ENG

Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev İki sahil internet televiziyasının ”Bizimlə həmsöhbət” proqramının qonağı olmuşdur

2943
A A A
Dekabr 20 2016

Müsahibimiz Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayevdir

- Elçin müəllim, bu gün ölkədə elmin inkişafına, elmi araşdırmaların miqyasının genişləndirilməsinə töhfəsini verən qurumlardan biri də Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondudur. İlk olaraq Fondun yaranması zərurətinə aydınlıq gətirərdiniz...

- Elmin İnkişafı Fondunun (EİF) fəaliyyətinin əsasını qrant layihələri vasitəsilə elmin maliyyələşdirilməsi təşkil edir. Bununla yanaşı, fond elmin inkişafına təkan verən müxtəlif tədbirlər, treninqlər də keçirir. Bu treninqlərə, bir qayda olaraq, xaricdən tanınmış mütəxəssislər dəvət olunurlar. Elmin, təhsilin inkişafına hər zaman diqqət öndə olub. Bu mənada dünyada gedən qlobal proseslərə qoşulub, bu proseslərdə fəal iştirak etmək üçün  elmin maliyyələşdirilməsinin daha bir çevik mexanizmini axtarıb tapmaq lazım idi. Bu isə bir qayda olaraq dünya praktikasında elmə dəstək verən fondlar vasitəsilə həyata keçirilir. Birmənalı olaraq bildirərəm ki, bu gün ölkəmizdə elmin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Eyni zamanda 2009-2015-ci illərdə ölkədə elmin inkişafı üzrə Milli Strategiya işlənib hazırlanmışdır. Elmin İnkişafı Fondu da  məhz bu strategiyanın tərkib hissəsi olaraq 2009-cu ildə ölkə başçısı İlham Əliyevin müvafiq Sərəncamı ilə yaradıldı və o dövrdə qarşıya qoyulmuş vəzifələri uğurla yerinə yetirdi. Bu gün inamla demək olar ki, Elmin İnkişafı Fondu bir püxtələşmiş quruma çevrilib. Ötən dövr ərzində fond özünün bir çox qrant müsabiqələrini keçirib. İnamla demək olar ki, regionda ölkəmizin elm mərkəzinə çevrilməsi üçün şərait də, stimul da var.  Elmi-tədqiqatların maddi-texniki bazası gücləndirilməsi məqsədilə fond böyük maliyyə həcmli pilot layihələr həyata keçirir.  Burada əsas məqsəd elmi-tədqiqat institutlarını ən müasir parametrlərə malik avadanlıq və qurğularla təmin etməklə, alimlərimizin  yaradıcılıq imkanlarını genişləndirməkdir. Artıq bu sahədə uğurlarımız var.

- Ölkəmizdə gənclərə hər zaman dəstək var. Elmin İnkişafı Fondu gənc alimlərlə iş birliyini necə qurub?

- Ümumiyyətlə, Elmin İnkişafı Fondu yaşından asılı olmayaraq bütün fəal, işgüzar  alimləri dəstəkləyir. Yaşlı alimlərimizlə yanaşı, gənc elm adamlarının da layihələrinə dəstək verilir. Üç müsabiqə başa çatıb, növbəti müsabiqənin keçirilməsinə hazırlaşırıq. EİF həmin müsabiqə üçün elmi prioritetləri müəyyənləşdirir, təqdim olunan mövzuları isə layihənin rəhbərləri və iştirakçıları seçirlər. Yəni, burada sifarişli layihələr yoxdur. Lakin prioritetlərdən və elanın məzmunundan aydın olur ki, hansı mövzular daha vacib və əhəmiyyətlidir. Layihədə alim və mütəxəssislər iştirak edə bilərlər. Onlara ad, mövzu seçimində sərbəstlik verilir. Amma layihələr üçün əsas meyar, hər şeydən əvvəl, onların elmtutumlu olmasıdır.

