ENG

Elmin İnkişafı Fondu ilə “Elsevier” arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

A A A
Aprel 24 2018

2018-ci il 24 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu ilə dünyanın ən iri elmi informasiya, analitik təhlil və nəşr şirkətlərindən biri olan tanınmış “ELSEVIER” arasında Əməkdaşlıq haqqında Memorandumun imzalanması ilə bağlı tədbir keçirilib.

Memorandum Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev və “Elesvier”in vitse-prezidenti Haest Feliks tərəfindən imzalanıb.   

Tədbirdə “Elsevier”in Mərkəzi Asiya ölkələri və Azərbaycan üzrə regional direktoru xanım Aliya Ospanova da iştirak edib.

Rəsmi şəxslərin, elmi ictimaiyyət nümayəndələrinin, müxtəlif qurumların təmsilçilərinin iştirak etdikləri tədbirdə Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev elmin inkişafına dövlət qayğısından danışıb. Bildirib ki, ölkə alimlərinin qarşısında Azərbaycanın regionda elm mərkəzinə çevrilməsi kimi ciddi vəzifə qoyulub. Bu vəzifənin yerinə yetirilməsində tədqiqatçı alim və mütəxəssislər üçün hər cür şərait yaradılır. Bunun bir yolu qrantlar verilməsidirsə, digər yolu alimlərin elmi məlumat bazalarına çıxışının təmin edilməsidir. Elmin İnkişafı Fondu müvafiq istiqamətdə öz töhfəsini verməyə çalışır və dünyanın mötəbər nəşriyyatları, akademik qurumları və eyni zamanda, məlumat bazası təqdim edən xüsusi şirkətlərlə əməkdaşlıq əlaqələri qurur, beləliklə, məlumat mənbələrinə çıxışlardan istifadə üzrə təlimlərin keçirilməsini və s. öz öhdəsinə götürür. Bildirilib ki, bu təşəbbüslər Azərbaycanın dünya elminə açıq olduğunu və dünya elminin uğurlarını mənimsəmək istiqamətində qəti addımlar atdığını bir daha təsdiqləyir.

 “Elesvier”in vitse-prezidenti Haest Feliks Elmin İnkişafı Fondu ilə əməkdaşlığın “Elsevier” şirkəti üçün əhəmiyyətini xüsusilə vurğulayıb, təmsil etdiyi qurum, onun fəaliyyəti haqqında dolğun məlumat verib. Məlumat verilib ki, 1880-ci ildə Hollandiyada əsası qoyulmuş “Elsevier” sıralarında “ScienceDirect”, “Scopus”, “Elsevier Research Intelligence” və “Clinical Key” kimi mükəmməl elektron xidmətlərin olduğu veb-bazalı, rəqəmsal həllər və “The Lancet” və “Cell” kimi məşhur nəşrləri əhatə edən təxminən 2500 jurnal və 33000-dən çox elektron kitabı elmi tədqiqatçıların istifadəsinə təqdim edir. “Elsevier” “RELX Group” şirkətlərindən biridir. “RELX” elm, səhiyyə, hüquq və risk sektorları üçün fərqli həlləri təmin edən və dünya liderlərindən olan informasiya həlləri təminatçısıdır. “Scopus” isə dünyanın ən geniş əhatə dairəsinə malik akademik məlumatlar bazasıdır, bibliometrik vasitələrlə tədqiqatçıların elmi araşdırmalarının izlənilməsinə, təhlilinə və vizuallaşdırılmasına yardımçı olur. Özündə texnologiya, tibb, ictimai elmlər, incəsənət və humanitar elm sahələrinə dair 5000-dən çox nəşrin 22000-dən çox başlığını birləşdirir. “Elsevier” dünya üzrə elmi jurnallarda nəşr olunan məqalələrin təqribən 25%-ni çap edir. “Elsevier” 2000-dən çox elmi jurnal buraxır və öz elektron internet portalında 11 milyondan çox elmi məqalə ilə tanış olmaq imkanı yaradır. Nəşriyyat dünyanın 180 ölkəsindən olan 4500-dən yuxarı quruma (akademiyalar, elmi-tədqiqat müəssisələri, universitetlər, kitabxanalar və s.) xidmət göstərir. “Elsevier”-in 30 milyona yaxın istifadəçisi var.

