ENG

Elmin İnkişafı Fondu müsabiqələrin nəticələri üzrə təqdimat keçirmişdir

A A A
Oktyabr 21 2015

2015-ci il 21 oktyabr “Hilton-Baku” otelində Elmin İnkişafı Fondunun (EİF) qrant layihəsi çərçivəsində Bakı Dövlət Universitetinin “Sosial və pedaqoji psixologiya” kafedrasının müdiri, professor Kamilə Əliyevanın elmi redaktorluğu ilə nəşr olunmuş “Uşaq inkişafının qiymətləndirilməsi” (müəllif: Turanə Əliyeva) kitabının təqdimat mərasimi keçirildi. Eyni zamanda, Dövlət Proqramı çərçivəsində keçirilmiş Gənc alim və mütəxəssislərin 3-cü qrant müsabiqəsin və Qarabağ tədqiqatları üzrə 3-cü “Şuşa qrantı” müsabiqəsində qalib gələn layihələrin rəhbərləri ilə də ənənəvi görüş keçirildi.

Tədbirdə çıxış edən EİF-in icraçı direktoru Elçin Babayev ölkədə elmin inkişafı istiqamətində həyata keçirilən Dövlət proqramları və layihələrdən danışdı. Bildirdi ki, həmin layihələrdən biri olan “Uşaq inkişafının qiymətləndirilməsi” kitabında məktəbəqədər yaşlı uşaqların fiziki, sosial və mənəvi, emosional, həmçinin, nitq inkişafına dair məlumatlar, Kanada, Litva və bir sıra digər ölkələrdə məktəbəqədər yaşlı uşaqların inkişafının qiymətləndirilməsində geniş istifadə olunan Uşaqların Skrininqi üçün Diaqnostik Vəsaitinin (USDV) yaranma tarixi, psixometrik xüsusiyyətləri, USDV-nin Azərbaycana kross-kultural adaptasiya prosesi təfsilatı ilə təqdim olunur.

Sonra kitabın müəllifi Turanə Əliyeva çıxış edərək nəşrin əsasən psixologiya ixtisası üzrə təhsil alan tələbələri və psixoloji qiymətləndirmə sahəsində müəyyən kurslar keçmiş peşəkarları uşaq inkişafı və onun qiymətləndirilməsi sahəsində müvafiq bilik və bacarıqlarla təmin etmək məqsədilə hazırlandığını qeyd etdi.

Təqdimat mərasimi çərçivəsində Elmin İnkişafı Fondunun son günlər elan olunmuş qrant müsabiqələrinin qalib layihə rəhbərləri ilə görüş də keçirildi. 3-cü “Şuşa qrantı” müsabiqəsi üzrə ümumi maliyyələşdirilmə həcmi 220000 manat olmaqla 5 qalib layihə müəyyənləşdirilib. Gənc alim və mütəxəssislərin 3-cü qrant müsabiqəsinin nəticələrinə əsasən isə, ümumi maliyyələşdirilmə həcmi 500000 manat olmaqla 24 layihə qalib olub.

Tədbirdə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin şöbə müdiri İndira Hacıyeva, BDU-nun kafedra müdiri, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədr müavini, AMEA-nın müxbir üzvü Bəxtiyar Əliyev, AMEA Aşqarlar Kimyası İnstitutunun direktoru, “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin idarə heyətinin üzvü, akademik Vaqif Fərzəliyev, AMEA Botanika İnstitutu Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin Bioadaptasiya laboratoriyasının müdiri, akademik İradə Hüseynova, AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, Fizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Nazim Məmmədov, Azərbaycan Tibb Universitetinin professoru və “Sağlam Nəsil” Tibbi Elmi-Tədqiqat Mərkəzinin rəhbəri Nigar Kamilova, AMEA Fəlsəfə və Hüquq İnstitutunun “Sosiologiya və sosial psixologiya” şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Rəfiqə Əzimova, gənc alimlərdən Babayeva Eşqanə (AMEA Ədəbiyyat İnstitutu) və Abbasov Orxan (AMEA Geologiya və Geofizika İnstitutu), layihə icraçısı Mehman Şabanov (AMEA Naxçıvan Bölməsi) çıxış ediblər.

Sonda uğurla başa çatmış layihə rəhbərlərinə sertifikatlar təqdim olunub.

 

Elmin İnkişafı Fondunun icraçı direksiyası

HİKMƏTLİ SÖZLƏR