Bu müsabiqələrin təhlili göstərir ki, artıq gənclərdə elmə məqsədyönlü şəkildə həvəs göstərilir. Adətən gender bərabərsizliyindən danışırıq. Lakin sevindirici haldır ki, artıq qadınların elmə olan marağı getdikcə artmaqdadır. Biz gənc alimlərimizə biz hansı yollarla dəstək veririk? Burada alimlərə stimullaşdırıcı əməkhaqqı verilir. Məqsəd onların müəyyən mənada sosial vəziyyətini yaxşılaşdırmaqdır. Onu da qeyd edim ki, verdiyimiz stimullaşdırıcı əmək haqqı onların əsas iş yerindəki əmək haqlarından bəzən dəfələrlə çox olur. Digər tərəfdən isə alimlərimizin elmi ezamiyyətlərini təşkil edirik. Çünki elm beynəlmiləldir. Onun vətəni, sərhədi yoxdur. Əlaqələr qurulmalıdır və bu əlaqələr insanlar üçün daha böyük əməkdaşlığa çevrilməlidir. Bu mənada bəzən zarafatla deyirik ki, istəyirsiniz elmi məqsədlər üçün Antraktidaya gedin, sadəcə bunu ciddi şəkildə əsaslandırın. Həmçinin irəli sürülən layihələri həyata keçirmək üçün fondun maliyyə dəstəyi ilə alimlərimizi hər cür ləvazimatla təmin edirik. Onlar üçün İKT avadanlıqları, xüsusi elmi cihazlar, məmulatlar alınır və bunların hamısının məqsədi fəal çalışan alimlərimiz üçün əlavə müvafiq işçi şəraitin yaradılması, elmi əlaqələrin qurulması, beynəlxalq əməkdaşlığın inkişafı kimi məqsədlərdir. Təbii ki, ekspertlər tərəfindən bunun vacibliyi təsdiq edildikdən sonra ən müasir parametrlərə malik avadanlıqlar verilir. Bu layihələr çərçivəsində nanotexnologiyalar sahəsində tədqiqatlar aparmaq üçün Yaponiya, Avropa, Amerika, Kanadanın istehsalı olan ən müasir və bahalı elmi cihazlar alınaraq gətirilib, quraşdırılıb, sazlanıb və alimlərin istifadəsinə verilib. Artıq Fizika İnstitutunda bu cihazların bazasında innovasiyalar mərkəzi yaradılıb. İlkin tədqiqatlar aparılıb, çox gözəl nəticələr alınıb. Xüsusilə qeyd edim ki, Fizika İnstitutunda aparılan tədqiqatlar o qədər əhəmiyyətlidir ki, hətta Yaponiyadan gənc mütəxəssislər gəlib burada hazırlıq mərhələsi keçir və birgə elmi-tədqiqat işləri aparırlar.  Birmənalı şəkildə bildirirəm ki, gənc alimlərə azad şəkildə öz planlarını həyata keçirməyə hər bir şərait yaradılır. Onların daha da püxtələşməsi üçün xüsusi konfranslar keçirilir. Çünki ölkənin gələcəyi onların çiyinlərindədir. Gənc alimlərin formalaşması eyni zamanda ölkənin gələcəyinin firavanlığı deməkdir.

- Qeyd etdiniz ki, alimləri dünyanın bir çox ölkələrinə ezamiyyətlərə göndərirsiniz. Əsasən hansı ölkələr üstünlük təşil edir,? Yaxın qonşularımız, yoxsa fərqi yoxdur istənilən ölkə...

- Elmin İnkişafı Fondu üçün yaxın və ya uzaq ölkə anlayışı yoxdur. Bizim üçün nüfuzlu, əhəmiyyətli institutlar və universitetlər var. Dünyanın 38 ölkəsinə ezamiyyətlər təşkil etmişik. Hesab edirəm ki, gələcəkdə də bu ənənəni davam etdirəcəyik. Təbii ki, qonşu, dost ölkələrlə münasibətlər daha da inkişaf etdirilməlidir. Bu mənada Elmin İnkişafı Fondu bir çox təşkilatlarla sazişlər imzalayıb və çox gözəl əlaqələr yaradıb. Ümumiyətlə, fond beynəlxalq əməkdaşlıqda maraqlıdır, həm də bu prossesdə çox fəal iştirak edir. Elmin İnkişafı Fondu fəaliyyətə başladığı ilk gündən etibarən qrant müsabiqələri yolu Azərbaycanda əldə olunan elmi nəticələri ölkə hüdudlarından kənarda tanıtmaq, alimlərin xaricdə keçirilən elmi tədbirlərdə, qüsamüddətli təcrübə artırmada iştirakını təmin etmək, elmi nəşrləri dəstəkləmək və başqa bu kimi məsələlərin həllini bir məqsəd kimi müəyyənləşdirib. Fond ölkədə elmin inkişafına yeni yanaşma gətirən bir qurum kimi gənc alimlərin bir araya gəlməsinə, əməkdaşlıq etməsinə xüsusi şərait yaradır. Məşhur “Elsevier”  və “Thomson Reuters” şirkətləri ilə çox səmimi əməkdaşlıq münasibətləri quraraq alimlərimiz üçün treninqlər təşkil edir.  Burada iki məqsəd var: birincisi, gənclərin xaricdə qısamüddətli təcrübə keçərək püxtələşməsidir. Yeni texnologiyaların, yeni metodların öyrənilməsidir. Daha sonra isə onların Azərbaycanda tətbiq olunaraq öz həmkarlarına öyrədilməsidir. Bəzən bunların çox yüksək maliyyə tələb edən kursları olur. Fondun maliyyə dəstəyi ilə gənc alimlərimiz Almaniya, Yaponiya və s. yerlərdə  xüsusi kurslar keçirlər. Bunun çox böyük əhəmiyyətinin olduğu danılmaz həqiqətdir.

