ENG

Elmin İnkişafı Fondunun Gənc alim və mütəxəssislərin 1-ci qrant müsabiqəsinin qalib rəhbərləri ilə seminar və təqdimat xarakterli görüş keçirilmişdir

A A A
Aprel 12 2012

İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, ixtisaslı kadrların, xüsusi ilə gənc kadrların hazırlanmasına qoyulan investisiyalar insanın formalaşmasına qoyulan investisiya sayılır. Başqa sözlə, bu, insana kapital qoyuluşu da adlandırılır və belə investisiyalar insan kapitalı yaradır.

Müasir dövrdə bu növ investisiyalar rəqabətdə üstün olmağın həlledici amili sayılır. İnsana kapital qoyuluşu - insanların mütəxəssis kimi hazırlanmasına qoyulan investisiyadır. Dünya təcrübəsində insana kapital qoyuluşu ən çox gəlir gətirən investisiya hesab olunur.

Son bir neçə il ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev elmin inkişafına, bu sahədə problemlərin kompleks həllinə xidmət edən, elmi kadrların hazırlığı ilə bağlı onlarla sərəncamlar və dövlət proqramları imzalamışdır. Dövlət başçısının 2009-cu il 4 may tarixli 255 nömrəli “”Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”nın və “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncamları, 2011-ci il 6 aprel tarixli 1418 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı və bu Proqramın həyata keçirilməsi üzrə Tədbirlər planı bu baxımdan xüsusi vurğulanmalıdır.

"Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının həyata keçirilməsi üzrə tədbirlər planinda ölkənin təhsil, elm, mədəniyyət, idarəetmə sahəsində potensialı haqqında dolğun məlumatın formalaşdırılması, dövlət dəstəyinin ünvanlılığı və səmərəliliyinin təmin edilməsi, gənc alimlərin elmi fəaliyyətinin stimullaşdırılması, gənclər arasında sağlam rəqabət və elmi ünsiyyət mühitinin yaradılması, onların nailiyyətlər əldə etmək imkanlarının artırılması məqsədilə İstedadlı gənclər və gənc alimlər barəsində məlumat bankının yaradılması (maddə 6.3.1), gənc alimlərin iştirak etdiyi layihələrə qrantların verilməsi üzrə müsabiqələrin təşkili (maddə 6.3.2), “İstedadların hazırlığı laboratoriyası”nın təşkili və fəaliyyətinin təmin edilməsi (maddə 6.3.3) kimi ciddi tədbirlər də nəzərdə tutulur. Bu tədbirlərin həyata keçirilməsinə, digər qurumlarla yanaşı, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu da xüsusi töhfə verir. 

2012-ci il 12 aprel tarixində “Hilton Baku” otelinin “Yaqut” zalında Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Gənc alim və mütəxəssislərin 1-ci qrant müsabiqəsinin qalib rəhbərləri ilə seminar və təqdimat xarakterli görüş keçirilmişdir. Adıçəkilən müsabiqə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı və bu Proqramın həyata keçirilməsi üzrə Tədbirlər planına müvafiq olaraq keçirilmişdir.

Tədbiri giriş sözü ilə Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev açmış, ölkədə elmin inkişafı üzrə dövlət siyasətindən bəhs etmiş, qrant müsabiqəsinin qalibi olan gənc alimləri təbrik etmişdir. Ölkə tarixində ilk dəfə olaraq keçirilən gənc alim və mütəxəssislərin 1-ci müsabiqəsinin ilk qalibləri olmağın bir şərəf olduğunu qeyd edən E.Babayev bu cür müsabiqələri müntəzəm olaraq və geniş formatda keçiriləcəyini bildirmişdir.

E.Babayev müsabiqənin 2011-ci il 10 noyabr tarixində - Ümumdünya Elm Günündə elan olunduğunu, nəticələrin 2012-ci il 20 mart tarixində - Novruz Bayramı Günündə açıqlandığını,  qalib layihə rəhbərləri ilə görüşün isə 2012-ci il 12 aprel tarixində - Ümumdünya Kosmos Günündə keçirildiyini xüsusilə vurğulamışdır. Müsabiqədən əvvəl bir qrup gənc alim və mütəxəssislərlə Elmin İnkişafı Fondunun icraçı direksiyasında keçirilmiş görüşün və müzakirələrin nəticələri müsabiqənin elmi prioritetlərinin təyinində və müsabiqə şərtlərinin müəyyənləşdirilməsində həlledici rol oynamışdır.