Bütöv mətnli məlumat bazası SCİENCE DİRECT  “Elsevier” tərəfindən nəşr olunan 2500-ə yaxın elmi jurnal, 33000-dən çox kitab, 13 milyondan çox nəşrə  çıxış imkanı təmin edərək elmin bütün sahələri üzrə elmi ədəbiyyatın qısa zamanda əldə olunmasını təmin edir. Elmi axtarış sistemi SCOPUS-dan isə dünyanın 70-dən çox ölkəsində istifadə olunur, ay ərzində bu bazadan milyonlarla məqaləyə istinad edilir, platformanın məzmunu isə gündəlik olaraq yenilənir.

Ötən illərdə Elmin İnkişafı Fondu və "Elsevier" səmərəli əməkdaşlıq edib və bunlardan biri “SCOPUS Mükafatı Azərbaycan-2016” birgə mükafatının verilməsi olub. Bu mükafat ölkədə bütün elm sahələri üzrə araşdırmaları daha da təkmilləşdirmək, elmi tədqiqatçıların və təşkilatların səylərini dəstəkləmək üçün təşkil edilib, Azərbaycanda aparılan araşdırma və tədqiqatlar üzrə ən dəyərli nəticələrə nail olan, nüfuzlu nəşrlərdə məqalələr dərc etdirən və beynəlxalq əlaqələrini genişləndirən qurumları, həmçinin eksklüziv akademik jurnalları fərqləndirmək, Azərbaycan alimlərini motivasiya etmək və onlara akademik fəaliyyətlərində stimul vermək məqsədini daşıyıb. Cari ildə də yeni birgə müsabiqənin keçirilməsi nəzərdə tutulub.

Memoranduma əsasən, tərəflər birgə təlimlər (alimlər, elmi jurnal redaktorları, Fondun əməkdaşları və b. üçün), müxtəlif xarakterli tədbirlər (dəyirmi masalar, öyrədici seminarlar, konfranslar, treninqlər) təşkil edərək keçirəcək, elm-texnologiya, innovasiya və sənaye/biznes arasında əlaqələrin gücləndirilməsinə, elmi nəticələrin kommersiyalaşdırılmasına, texnologiyaların transferinə yardımçı olacaq işlərin yerinə yetirilməsində səylərini birləşdirəcəklər.

Tərəflər elmi ekspertiza işinin təşkili, elmi verilənlər bazasının yaradılması, məsləhətləşmələr aparılması, sərgilərin təşkili  kimi məsələlərdə əməkdaşlıq edəcəklər. 

Dünyanın ən iri elmi referatlar və məqalə məzmununa giriş bazası olan SCOPUS və aparıcı məlumat platforması sayılan SCİENCE DİRECT-dən istifadə qaydaları, onların alimlər, tədqiqatçılar, tələbələr üçün üstünlükləri, bu platformalar üzərində son illər ərzində aparılan təkmilləşdirilmə və yeniliklər barədə mütəmadi olaraq məlumat veriləcək, qeyd edilən elmi şəbəkədən istifadənin Azərbaycan üzrə olan göstəriciləri nümayiş etdiriləcək.

Azərbaycan alimlərinin qərbdə nəşr olunan elmi jurnallara göndərilmək üçün hazırladığı məqalələrin tərtibatına kömək, “Elsevier”in məlumat bazası əsasında Azərbaycan alimlərinin elmi göstəricilərini müqayisəli şəkildə əks etdirəcək ətraflı hesabatların müntəzəm olaraq hazırlanması, həmçinin son illərdə geniş yayılmış “yırtıcı” jurnallar haqqında məlumatların yayılması da tərəflər arasında razılaşdırılıb.

 Mənbə: Azərtac

 

HİKMƏTLİ SÖZLƏR