- Elçin müəllim, vurğuladınız ki, dünyanın 38 ölkəsi ilə əməkdaşlıq edirsiniz. Azərbaycan hazırda elmin inkişafı baxımından digər inkişaf etmiş ölkələrdən nə dərəcədə fərqlənir?

- Hər zaman qeyd edirəm ki, statistika həm düzgündür, həm də təhlükəlidir. Tutaq ki, müqayisə edək Rusiya və Azərbycan alimlərinin məhsulunu. Əsasən burada nəşr olunmuş məqalələr və s. götürülür. Burada nisbi rəqəmlərdən istifadə etmək lazımdır. Rusiyada olan alimlərin sayını bölmək lazımdır onların məqalələrinin sayına. Ümumiyyətlə, Azərbaycan elmin bütün sahələrində öz sözünü deməyə çalışır. Bəzən Elmin İnkişafı Fondunu qınayırlar ki, Adron Kollayderi  layihələrinə alimlərimizi göndərmək üçün qrant veririk. Səbəb də göstərirlər ki, biz o qədər də inkişaf etməmişik, ora bizim yerimiz deyil və s. Əksinə, bizim yanaşmamız tamamilə fərqlidir. Fond bütün elm sahələrini açıq elan edir. Təkcə fundamental elmi yox, həm də innovativ xarakterli elmləri dəstəkləyirik. Bunlar da onu digər fondlardan fərqləndirir. Bizdə daha çox universallıq var. Böyük maliyyə yatırımları qoyaraq, dünyanın bir çox yerlərindən brilyant ağıllı insanları bir araya toplayan ölkələr təbii ki, daha irəli gedən nəticələr almağa qadirdirlər. Artıq ölkəmiz də bu məqsədə doğru istiqamətlənib. Bu gün Azərbaycan iqtisadiyyatının qarşısında duran çağırışlar elmin inkişafı ilə birbaşa bağlıdır. Ona görə də dövlətimizin başçısı xatırladır: “Biz iqtisadi inkişafımızın gələcək istiqamətlərini müəyyən edərkən güclü elmi əsaslara söykənməliyik. Möhtərəm Prezidentimiz İlham Əliyev qarşımza konkret bir vəzifə qoyub. Azərbaycan tez bir zamanda regionun həm də elmi mərkəzinə çevrilməlidir. Digər tərəfdən, dövlət başçısının bir sözü ilə hər zaman fəxr edirəm: “...Biz elmi nailiyyətlərin istifadəçisinə yox, onların müəllifinə çevrilməliyik”.” Bu mənada Azərbaycanda bütün elmlə bağlı təşkilatlar hamısı müvafiq bir amal ətrafında birləşməlidir. Alimlərimiz üçün müəyyən şəraitləri yaratmalıyıq ki, gözlədiyimiz o meyarlara cavab verən alimlər ordusu yetişsin. Bu, heç də o demək deyil ki, bu gün elə alimlərimiz yoxdur. Həm ölkəmizdə, həm də ölkəmizin hüdudlarından kənarda fəaliyyət göstərən çox istedadlı alimlərimiz var. Bizim borcumuz onları qiymətləndirmək eyni zamanda, dünya miqyasında da tanıtmaqdır. Bütün bunlara da beynəlxalq əməkdaşlıq qurmaqla nail olmaq olar. Bu yaxınlarda iki konfrans keçirdik. Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunan “Türkoloji elmi-mədəni hərəkatda ortaq dəyərlər və yeni çağırışlar”” mövzusunda konfrans,  ikinci isə XIV Asiya-Sakit Okean hövzəsi ölkələrinin Kvant İnformatikası elmi konfransı oldu. Burada tanınmış alimlər iştirak etdilər. Bunun çox böyük əhəmiyyəti var. Çünki gələn qonaqlar həm elmi nailiyyətlərin müzakirə edilməsi, bölüşdürülməsi ilə yanaşı, həmin ölkənin mədəniyyəti ilə də tanış olurlar.

