ENG

Elmin İnkişafı Fondunda Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunmuş tədbir keçirilib

A A A
May 25 2018

Mayın 25-də Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunda (EİF) Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə çıxış edən EİF-in icraçı direktoru Elçin Babayev Azərbaycan Xalq Cümhuriyyətinin qısa, lakin şanlı tarixindən söz açıb, bu demokratik dövlətin yaranmasında qarşıya çıxan, o cümlədən məqsədyönlü şəkildə yaradılan böyük siyasi çətinlik və maneələrdən danışıb. O qeyd edib ki, dövlətin qorunub saxlanılması onu yaratmaqdan da çətindir. Elçin Babayev ötən əsrin 90-cı illərində yaranmış gərgin vəziyyət və siyasi durumu 1918-ci illərlə müqayisə edib, hər iki dövrün mürəkkəbliyindən, ölkənin bölünmə təhlükəsi yaşamasından və Ümummilli Lider Heydər Əliyevin müstəqil dövlətçiliyin qorunmasına nail olaraq ölkəni bu uçurumdan xilas etməsindən də söz açıb. O bildirib ki, Şərqdə ilk demokratik institutlara malik olan Azərbaycan Xalq Cümhuriyyəti qısa ömürlü olsa da, dahi Heydər Əliyevin qurduğu və dünya miqyaslı mahir siyasətçi İlham Əliyevin uğurla idarə etdiyi müstəqil Azərbaycan Respublikası bu gün güclü ordu, iqtisadiyyat və beynəlxalq əlaqələrə malik olan firavan və stabil bir dövlətə çevrilib. Elçin Babayev bu uğurları gözü götürməyən qüvvələrdən söz açıb, Rüstəm İbrahimbəyov kimilərin riyakar və cılız əməllərindən danışıb, hər bir azərbaycanlını bu cür xəyanətləri qətiyyətlə qınamağa çağırıb.   

Elçin Babayev Elmin İnkişafı Fondunun Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə töhfəsindən də söz açıb. Bu münasibətlə “Qarabağın müsəlman azərbaycanlı elitası siyasi təlatümlər içərisində və müasirləşmə yolunda” adlı bio-biblioqrafik leksikon alman dilində Elmin İnkişafı Fondu tərəfindən qrant layihəsi çərçivəsində nəfis tərtibatla nəşr etdirilib. Kitabın müəllifləri Almaniyanın Berlin Humboldt Universitetinin “Azərbaycan tarixi” kafedrasının rəhbəri professor Yeva-Mariya Aux və həmin kafedranın professoru Rasim Mirzəyevdir.

Kitab eyniadlı qrant layihəsinin məhsulu olmaqla alman və azərbaycanlı tədqiqatçıların birgə elmi-tədqiqat işinin nəticəsi kimi çap olunub və Qarabağın azərbaycanlı elitasının inkişaf tarixini bütün detalları ilə almandilli və digər beynəlxalq tədqiqatçılara çatdırma məqsədinə xidmət edir. Kitabdakı məlumatlar Dağlıq Qarabağ münaqişəsi kontekstində bu regionun Azərbaycanın ayrılmaq hissəsi olması faktını son dərəcə bariz şəkildə ortaya qoyur.

Kitab kollektiv bioqrafiyanın geniş analizi vasitəsi ilə almandilli ölkələrin ictimaiyyətinə, bütövlükdə beynəlxalq ictimaiyyətə Azərbaycanın əsas mənəvi-mədəni mərkəzlərindən biri kimi Qarabağ diyarının milli düşüncənin və dövlətçiliyin təşəkkülündəki müstəsna rolunu əyani surətdə göstərməkdən ibarətdir.

Kitab Qarabağ regionundakı maariflənmə və milli hərəkatda fəalların rolu haqqında məlumat verməklə, Qarabağın tarixinin və onun zəngin mədəni irsinin təbliği baxımından da olduqca önəmlidir.

Kitabın təntənəli təqdimat mərasimi də keçiriləcək. Bu yubiley münasibəti ilə daha bir neçə kitabın da nəşri ilin sonunadək baş tutacaq. 2018-ci il ərzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş və Gənc alim və mütəxəssislərin 4-cü birgə qrant müsabiqəsinin qalibi olmuş 2 layihə üzrə gənc geoloqların beynəlxalq məktəb-seminarı və sağlamlıq turizmi sahəsində alim və mütəxəssislərin beynəlxalq konfransı keçiriləcək.

Tədbirdə Arzu Əliyevanın baş prodüseri olduğu Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr etdiyi "Son iclas" bədii-sənədli filmindən fraqmentlər nümayiş etdirilib.

HİKMƏTLİ SÖZLƏR