ENG

Elmin İnkişafı Fondu Özbəkistanla əməkdaşlıq edəcək

2727
A A A
Noyabr 15 2016

Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev 2016-cı il 9-13 noyabr tarixlərində Özbəkistanda səfərdə olub.  Özbəkistan Respublikası Nazirlər Kabinetinin Elm və Texnologiyaların İnkişafının Koordinasiyası Komitəsində sədrin müavini və icraçı aparatın rəhbəri Dr. Odilxuja Parpievlə görüş keçirilib, ikitərəfli əlaqələrin perspektivi müzakirə olunub, tərəflər arasında əməkdaşlıq haqqında Saziş imzalanması razılaşdırılıb, 2017-ci ildə keçiriləcək Özbəkistan Respublika İnnovativ ideyalar, texnologiyalar və layihələr Yarmarkasında Azərbaycandan olan alim və mütəxəssislərin iştirakı barədə razılığa gəlinib. Özbəkistan tərəfi qrant müsabiqələrinin keçirilməsi qaydaları üzrə Elmin İnkişafı Fondunun təcrübəsi haqqında məlumatlandırılıb.

Fondun icraçı direktoru Elçin Babayev Özbəkistan Respublikası Nazirlər Kabineti və Özbəkistan Milli Universiteti tərəfindən təşkil olunmuş “Fundamental və tətbiqi fizikanın yeni inkişaf meylləri: problemlər, uğurlar və perspektivlər” Beynəlxalq Simpoziumunun Nəzəri fizika və astrofizika bölməsində “Investigations carried out on Physics of the Sun and Solar-Terrestrial Relations In Azerbaijan: Current Status and  Perspectives of Collaboration” mövzusunda şifahi elmi məruzə edib.

Özbəkistan Elmlər Akademiyasının Uluq Bəy adına Astronomiya İnstitutunda direktor professor Şuhrat Ehgamberdievlə və əməkdaşlarla görüş keçirilib, həmçinin dünya şöhrətli alim, akademik Raşid Sünyayevin kosmologiya üzrə seminarında iştirak baş tutub.

Konfrans iştirakçıları Səmərqənd şəhərində də olub, Özbəkistanın mərhum Prezidenti İslam Kərimovun məzarı, Uluq Bəyin Rəsədxanası, digər tarixi yerlər ziyarət olunub.

Ezamiyyət zamanı tədbirlərdə iştirakla yanaşı, aşağıdakı şəxslərlə qısamüddətli görüşlərdə potensial əməkdaşlıq imkanları müzakirə olunub: Beynəlxalq Geodeziya Assosiasiyasının Prezidenti, Professor Harald Schuh; Almaniya Maks Plank Cəmiyyətinin Astrofizika İnstitutunun direktoru, akademik Raşid Sünyayev; ABŞ Nyu-York Dövlət Universitetinin Lazerlər, Fotonika və Biofotonika İnstitutunun icraçı direktoru, Professor Paras N. Prasad; Asia və Sakit Okean Hövzəsi Nəzəri Fizika Mərkəzinin Prezidenti Professor Bum-Hoon Lee; Afrika Elmlər Akademiyasının Vitse-prezidenti, Professor Mahmoud Abdel-Aty; Özbəkistan Fizika Cəmiyyətinin Rəhbəri Dr. Davron Matrasulov.

Səfər Özbəkistan Respublikası Baş nazirinin müavini cənab Məcit Kərimov tərəfindən göndərilmiş dəvətnamə əsasında baş tutub.

Elmin İnkişafı Fondunun icraçı direksiyası

 

HİKMƏTLİ SÖZLƏR