- Dövlət Proqramları çərçivəsində bir çox gənclərimiz xarici ölkələrdə təhsil alırlar. Maraqlıdır, fondun keçirdiyi layihələrdə sırf bakalavr, magistratura təhsilini xaricdə alan gənclərimiz üstünlük təşkil edirmi?

- Xaricdə təhsil alan gənclərimiz əslində bizim üçün potensial alimlərdir. Onlar yüksək bacarıq, vərdişlər əldə etdikdən sonra əksəriyyəti vətənə dönüb elmi fəaliyyətlərini davam etdirir və etdirəcəklər. Hətta hesab edirəm ki, onlar qayıtmasalar, xaricdə qalıb güclü elmi fəaliyyət göstərsələr belə, bu özü də  dünya miqyasında Azərbaycanın bir tanıtımına xidmət edəcəkdir. Elmin İnkişafı Fondunun qrant müsabiqələrdə yaşlı və orta nəsil alimləri ilə yanaşı, gənc alimlər də iştirak edirlər. Gənc alimlər sırasında püxtələşmiş bakalavr, magistr səviyyəsində istedadlı gənclər də iştirak edirlər. Yeri gəlmişkən bildirim ki, Dövlət Proqramı sayəsində fəal çalışan gənclər haqqında məlumat bazası yaratmışıq. Bu məlumat bazası vasitəsilə xaricdə təhsil alaraq geri dönmüş gənclərin fəaliyyətini müşahidə edə, izləyə bilirik. Həqiqətən də xaricdə təhsil alan gənc alimlərin fəaliyyəti, yaradıcılığı daha aktivdir. Qrant müsabiqələrində də fəal iştirak edirlər və üstünlük də təşkil edirlər. Onların arasında Prezident mükafatçıları da var. Bütün bunları deməkdə məqsədim ondan ibarətdir ki, dövlətin yaratdığı şəraitdən bəhrələnən alimlər inkişaf etməyə davam edir, çünki onlardan çox böyük gözləntilər var. Gənclər üçün yaş həddi 29 yaş olmasına baxmayaraq Elmin İnkişafı Fondunun qrant müsabiqələri üçün yaş həddini 35 yaş müəyyənləşdirmişik. Ən gənc qalib layihə rəhbərinin 16-17 yaşı var. İKT sahəsində  qalib olan həmin gənc dünya miqyasında keçirilən bir çox olimpiada müsabiqələrinin də qalibi olub. Hər zaman da birinci və  ikinci yerlərə layiq görülüb. O artıq müstəqil şəkildə proqramlar yazır, dəvətlər alır. Hazırda “ADA” Universitetində təhsil alır. Hesab edirəm ki, bu qrant layihələri bu kimi gənclərimizin inkişafına təkan verməklə gələcəkdə onların elmi sahədə bir az da irəli getməsinə dəstək olacaq.  Elmə qoyulan sərmayə hər zaman öz bəhrəsini verərək ölkə üçün faydalı olur. Ölkənin həm iqtisadi, həm mədəni cəhətdən gücləndirilməsi ilə yanaşı onun müdafiə qüvvəsinin də güclənməsinə birmənalı təsir göstərir.

- Ölkə daxilində hansı qurumlarla əməkdaşlıq edirsiniz? Bu qurumlarla işbirliyindən razısınızmı?

- Əlbəttə. Qarşımıza qoyulan məsələlərdə birlikdə çalışırıq. Heç bir problem yoxdur. Əksinə bizim əməkdaşlığımız çoxşaxəlidir. Hansısa bir istiqamətdə məhdudlaşmır. Elmin İnkişafı Fondunun Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Müəllif Hüquqları Agentliyi və bir çox digər təşkilatlarla da işbirliyi var. Onlarla çox səmərəli əməkdaşlıq edirik. Bütün bunlar öz bəhrəsini göstərir. Ümumiyyətlə, dünya elm məkanında Azərbaycanın layiqincə təmsil olunmasının təmin edilməsi, elmi informasiya mübadiləsinin aparılması, lazım gəldikdə birgə elmi-tədqiqat layihələrinin yerinə yetirilməsi Elmin İnkişafı Fondunun qarşısına qoyulan vəzifələrdir.  Hesab edirəm ki, dövlətin yaratdığı bu imkan və şərait Azərbaycan alimlərinin daha böyük elmi nailiyyətlərinə zəmin olacaq.

Şəmsiyyə Əliqızı, Şəfiqə Dadaşova, 
Röya Şahbazi, Vüsal Cahanov, (Foto) “İki sahil”

 

Mənbə: İki sahil televiziyası

İki sahil televiziyası (video)

Video qalereyaya keçid

 

HİKMƏTLİ SÖZLƏR