ENG

II Azərbaycan Elm Festivalı öz işinə başlayıb

2882
A A A
Oktyabr 31 2016

Oktyabrın 31-də AMEA-nın təşəbbüsü ilə keçirilən II Azərbaycan Elm Festivalının açılış mərasimi olub.

Festival UNESCO, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, ABŞ-ın Azərbaycandakı səfirliyi və Moskva Dövlət Universitetinin təşkilati dəstəyi ilə reallaşdırılıb.

Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

AMEA-nın Əsas binasında təşkil olunmuş tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə II Azərbaycan Elm Festivalının ölkəmiz və elmimiz üçün böyük əhəmiyyət daşıdığını söyləyib. Bildirib ki, tədbirin əsas məqsədi elmimizin bugünkü nailiyyətlərini geniş ictimaiyyətə tanıtmaq, müasir elmi bilikləri təbliğ etmək, gəncləri elmi fəaliyyətə cəlb etməklə elmi-tədqiqat işlərinə marağı artırmaqdır. Həmçinin festival ictimaiyyətin elm sahəsində əldə olunmuş yeniliklərlə tanış edilməsi, elm və cəmiyyət arasında dialoqun yaradılması baxımından böyük əhəmiyyətə malikdir. 

AMEA rəhbəri elmimizin uğurlarının nümayiş olunduğu festivalda akademiyanın bütün elmi müəssisə və təşkilatları ilə yanaşı, bir sıra ali və orta təhsil müəssisələrinin nümayəndələrinin də iştirak etdiyini söyləyib. Diqqətə çatdırıb ki, festival öz işinə noyabrın 1-də Naxçıvanda, noyabrın 2-də Sumqayıtda, noyabrın 4-də Şəkidə və noyabrın 5-də Gəncədə davam edəcək.

2014-cü ildə keçirilmiş I Elm Festivalında 15 mindən artıq insanın iştirak etdiyini xatırladan akademik A.Əlizadə qeyd edib ki, bu dəfəki tədbir miqyasına və məzmununa görə fərqlidir və bura qatılanların sayının 50 minə çatacağı gözlənilir.

A.Əlizadə ölkəmizdə elmin və təhsilin inkişafına göstərilən xüsusi dövlət qayğısından, alimlərimizin əldə etdiyi uğurlu elmi tədqiqatların əhəmiyyətindən, gənc alimlərə yaradılan şəraitdən də danışıb. O, AMEA-nın bir sıra dövlət qurumları ilə əməkdaşlığı çərçivəsində həyata keçirilən layihələrin əhəmiyyətini qeyd edib.

AMEA rəhbəri bu gün AMEA-nın infrastrukturunun təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlərin görüldüyünü vurğulayaraq bildirib ki, rəhbərlik etdiyi elm ocağında islahat yönümlü hədəflər 2020-ci ilə qədər davam edəcək. 

Alim Akademiyada magistratura təhsilinin artıq 2 ildir ki, həyata keçirildiyini və hazırda 75 magistrantın təhsil aldığını diqqətə çatdırıb.  O, müasir dövrdə elm sahəsində gənc kadrların hazırlanması, onların düzgün istiqamətləndirilməsi və bütün sferalarda fəaliyyətlərinin artırılmasına dəstək göstərməyin son dərəcə vacib olduğunu qeyd edib. Bütün alim və mütəxəssisləri bu prosesdə fəal iştirak etməyə çağırıb.

Sonra çıxış edən AR Təhsil naziri Mikayıl Cabbarov müstəqil Azərbaycanın 25 il ərzində elm və ali təhsil sahəsində keçdiyi yoldan söz açıb. O, müstəqillik illərində ölkəmizdə təhsil sisteminin sürətlə inkişaf etdiyini vurğulayaraq ali təhsil müəssisələrinə qəbul olunanların sayının 2016-cı ildə 1990-ci ilə nisbətdə 2 dəfədən çox artdığını diqqətə çatdırıb.

“Azərbaycanda elm və təhsilin dövlət siyasətinin prioritet istiqamətləri olduğunu 2016-cı ildə qəbul olunmuş “Elm haqqında” Qanun təsdiqləyir”, - deyə bildirən nazir Qanunda ali təhsil müəssisələri üçün yeni “tədqiqat universiteti” statusunun müəyyənləşdirildiyini qeyd edib. Bildirib ki, bu, ali məktəblərimizin elmi fəaliyyətinin stimullaşdırılması və onların qarşısında qoyulan yeni tələblərlə bağlıdır.

M.Cabbarovun sözlərinə görə, Təhsil Nazirliyi qarşısında qoyulan vəzifələrdən ən başlıcası təhsilin keyfiyyətini yüksəltmək məqsədi ilə elmin gücündən istifadəni genişləndirməkdir. Bunun üçün Təhsil Nazirliyi Milli Elmlər Akademiyası, ölkədə fəaliyyət göstərən elmi təşkilatlar və biznes strukturları ilə birlikdə elm və təhsilin arasındakı əlaqəni gücləndirməyə, elmi əməkdaşlıq əlaqələrini inkişaf etdirməyə səy göstərir. Təhsil Nazirliyinin dəstəyi ilə AMEA-da magistratura yaradılması, AMEA ilə Təhsil Nazirliyinin bir sıra layihələri birgə reallaşdırılması bu əməkdaşlığın nəticəsidir.  

Nazir çıxışının sonunda elmin bütün cəmiyyətlərin ehtiyac duyduğu tərəqqini sürətləndirmək üçün ən böyük qüvvə olduğunu vurğulayaraq, tədbir iştirakçılarını, xüsusilə gənc nəslin nümayəndələrini elmi prosesin iştirakçısı olmağa səsləyib. 

Daha sonra Ümumdünya Elm Festivalının prezidenti Cudit Coksun II Elm Festivalının iştirakçılarına təbriki səsləndirilib.

Tədbirdə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov festivalın elmi nailiyyətlərin təbliğində, elmə marağın artırılmasında mühüm rol oynayacağına əminliklərini bildiriblər.

Sonra festival bədii hissə ilə davam edib. AMEA-nın marşı səslənib, əyləncəli elmi şoular nümayiş etdirilib, həmçinin ABŞ-ın "Acidic Band" qrupu çıxış edib.

AMEA rəhbərliyi, digər rəsmi şəxslər və fəxri qonaqlar AMEA-nın Alimlər Evində təşkil edilmiş sərgi ilə tanış olublar.

Festival Mərkəzi Elmi Kitabxana, Geologiya və Geofizika İnstitutu, Kataliz və Qeyri-üzvi Kimya İnstitutu, Fizika İnstitutu, Bakı Dövlət Universiteti, Ali Neft Məktəbi, 132-134 nömrəli Təhsil Kompleksində təşkil olunmuş elmi-populyar mühazirələr ilə davam edir.

Gün ərzində bir sıra muzeylər, texnoparklar və digər məkanlara elmi ekskursiyalar təşkil olunacaq.

Festival öz işinə regionlarda davam edəcək.

 

Mənbə: AMEA

HİKMƏTLİ SÖZLƏR