ENG

Elmin İnkişafı Fondunda 31 Mart - Azərbaycanlıların soyqırımının 97-ci ildönümünə həsr edilmiş anım tədbiri keçirilmişdir

A A A
Mart 31 2015

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunda 31 mart - Azərbaycanlıların soyqırımının 97-ci ildönümünə həsr edilmiş anım tədbiri keçirilmişdir. Tədbir soyqırım qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Fondun baş məsləhətçisi Xanım Süleymanova mart hadisələrindən, son 200 ildə erməni daşnaklarının azərbaycanlılara qarşı həyata keçirdiyi məqsədyönlü soyqırımı siyasətindən söz açıb. O qeyd edib ki, 1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşağın öldürülməsi ilə nəticələnib.

Fondun baş mütəxəssisi Aysel Əmiraslanova isə qeyd edib ki, azərbaycanlılara qarşı həyata keçirilən soyqırım siyasəti təkcə Bakı şəhəri ilə məhdudlaşmayıb. Martın 31-də erməni daşnakları Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlını, o cümlədən 2560 qadın və 1277 uşağı qətlə yetiriblər. Qubanın 162 kəndində öldürülən günahsız azərbaycanlıların sayı isə 16 mindən artıq olub. Erməni daşnakları Lənkəran, Muğan bölgəsi və Dağlıq Qarabağda minlərlə kəndi yandırıb, on minlərlə insanı vəhşicəsinə qətlə yetiriblər.

Tədbirdə qeyd edilib ki, 31 mart – bir tarix dərsidir. Bu dərsi hər bir azərbaycanlı yaxşı öyrənməli və heç vaxt unutmamalıdır. Tədbirin sonunda 31 Mart soyqırım hadisələrinə həsr edilmiş material nümayiş etdirilmişdir.

 

Elmin İnkişafı Fondunun icraçı direksiyası

 

HİKMƏTLİ SÖZLƏR