ENG

“2016-cı ilin alimi” və “2016-cı ilin gənc alimi” müsabiqələrinin qalibləri mükafatlandırılıblar”

A A A
Oktyabr 16 2017

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) “Ən layiqli alim – Ə.L.A.” məqsədli qrant müsabiqəsi çərçivəsində ilk dəfə keçirilmiş “2016-cı ilin alimi” və “2016-cı ilin gənc alimi” mükafat müsabiqələri yekunlaşıb.

Oktyabrın 16-da qaliblərin mükafatlandırılması mərasimi olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə EİF-in icraçı direktoru Elçin Babayev müsabiqə haqqında məlumat verib. Bildirilib ki, “İlin alimi” müsabiqəsi EİF tərəfindən ilk dəfədir keçirilir. Mütəmadi keçirilməsi planlaşdırılan müsabiqə alimlərin, o cümlədən gənc alimlərin müxtəlif elm sahələri üzrə hər il əldə etdikləri elmi və elmi-təşkilati nailiyyətlər əsasında müsabiqə yolu ilə qiymətləndirilməsini və mükafatlandırılmasını nəzərdə tutur.

E.Babayev vurğulayıb ki, “2016-cı ilin alimi” mükafat müsabiqəsinin məqsədi ötən il uğurlu elmi fəaliyyət göstərmiş, yüksək elmi nəticələr əldə etmiş, təsir əmsallı (impakt faktorlu) tanınmış bazalarda indeksləşən nüfuzlu jurnallarda və nəşrlərdə dərc olunmuş elmi məqalələri və digər elmi əsərləri olan, elmi işlərinə istinad edilən, həmçinin yüksək elmi-təşkilati fəaliyyəti ilə fərqlənmiş alimlərin EİF tərəfindən müəyyənləşdirilmiş, beynəlxalq standartlara uyğun meyarlar üzrə qiymətləndirilməsi və mükafatlandırılmasıdır. Müsabiqə iki nominasiya üzrə keçirilib. Nəticələr göstərir ki, elmin flaqmanı olan Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə yanaşı, təhsil müəssisələri də müsabiqədə fəal iştirak ediblər. Bildirilib ki, səkkiz alim “2016-cı ilin alimi” müsabiqəsinin, dörd alim isə “2016-cı ilin gənc alimi” müsabiqəsinin qalibi seçilib. Elmin inkişafı ilə yanaşı, Azərbaycan elmini dünyada tanıtmaq da vacib məsələdir.

E.Babayev EİF-in artıq səkkiz ildir elmin inkişafı istiqamətində səmərəli fəaliyyət göstərdiyini, bu illər ərzində fond tərəfindən müxtəlif layihə və müsabiqələrin uğurla həyata keçirildiyini vurğulayıb.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib ki, elmə marağın artırılmasında belə müsabiqələr böyük əhəmiyyət daşıyır. Elmə dəstək göstərmək çox vacibdir. İnanıram ki, EİF-in bu istiqamətdə fəaliyyəti gələcəkdə də gənclərin elmə marağının və bu sahədə stimulun artırılmasına daha çox kömək edəcək.

Akademik A.Əlizadə qalibləri təbrik edib, uğurlar arzulayıb. AMEA-nın prezidenti gənc alim və mütəxəssislərə bu cür müsabiqə və layihələrdə fəallıq göstərməyi tövsiyə edib.

Gənclər və idman naziri Azad Rəhimov elmə dəstək göstərilməsinin vacibliyini vurğulayıb. Bildirilib ki, Gənclər və İdman Nazirliyi bu işdə öz köməyinin əsirgəmir, gənclər üçün mükafat təsis etməklə onların rəqabətqabiliyyətli inkişafına zəmin yaradır.

