ENG

Elmin İnkişafı Fondunda Şuşanın işğalının 24 illiyi ilə əlaqədar tədbir keçirilmişdir

A A A
May 06 2016

Tədbirdə Fondun icraçı direktoru Elçin Babayev çıxış edərək  qeyd edib ki, mənfur ermənilər öz havadarlarının köməyindən istifadə edərək Azərbaycanın ən dilbər güşələrindən biri olan Şuşanı işğal etməklə orada olan maddi-mədəniyyət abidələrimizi, xalqımızın milli-mənəvi dəyərlərini də darmadağın edib, ağır faciələrə yol açıb. Şuşanın işğal tarixini bir daha yada salmaqda məqsəd bu tarixi unutmamaq və bundan ibrət dərsi götürməkdir. Azərbaycanın bu qədim, zəngin tarixə və mədəniyyətə malik olan şəhərinin Ermənistan hərbi birləşmələri tərəfindən ələ keçirilməsi ilə Dağlıq Qarabağın incisi əldən gedib.

Elçin Babayev Azərbaycan Ordusunun son zəfərindən danışıb, Ali Baş Komandan cənab İlham Əliyevin həm böyük strateq, həm də taktikanı qətiyyətlə həyata keçirən müdrik dövlət başçısı olduğunu, cəbhənin 200 metrlik məsafəsində xalqın yanında olduğunu xatırladıb. Qeyd olunub ki, Fond 2012-ci ildə “Şuşa qrantı”nı təsis edib, indiyədək 3 müsabiqə keçirilib.

Tədbirdə çıxış edən Elmin İnkişafı Fondunun əməkdaşı Ləman Hacıyeva Şuşanın işğalı nəticəsində xalqımızın başına gətirilən müsibətlərdən, erməni vandalizmindən, dəyən maddi- mənəvi ziyanlardan danışıb. Qeyd edib ki, bu gün həm iqtisadi, həm siyasi, həm də hərbi cəhətdən güclü Azərbaycan dövləti var. Aprel ayının əvvələrində Azərbaycanın Milli Ordusunun öz hərbi qüdrətini nümayiş etdirməsi, Azərbaycan ordusunun düşmənə layiqli cavab verməsi və əhali arasında milli ruhun yüksəlməsi onu göstərdi ki, tezliklə işğalda olan torpaqlarımız düşmənlərdən azad olunacaq.

Sonda isə Fondun əməkdaşı, Füzulidən olan məcburi köçkün Fərid Xudiyev öz çıxışında bu faciənin uşaqlıq xatirələrində necə dərin iz buraxdığını və Azərbaycan xalqının qələbəyə və bizi bu qələbəyə aparan Prezidentimiz İlham Əliyevə olan inamından danışıb.

Tədbirdə Azərbaycanın mədəniyyət beşiyi olan Şuşanın zəngin təbiəti, memarlıq abidələri, elm və incəsənət aləminə bəxş etdiyi görkəmli şəxsiyyətləri haqqında məlumat verilib, şəhərin işğaldan əvvəlki və sonrakı görüntüləri nümayiş etdirilib.

Elmin İnkişafı Fondunun icraçı direksiyası

 

HİKMƏTLİ SÖZLƏR