Gənc alim və mütəxəssislərin ilk qrant müsabiqəsi çərçivəsində 26 layihə qalib gəlmişdir. Bu layihələr üzrə ən müxtəlif qurumlardan 73 gənc alim və mütəxəssis müvəqqəti yaradıcı kollektivlər şəklində elmi tədqiqatlarla məşğul olacaq və bir sıra elmi proqramlarını reallaşdıracaqlar.

Müsabiqədə qalib gələn layihə rəhbərləri və icraçılar müxtəlif dövlət qurumlarını, ali təhsil müəssisələrini, qeyri-hökümət təşkilatlarını, özəl qurumları təmsil edirlər. Qalib layihələr sırasında 15 layihə fundamental-tətbiqi xarakterli, 2 layihə axtarış-innovasiya xarakterli, 2 layihə maddi-texniki təminat xarakterli, 5 layihə ekspedisiya və çöl işləri xarakterli, 1 layihə Azərbaycanda elmi tədbirin təşkili və keçirilməsi və 1 layihə xaricdə qısamüddətli təcrübəkeçmə xarakterli olmuşdur. Qalib layihələrin rəhbər və icraçıları Azərbaycan Milli Elmlər Akademiyasının 37 əsas institutundan 15-nin, 1 mərkəzin, 1 qeyri-hökumət təşkilatının, 1 özəl müəssisənin əməkdaşları, 8 ali təhsil müəssisəsinin (1-i özəl universitet olmaqla) tələbələri və əməkdaşlarıdırlar. 5 elm sahəsi üzrə 26 layihədən 5 layihə fizika–riyaziyyat və texnika elmləri üzrə, 3 layihə Yer haqqında elmlər üzrə, 9 layihə biologiya, tibb və aqrar elmləri üzrə, 4 layihə kimya elmləri üzrə və 5 humanitar və ictimai elmlər üzrədir. Müsabiqə üzrə qalib layihələrin ümumi maliyyələşdirilmə həcmi 500000 manat təşkil etmişdir. 35 yaşadək olan layihə rəhbərləri və icraçıları arasında gender bərabərliyi müşahidə edilir.

12 aprel tarixində keçirilmiş görüşdə qrant layihələrinin idarə olunması, layihələrin hüquqi qeydiyyatı və maliyyələşdirilməsinin həyata keçirilməsi üçün müvafiq sənədlər toplusunun hazırlanması, Elmin İnkişafı Fondu ilə layihə rəhbərləri arasında bağlanacaq müqavilənin şərtləri, maliyyə-hesabat məsələlərinin optimal həlli üzrə məsləhət və tövsiyələr verilmişdir.

Dövlətin gənclər siyasətindən danışan Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İntiqam Babayev öz çıxışında qeyd etmişdir ki, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı“ çərçivəsində Tədbirlər planı üzrə Elmin İnkişafı Fondunun cəlb olunduğu 3 məsələdən 2-si üzrə real və konkret işlər tez bir zamanda və keyfiyyətlə görülmüş, müsabiqə keçirilmiş, fəal çalışan gənc alimlər haqqında məlumat bankının ilkin versiyası hazırlanmışdır.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin Analitik təhlil və proqnozlaşdırma sektorunun müdiri Fərhad Məmmədov gənclərlə bağlı dövlət siyasətin coğrafiyasının genişləndiyini, ölkədən kənarda olan gənc alimlərlə əlaqələrin yeni səviyyədə qurulduğunu qeyd etmiş, Elmin İnkişafı Fondunun yaranmasının isə çoxdan arzulanan bir hadisə olduğunu vurğulamışdır. Fond gənc alimləri qrant müsabiqələrinə cəlb etməklə gələcək üçün zəmin yaradır.

