ENG

İşıqlı insan...(Mahmud Kərimovun xatirəsinə)

A A A
Mart 18 2013

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının sədr müavini, Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının sədri, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının İdarə Heyətinin sədri, Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədri, elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, professor, akademik... Bunlar Mahmud Kərimovun daşıdığı MİSSİYAnın zahiri göstəriciləridir. Hamıya örnək olan ZİYALI, Azərbaycanını sevən VƏTƏNDAŞ, mülayim, işıqlı və çox təmiz bir İNSAN... Bunlar isə onun daxili idi...

Onun portretinin ən gözəl cizgisi isə simasındakı işıqdır və bu təkrarolunmaz işıq Mahmud Müəllimin bütün həyatından, elmi və təşkilati fəaliyyətindən, ailəsindən, dostlarından, ətrafındakı insanlara münasibətindən qırmızı xətt kimi keçir..

Mahmud Müəllimin baxışlarının, çıxışlarının, söhbətlərinin əsas leytmotivini Azərbaycanda alim adının daha da yüksəlməsi, nüfuzunun və xüsusi çəkisinin daha da artması, son nəticədə də ölkənin güclənməsi, rifahlanması və alim kapitalı baxımından zənginləşməsi təşkil edirdi.

Azərbaycanda alınmış elmi nəticələrin layiqincə təmsil olunması, beynəlxalq əməkdaşlıq, elmə ayrılan vəsaitlərinin artırılmasının vacibliyi, alimlərin sosial vəziyyətinin yaxşılaşdırılması, gənclərin elmə axınının sürətləndirilməsi, doktorantların təqaüdlərinin artırılması, elmdə müasir texnologiyaların tətbiqi, modernləşmə, maddi-texniki bazanın və kadr potensialının gücləndirilməsi.... və bu kimi məsələlər idi onun qayğıları, arzuları....

Ürəklə başladığı və davam etdirdiyi işləri, arzularını sona çatdırmağa, MİSSİYAsını tamamlamağa ürəyi vəfa etmədi Mahmud müəllimin. Və...biz itirdik. Və... hamımız itirdik. Tək Azərbaycanın elmi ictimaiyyəti yox, Azərbaycan xalqı, ziyalılığı, insanlığı Mahmud Kərimovu itirdi. Mahmud Müəllim ƏBƏDİYYƏT qazandı, bizlər isə onun İŞIQLI XATİRƏSİNİ... O Dünyan da Bu Dünyan kimi nurlu olsun, Mahmud Müəllim....

 

Elmin İnkişafı Fondunun icraçı direksiyası

HİKMƏTLİ SÖZLƏR