ENG

Elmin İnkişafı Fondunda 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilmişdir

A A A
İyun 14 2013

Fondun icraçı direktoru Elçin Babayev əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsində Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən və Ulu Öndərin hakimiyyəti illərində əldə olunmuş nailiyyətlərdən söhbət açmışdır. O, Ulu Öndərin layiqli davamçısı olan Prezident İlham Əliyevin yeni, davamlı inkişaf strategiyasından və onun uğurlarından danışmış, ölkəmizin iqtisadi potensialının və dünyada imic və nüfuzunun daha da artığını qeyd etmişdir. Vurğulanmışdır ki, dövlət başçısının “qara qızılı insan kapitalına çevirmək” siyasəti digər sahələrdə olduğu kimi, elmin inkişafına da mühüm töhfələr verir. Ölkə Prezidentinin elmə qayğı və diqqətinin nəticəsi olaraq elmi tədqiqatların  maddi-texniki bazasının möhkəmləndirilməsi, alimlərin fəaliyyətinin stimullaşdırılması istiqamətlərində vacib addımların atıldığı vurğulanmışdır.

Fondun əməkdaşı Leyla Zamanlı öz çıxışında müasir Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyunundan 20 il keçdiyini xatırladaraq, bu günün xalqımızın həyatında mühüm tarixi-siyasi əhəmiyyət kəsb etdiyini vurğulamışdır. O qeyd etmişdir ki, 1993-cü ildə - ölkəmizdə xaos və anarxiyanın hökm sürdüyü günlərdə - Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli çağırışı ilə yenidən hakimiyyətə qayıdışı nəticəsində ictimai-siyasi sabitlik bərpa olunmuş, vətəndaş müharibəsinin qarşısı alınmışdır. Bu tarixi gün, eyni zamanda, müasir Azərbaycan dövlətçiliyinin xilası günüdür.

Tədbir çərçivəsində 1-ci Azərbaycan-Belarus birgə beynəlxalq qrant müsabiqəsinin qalibi olmuş layihələrin rəhbərləri ilə görüş də keçirilmişdir. Fondun icraçı direktoru Elçin Babayev qalib layihə rəhbərlərini təbrik etmiş və belə bir ənənəvi görüşün əlamətdar bir gündə - Milli Qurtuluş Günü ərəfəsində keçirilməsini xüsusi olaraq vurğulamışdır.

Müsabiqə üzrə 7 fundamental-tətbiqi xarakterli layihə qalib elan edilmişdir. Bu müsabiqə üzrə Azərbaycan tərəfi üçün ümumi maliyyələşdirilmə həcmi 490000 manat olmuşdur. Bu layihələr fizika-riyaziyyat və texnika elmləri, həmçinin humanitar və ictimai elmlər sahələrini əhatə etməklə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda, Radiasiya Problemləri İnstitutunda, Milli Aviasiya Akademiyasında, Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunda, Azərbaycan Texniki Universitetində və Bakı Slavyan Universitetində yerinə yetiriləcəkdir.

Belarus tərəfdən Belarus Milli Elmlər Akademiyasının Fizika İnstitutu, Metalpolimer Sistemlərinin Mexanikası İnstitutu, Energetika İnstitutu, Belarus Dövlət İnformatika və Radioelektronika Universiteti, Belarus Dövlət Universitetinin Tətbiqi Fizika Problemləri İnstitutu və Belarus Dövlət Pedaqoji Universitetinin əməkdaşları birgə elmi-tədqiqat layihələrində iştirak edəcəklər.

Qalib layihə rəhbərləri professor Təvəkkül Şükürbəyli (Bakı Slavyan Universiteti) və professor Rəhim Mədətov (Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutu) çıxış edərək, Milli Qurtuluş günü münasibəti ilə tədbir iştirakçılarını təbrik etmiş və onlara göstərilən etimadı doğruldacaqlarını bildirmişlər. Çıxışlarda qeyd olunmuşdur ki, dahi şəxsiyyət və böyük dövlət xadimi Heydər Əliyevin 1993-cü ilin iyun günlərində yenidən hakimiyyətə qayıdışı Azərbaycanı parçalanmaq və məhv olmaq təhlükəsindən xilas etmişdir. Qısa müddətdə ölkədə siyasi-iqtisadı sabitlik yaratmağa nail olan Ulu Öndər dövlətimizin və millətimizin qurtuluşuna imza atmışdır.

Tədbirdə cıxış edən Fondun baş məsləhətçisi Günel Həsənova qalib layihə rəhbərlərini qrant layihələrinin idarə olunmasının hüquqi və maliyyə aspektləri ilə tanış etmiş, sualları cavablandırmışdır.

Sonda 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş video materiallar nümayiş etdirilmişdir.

 

Elmin İnkişafı Fondunun icraçı direksiyası

 

HİKMƏTLİ SÖZLƏR