AMEA Şərqşünaslıq İnstitutunun direktoru, professor, millət vəkili Gövhər Baxşəliyeva  Elmin İnkişafı Fondu tərəfindən maliyyələşdirilən və gənc alimlərin də iştirak etdiyi layihələrin uğurlarından danışmış və elmin gələcəyinin gənc alimlərlə bağlı olduğunu vurğulamışdır.

AMEA Fizika İnstitutunun laboratoriya müdiri, Elmin İnkişafı Fondunun ilk müsabiqəsinin qalib layihə rəhbəri, professor Mirzə Qurbanov elmdə yeni gənc alimlər nəslinin yetişməsinin günün zərurəti olduğunu qeyd etmişdir.

Gənc alimlərin adından çıxış edən qalib layihə rəhbəri Elşən Nuriyev Elmin İnkişafı Fondunun gənclərə göstərdiyi etimadı doğrultmağa çalışacaqlarını bildirmişdir.Tədbirdə əvvəlki müsabiqələr üzrə layihələrlə bağlı hesabat və təqdimat da keçirilmişdir.

Millət vəkili, AMEA-nın müxbir üzvü, professor Yaqub Mahmudov öz çıxışında Elmin İnkişafı Fondunun qərb standartları səviyyəsində və şəffaf şəkildə öz işini qurmuş bir dövlət qurumu olduğunu vurğulamış, Fondun Himayədarlar Şurasının Azərbaycan tarixinin yeni konsepsiyada yazılmasına xüsusi diqqət yetirdiyini bildirmişdir.

Humanitar və ictimai elmlər sahəsinin Vətən tarixi istiqaməti üzrə elmi əsərlərin nəşri xarakterli “Azərbaycan tarixi (3 cilddə) (elmi konsepsiya)” layihəsi Elmin İnkişafı Fondunun 2010-cu il üçün 2-ci qrant müsabiqəsinin (EİF-2010-2(2)) qalibi olmuş, Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunda AMEA-nın müxbir üzvü, professor, İnstitutun direktoru, layihə rəhbəri Yaqub Mahmudovun və digər tanınmış tarixçi alimlərin birgə səyi nəticəsində uğurla yerinə yetirilmiş və elmi konsepsiya hazırlanmışdır. Elmi konsepsiya müzakirə olunaraq müvafiq rəylər alındıqdan və Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının qərarı verildikdən sonra onun əsasında Fondun Himayədarlar Şurasının sədri akademik R.Ə.Mehdiyevin ümumi redaktorluğu ilə yeni üçcildlik Azərbaycan tarixi nəşr  olunacaqdır.

Azərbaycan tarixinin yeni konsepsiyası ən qədim zamanlardan bu günə qədərki dövrü əhatə edir. Bu konsepsiya hazırlanarkən Ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixinin tədqiqinə dair göstəriş və tövsiyələri əsas götürülmüşdür. Konsepsiyada Azərbaycan tarixinin dövrləşdirilməsi problemində yeni baxış öz əksini tapmışdır. Hər bir cilddə Azərbaycan tarixinin konseptual məsələlərinin daha dərindən araşdırılmasına xüsusi diqqət yetirilmişdir.

I cild Azərbaycan tarixinin ən qədim zamanlardan başlayaraq XVIII əsrin 30-cu illərinə qədər olan dövrünü əhatə edir. Bu dövrün siyasi, sosial-iqtisadi, mədəniyyət problemlərinin bütün genişliyi ilə xalqımızın milli mənafeyinə uyğun şəkildə tədqiqi məsələsi öz əksini tapmışdır.

