ENG

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu ilə Belarus Milli Elmlər Akademiyası və Belarus Respublika Fundamental Tədqiqatlar Fondu arasında əməkdaşlıq haqqında beynəlxalq Saziş imzalanmışdır

3036
A A A
Sentyabr 28 2012

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu beynəlxalq əlaqələrini genişləndirir və birgə qrant müsabiqələrinin keçirilməsi üzrə əməkdaşlıq sahəsində konkret planlar həyata keçirir. 2010-2011-ci illərdə Avropa Komissiyasının 7-ci Çərçivə Proqramı ilə əməkdaşlıq uğurlu olmuşdur.

Elmin İnkişafı Fondu digər ölkələrdəki analoji qurumlarla müntəzəm olaraq əlaqə saxlayır və təcrübə mübadiləsi aparır. Bu məqsədlə 27-29 sentyabr 2012-ci il tarixlərində Elmin İnkişafı Fondunun icraçı direktoru və icraçı direksiyanın dörd əməkdaşı Belarus Respublikasının paytaxtı Minsk şəhərində ezamiyyətdə olmuşdur.

Səfərin əsas məqsədi Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) ilə Belarus Milli Elmlər Akademiyası (BMEA) və Belarus Respublika Fundamental Tədqiqatlar Fondu (BRFTF) arasında əməkdaşlıq haqqında beynəlxalq Sazişin imzalanması olmuşdur. Bu məsələ Azərbaycan-Belarus Hökumətlərarası komissiyanın 2012-ci ildə keçirilmiş 7-ci iclasının Protokoluna da daxil edilmişdir.

28 sentyabr 2012-ci il tarixində Belarus Milli Elmlər Akademiyasının Rəyasət Heyətində adıçəkilən Saziş BMEA Rəyasət Heyətinin sədri akademik A.M.Rusetski, BRFTF Elmi Şurasının sədri - icraçı direksiyasının direktoru akademik V.A.Orloviç və EİF icraçı direktoru E.S.Babayev tərəfindən imzalanmışdır.
 
Mərasimdə BMEA Rəyasət Heyəti sədrinin müavini A.V.Sukalo, Baş elmi katibi S.Y.Kilin və Azərbaycan Respublikasının Belarus Respublikasındakı Səfirliyinin birinci katibi Z.Tanarverdi, Elmin İnkişafı Fondunun əməkdaşları və digər rəsmi şəxslər iştirak etmişlər.
 
Mərasim Belarus Respublikasının kütləvi informasiya vasitələri, o cümlədən, dövlət televiziyası tərəfindən geniş şəkildə işıqlandırılmışdır. BRFTF Elmi Şurasının sədri-icraçı direksiyasının direktoru akademik V.A.Orloviçin və EİF icraçı direktoru E.S.Babayevin elmi əməkdaşlığın perspektivləri haqqında müsahibələri bir neçə televiziya kanalında yayımlanmışdır.
 
27-29 sentyabr 2012-ci il tarixlərində EİF icraçı direksiyasının dörd əməkdaşı 21 illik təcrübəyə malik BRFTF-da ixtisasartırma kursları keçmiş, hər iki Fondun birgə təşkil etdiyi təcrübə mübadiləsi üzrə seminarda iştirak etmişlər. Əməkdaşlara müvafiq sertifikatlar təqdim olunmuşdur.
 
27 sentyabr 2012-ci il tarixində EİF nümayəndə heyəti BMEA V.İ.Stepanov adına Fizika İnstitutunda olmuşdur. Fizika İnstitutunun direktor müavini V.V.Maşko və digər məsul şəxslər İnstitutun fəaliyyəti ilə bağlı təqdimat keçirmiş, Belarus fizikləri ilə AMEA Fizika İnstitutunun əməkdaşları arasında qrant müsabiqələri yolu ilə əməkdaşlığın perspektivləri və konkret sahələri müzakirə olunmuşdur.
 
EİF nümayəndə heyəti BMEA Fizika İnstitutunun bir neçə laboratoriyasında olmuş və Azərbaycan tərəfi üçün maraq doğuran tətbiqi xarakterli cihazların işi ilə bilavasitə tanış olmuşlar. Bunların sırasında atmosfer tədqiqi üçün nəzərdə tutulmuş lidar sistemlər, ekoloji tədqiqatlar aparmağa imkan verən qamma-spektrometrlər, arxeoloji və tarixi nümunələri təmizləyən lazer qurğular və digər oxşar cihazlar daha çox maraq doğurmuşdur.
 
27 sentyabr 2012-ci il tarixində EİF nümayəndə heyəti BMEA-nın Tarixi Muzeyi ilə tanış olmuşdur. Həmin gün BRFTF ilə EİF arasında birgə qrant müsabiqələrinin təşkili və keçirilməsi üzrə məsləhətləşmələr aparılmış, birgə Komissiya yaradılmış və bu Komissiyaya hər iki Fondun icraçı direksiyasından üzvlər müəyyən edilmişdir. 1–ci Azərbaycan-Belarus beynəlxalq qrant müsabiqəsinin prioritetləri, keçirilmə tarixi, ekspertiza işinin təşkili ilə bağlı məsələlər müzakirə olunaraq razılaşdırılmışdır. 28 sentyabr 2012-ci il tarixində EİF nümayəndə heyəti BMEA Mərkəzi Botanika Bağında, Dendraridə, BMEA-nın daimi fəaliyyət göstərən “Elmi nailiyyətlər sərgisi”ndə, həmçinin Belarus Respublika Texnologiyalar Transferi Mərkəzində olmuşdur.
 
27-29 sentyabr 2012-ci il tarixlərində Minsk şəhərinə ezamiyyət müddətində bağlanmış beynəlxalq Saziş, keçirilmiş görüşlər və müzakirələr Azərbaycan və Belarus arasında müxtəlif sahələrdə davamlı inkişaf edən dostluq və əməkdaşlıq münasibətlərinin daha da gücləndirilməsi baxımından uğurlu olmuşdur.

 

Elmin İnkişafı Fondunun icraçı direksiyası

 

HİKMƏTLİ SÖZLƏR