgə tədbirlərinin və qrant müsabiqələrinin təşkil edilərək keçirilməsi, bu məqsədlə ilk addım kimi isə Azərbaycanın Bakı, Gəncə və Naxçıvan şəhərlərində aqrar elmlər üzrə birgə beynəlxalq elmi-təcrübi seminarın keçirilməsi ideyası irəli sürülüb və razılaşdırılıb.

Səfir Karlos Diva da hər iki ölkə arasında ən müxtəlif səviyyələrdə mövcud olan siyasi, iqtisadi və humanitar münasibətləri xarakterizə edib. Səfirlik tərəfindən Azərbaycan və Argentina alimləri arasında səmərəli əməkdaşlıq münasibətlərinin inkişaf etdiriləcəyinə hər cür dəstək göstəriləcəyi qeyd olunub.

 

Elmin İnkişafı Fondunun icraçı direksiyası

Əlavə link: salamnews

 

HİKMƏTLİ SÖZLƏR