II cild Azərbaycanın yeni dövr tarixi məsələlərini, ilk növbədə XVIII əsrin ortalarında Azərbaycanda müstəqil dövlətlərin – xanlıqların yaranması, qonşu dövlətlərlə münasibətlər, rusiya imperiyası tərəfindən Şimali Azərbaycanın işğalı və ölkə ərazisinin iki yerə parçalanması, işğal olunmuş Şimali Azərbaycan torpaqlarına ermənilərin kütləvi şəkildə köçürülməsi, bu ərazilərdə aparılan inzibati-ərazi dəyişiklikləri və nəticədə Azərbaycanın tarixi sərhədlərinin məqsədli şəkildə dəyişdirilməsi, Azərbaycanda milli-müstəmləkə siyasətinin həyata keçirilməsi, milli neft sənayesinin yaranması, XIX əsrin II yarısı - XX əsrin əvvəlində burada milli, rus və Qərb ölkələrinin kapitalının təmsil olunması, XIX əsrin II yarısı - XX əsrin əvvəlində Cənubi Azərbaycanın siyasi, sosial iqtisadi və mədəniyyət tarixi məsələləri, I Dünya müharibəsi və vuruşan dövlətlərin plan­larında Azərbaycan məsələsi, Şimali Azərbaycanda ictimai və siyasi təşkilatların yaranması və fəaliyyəti və digər çox mühüm prob­lemlərin tədqiqini nəzərdə tutur.

Konsepsiyanın III cildi Azərbaycanın müasir dövr tarixinin ən aktual problemlərinin tədqiqini nəzərdə tutur. Burada əsas diqqət 1918-ci ildə Azərbaycan xalqına qarşı törədilmiş soyqırım cinayətləri, Şimali Azərbaycanda milli dövlətçiliyin bərpası, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və fəaliyyəti, Sovet Rusiyasının hərbi təcavüzü nəticəsində süqutu, Azərbaycan SSR-in yaradılması və onun SSRİ-nin tərkibinə qatılması, XX əsrdə Azərbaycanın itirilmiş torpaqlarının tarixi, 1941-1945-ci illərdə faşizm üzərində qələbədə Bakı neftinin müstəsna rolu, XX əsrdə Cənubi Azərbaycanın tarixi məsələləri, XX əsrin 50-60-cı illərində Azərbaycan SSR-in ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatı məsələlərinin dərindən tədqiqi nəzərdə tutulur.

Bundan əlavə, konsepsiya gələcək müstəqilliyin siyasi, iqtisadi və ideoloji əsaslarının yaradılması, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Sovet imperiyasının süqutu və Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası, onun möhkəmləndirilməsi və qoru­nub saxlanılması, Azərbaycan Respublikasında demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun, iqtisadi inkişaf strategiyasının həyata keçirilməsi, vətəndaş cəmiyyəti quruculuğunun, milli təhlükəsizliyin təmin edilməsi, bugünkü Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu siyasətinin, xalqımızın milli dəyərlərinin saxlanması və daha da inkişaf etdirilməsi kursunun uğurla həyata keçirilməsi, Azərbaycan Respublikasının iqtisadi və hərbi qüdrətinin və beynəlxalq mövqeyinin güclənməsi, ölkədə elm, təhsil, idman və mədəniyyətin inkişafı və digər məsələlərin tədqiqini nəzərdə tutur.

Humanitar və ictimai elmlər sahəsinin arхеоlоgiya istiqaməti üzrə Elmin İnkişafı Fondunun 2011-ci ilin 1-ci müsabiqəsinin (EİF-2011-1(3)) qalibi olmuş fundamental-tətbiqi xarakterli “İlkin sivilizasiyaları əks etdirən arxeoloji komplekslər (Göytəpə neolit dövrü abidəsi-açıq səma altında arxeopark)” beynəlxalq (Azərbaycan-Yaponiya) layihəsi çərçivəsində nəşr olunmuş “Sivilizasiyanın başlanğıc nöqtəsi - Göytəpə neolit dövrü abidəsi” kitabçası haqqında da məlumat verilmişdir. Azərbaycan və ingilis dillərində yazılmış kitabçanın müəllifləri Fərhad Quliyev və Yoshihiro Nişiyakidir.

Tədbirin sonunda Elmin İnkişafı Fondunun əvvəlki müsabiqələri üzrə bir sıra tamamlanmış uğurlu layihələrin rəhbərlərinə sertifikatlar təqdim edilmişdir. 

Elmin İnkişafı Fondunun icraçı direksiyası

 

HİKMƏTLİ SÖZLƏR