Prezident İlham Əliyevin müvafiq Sərəncamla təsdiq etdiyi “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının əhəmiyyətindən danışan A.Rəhimov deyib ki, bu sənəddə gənclərin elm və təhsil sahələrində inkişafını nəzərdə tutan müddəalar da var. Dövlət Proqramının məqsədi Azərbaycanda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləməkdir. Məqsəd, həmçinin gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirməkdir. Nazir proqramın uğurla həyata keçiriləcəyinə, EİF-in bu işdə sanballı töhfələr verəcəyinə əminliyini bildirib.

Səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib ki, elmin inkişafı olduqca vacib məsələdir. Ölkədə bu istiqamətdə ildən-ilə uğurlu addımlar atılır. EİF-in həyata keçirdiyi layihələri və bu qurumun fəaliyyətini yüksək dəyərləndirən E.Ağayev alimlərin əməyinin qiymətləndirilməsində və stimullaşdırılmasında bu cür müsabiqələrin xüsusi rolunu diqqətə çatdırıb. Səhiyyə Nazirliyinin rəsmisi qalibləri təbrik edib, daha böyük uğurlar qazanmalarını arzulayıb.

Təhsil nazirinin müavini Mətin Eynullayev təmsil etdiyi qurumun ali məktəblərdə elmin inkişafını dəstəklədiyini, xaricdə təhsil proqramları çərçivəsində dünyanın nüfuzlu ali məktəblərində oxumağa göndərilən gənclərin elmi potensialının nəzərə alındığını bildirib. Qeyd olunub ki, hazırda dünyada bütün sahələrdə, o cümlədən elm və təhsil sahələrində rəqabət aparılır. Bu baxımdan EİF-in həyata keçirdiyi layihələr xüsusi əhəmiyyət daşıyır. M.Eynullayev fondun yaranmasının səkkiz illiyi münasibətilə bu qurumun kollektivini və müsabiqə qaliblərini təbrik edib.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə müsabiqədə texniki sahələr üzrə alimlərin də iştirak etdiklərini diqqətə çatdırıb. Bildirilib ki, onların müasir texnologiyalardan istifadə etməklə əsərlərini təqdim etmələri onu göstərir ki, Azərbaycan elmi qlobal elmin bir hissəsinə çevrilməkdədir. Alimlərimiz dünya elminə töhfə verə bilirlər. Alim olmaq böyük şərəfdir. Onların yaratdıqları elmi irs gələcəkdə gənclərin inkişafı üçün vacibdir, dəyərlidir.

Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov müsabiqə qaliblərini təbrik edib, onların arasında BDU-nun da üç əməkdaşının olduğunu bildirib. Müharibə şəraitində olmasına baxmayaraq Azərbaycanda bütün sahələrin, o cümlədən elm və təhsilin dinamik inkişaf etdiyini vurğulayan akademik bunun ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan məqsədyönlü siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən ardıcıl həyata keçirilməsi nəticəsində mümkün olduğunu söyləyib.

Sonda qaliblər mükafatlandırılıblar. Onlara xüsusi hazırlanmış adlı medal və diplomlar təqdim olunub.


 

QALİB LAYİHƏLƏRİN SİYAHISI

ƏSAS MÜKAFATLAR

  1. Quliyev Vaqif Sabir oğlu
  2. Qardaşova Lətafət Abbas qızı
  3. Babanlı Məhəmməd Baba oğlu
  4. Mahmudov Kamran Talıb oğlu
  5. Əlirzayeva Esmira Həsən qızı
  6. Qənbərov Xudaverdi Qənbər oğlu
  7. Quliyev Fərhad Eldar oğlu
  8. Süleymanov Elçin Bəhman oğlu

 

GƏNC ALİMLƏR (35 yaşadək) ÜÇÜN MÜKAFATLAR

  1. Hüseynov Elçin Məmmədəli oğlu      
  2. Rzayeva Aliyə Bayram qızı
  3. Balayeva Ofeliya Oqtay qızı
  4. Əhmədov Fariz Saleh oğlu

 

Mənbə: AZƏRTAC

AZƏRTAC VİDEO LİNK

Əlavə link: AMEA

Əlavə link: apa.az

Əlavə link: edu.gov.az

 

HİKMƏTLİ SÖZLƏR