ENG

Elmin İnkişafı Fondunda “Heydər Əliyevin müasir tarixdə rolu” mövzusunda tədbir keçirilmişdir

A A A
May 10 2014

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunda ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə tədbir keçirilmişdir.

Tədbirdə Fondun icraçı direktoru Elçin Babayev ümummilli liderin daim elmə və təhsilə dövlət siyasətinin üstün istiqaməti kimi yanaşmasını vurğulayaraq, Heydər Əliyevin peşəkar strateq olduğunu qeyd etmiş, Azərbaycanda elmin inkişafına verdiyi əvəzsiz töhfələrdən danışmışdır.

Diqqətəlayiq haldır ki, yüksək intellektə malik şəxsiyyət olan Heydər Əliyev elm və texnikanın, mədəniyyət və maarifin, ədəbiyyat və incəsənətin inkişafı məsələlərinin həlli məqamlarında yüksək peşəkarlıq göstərmiş, cəmiyyətin, xalqın inkişafını elmdə, intellektdə görmüşdür. Vurğulanmışdır ki, Heydər Əliyev elmə, alimə həmişə yüksək qiymət vermişdir. Bunun ilk səbəbi özünün də elmi təfəkkür sahibi olması, öz fəaliyyətini həmişə elmi prinsiplər üzərində qurması, intellektual potensiala arxalanmasıdır. Tədbirdə Milli Məclisin deputatı professor Musa Qasımlı, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun sektor müdiri Təvəkkül Əliyev öz xatirələrini bölüşmüş, müasir Azərbaycanın tarixində Heydər Əliyevin istisna rolundan danışmış, arxiv materiallarına əsaslanan onlarla yeni faktlardan bəhs etmişlər.

Fondun əməkdaşı Mülayim Quliyeva “Elimizin, elmimizin hamisi - Heydər Əliyev” mövzusunda məruzə ilə çıxış etmişdir. Tədbirdə həmçinin AMEA İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Gülzar İbrahimova, AMEA Folklor İnstitutunun şöbə müdiri Füzuli Gözəlov da iştirak etmişlər. Sonda Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən materiallar nümayiş etdirilmişdir.

Mayın 10-da Fondun icraçı direktoru və icraçı direksiyanın əməkdaşları Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini anmaq üçün Fəxri xiyabanda olmuşlar.

Elmin İnkişafı Fondunun icraçı direksiyası

 

HİKMƏTLİ SÖZLƏR