ENG

ABŞ Prezidenti Barak Obamanın elmi məsələlər üzrə xüsusi elçisi xanım Elis Qast Elmin İnkişafı Fondunda olmuşdur

4897
A A A
Mart 09 2011

ABŞ Prezidenti Barak Obamanın təhsil və elm sahələrində əlaqələrin möhkəmləndirilməsi təşəbbüsü çərçivəsində ABŞ-ın elmi məsələlər üzrə xüsusi elçisi, tanınmış kimyaçı-mühəndis və «Lehigh» Universitetinin prezidenti xanım Elis Qast (Alice P. Gast) və nümayəndə heyətinin üzvləri – ABŞ Dövlət Departamentinin Okeanlar, ətraf mühit və elm bürosunun Mərkəzi, Şərqi Avropa və Rusiya ilə Elmi və Texnoloji Əməkdaşlıq məsələləri üzrə məsul şəxsi xanım Elizabet Dauğarti (Elizabeth Daugharty), ABŞ-ın Azərbaycandakı Səfirliyinin İctimai əlaqələr şöbəsinin müdiri Terri Devidson, İqtisadi məsələlər üzrə müşavir xanım Olqa Romanova, Təhsil və mədəniyyət işləri üzrə müşavir Brent Mayer və Səfirliyin əməkdaşı xanım Sədaqət Davudova Azərbaycana səfər proqramına uyğun olaraq 9 mart tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunda olmuşlar.

Qonaqlara Elmin İnkişafı Fondunun fəaliyyəti haqqında ətraflı məlumat verilmiş, qrant müsabiqələrinin keçirilməsi sisteminin əsas prinsipləri, elmi prioritetlərin seşilməsi, ekspertiza işinin təşkili, beynəlxalq əlaqələr, birgə qrant müsabiqələri, KİV-lə əlaqələr və s. kimi məslələrə toxunulmuşdur. Elmin İnkişafı Fondunun fəaliyyətinin ilk yarandığı gündən şəffalıq prinsipləri üzərində qurulması, bütün məlumatların internet səhifəsində yerləşdirilməsi, qrant iddiaçıları üçün seminarların keçirilməsı, qrant layihələrində iştirak üçün məhdudiyyətlərin minimum olması, elmin bütün sahələrinin təsnifatda təmsil olunması, gənc alimlərə, qadın alimlərə və diasporadakı alimlərə olan xüsusi yanaşma tərzi, layihələrin əksəriyyətinin müxtəlif qurumlardan (akademik, təhsil, qeyri-hökumət təşkilatları və b.) olan alimlərin formalaşdırdığı müvəqqəti yaradıcı kollektivlər tərəfindən təqdim olunması, maddi-texniki təminatla bağlı (modern xarici elmi cihaz və avadanlıqların, komplektləşdirmə məmulatlarıının alınması) iri maliyə həcmli pilot qrant layihələrinin həyata keçirilməsi kimi novator addımlar, yeni yaradılmış gənc qurum olan fondun qısa müddət ərzində qazandığı nailiyyətlər qonaqlar tərəfindən yüksək qiymətləndirilmişdir.

ABŞ-ın müvafiq qurumları ilə əməkdaşlıq məsələləri də müzakirə olunmuşdur. Prioritetlər sırasında ABŞ Mülki Tədqiqatlar və İnkişaf Fondu (CRDF), ABŞ Milli Elm Fondu (NSF) və b. ilə səmərəli əlaqələrin qurulması qeyd olunmuşdur. Qeyd olunmuşdur ki, Elmin İnkişafı Fondu tərəfindən bu iş artıq başlanmışdır. Əməkdaşlığın ilk addımı kimi Elmin İnkişafı Fondunun müsabiqələrin və qrantların idarə olunmasının tamamilə avtomatlaşdırılması və on-layn rejimə keçirilməsi işinin amerikalı həmkarlarla birlikdə yerinə yetirilməsi planlaşdırılır.

Qonaqların sualları cavablandırılmış və müvafiq izahlar verilmişdir. Xanım Elis Qast elmi nəticələrin iqtisadiyyatda və istehsalatda tətbiqi, innovativ ideyaların həyata keçirilməsi, elmi nəticələr əsasında bilavasitə Azərbaycanda istehsal prosesinə nail olmaq, enerji, informasiya texnologiyaları və nanotexnologiyalar istiqamətlərinə diqqət yetirilməsi, beynəlxalq əlaqələri genişləndirmək kimi tövsiyələr vermiş, bu işdə yardımçı olacaqlarını bildirmişdir.

Sonda qonaqlarla xatirə şəkilləri çəkdirilmişdir.

Elmin İnkişafı Fondunun icraçı direksiyası

 

HİKMƏTLİ SÖZLƏR