ENG

Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Elmin İnkişafı Fondunda tədbir keçirilmişdir

A A A
May 07 2015

Xalqımızın Ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu, Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə mayın 7-də Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunda tədbir keçirilmişdir.

Tədbirdə Fondun icraçı direktoru Elçin Babayev Ümummilli liderin daim elmə və təhsilə dövlət siyasətinin üstün istiqaməti kimi yanaşmasını vurğulayaraq, Heydər Əliyevin peşəkar strateq olduğunu qeyd etmiş, Azərbaycanda elmin inkişafına verdiyi əvəzsiz töhfələrdən danışmışdır.

Elçin Babayev çıxışında qeyd etmişdir ki, Azərbaycan xalqı milli dövlətçiliyinin dağılmaq təhlükəsi qarşısında qaldığını gördüyü və artıq ən ağır günlərini yaşadığı vaxtdan taleyini yenə Heydər Əliyevə etibar etmişdir. Xalqının belə dar bir gündə qaldığını görüb onun təkidli dəvətini qəbul edən Heydər Əliyev Azərbaycanda yenidən böyük siyasətə qayıtmışdır.

Çıxışın sonunda İcraçı direktor Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Dövlət İdarəçilik Akademiyasının birgə təşkilatçılığı ilə 24 aprel 2015-ci ildə keçirilən ümummilli liderin anadan olmasının 92-ci ildönümünə həsr edilən “Qarabağ tədqiqatları” mövzusunda konfransın uğurundan da danışmışdır.

Tədbirdə Fondun əməkdaşı Günay Həsənli “Müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev” mövzusunda məruzə ilə çıxış etmişdir.O qeyd etmişdir ki, Azərbaycanın 1960-cı illərin sonundan başlanan və XXI əsrə adlayan tarixinin otuz beş illik bir dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Müdrik rəhbər və dahi şəxsiyyət, bütün bu illərdə Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşımış, onu bir dövlət və xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxarmış, müasir Azərbaycan adlandırdığımız müstəqil məmləkəti, onun bugünkü həqiqətlərini, işıqlı sabahının etibarlı bünövrəsini yaratmışdır.

Tədbirin sonunda Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən şəkil və video material nümayiş etdirilmişdir.

 

Elmin İnkişafı Fondunun icraçı direksiyası

 

HİKMƏTLİ SÖZLƏR