ENG

Elmin İnkişafı Fondunda Xocalı soyqırımının 24-cü ildönümünə həsr edilmiş anım tədbiri keçirilmişdir

A A A
Fevral 25 2016

Xalqımızın ən böyük faciələrindən biri olan Xocalı soyqırımından 24 il keçir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri hələ SSRİ dövründə Xankəndi şəhərində yerləşən zabit və gizirlərinin xeyli hissəsi ermənilərdən ibarət olan 366-cı motoatıcı alayının zirehli texnikası və hərbçilərinin köməyi ilə Xocalı şəhərini yerlə-yeksan edib, sakinlərə amansızlıqla divan tutub, onları vəhşicəsinə, qəddarlıqla, ağlasığmaz işgəncələrlə qətlə yetiriblər...Erməni təcavüzkarlarının xalqımıza qarşı törətdiyi bu növbəti kütləvi qırğın – Xocalı faciəsi 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoydu. 1275 dinc sakin əsir götürüldü, onlardan 150 nəfərinin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst oldu. 8 ailənin bütün üzvləri öldürüldü. 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirildi, diri-diri yandırıldı, başları kəsildi, üzlərinin dərisi soyuldu, körpə uşaqların gözləri çıxarıldı... Xocalıların öz doğma torpaqlarında, ev-eşiklərində yaşamaq haqqı əllərindən alındı. Dövlətin və əhalinin əmlakına 1 aprel 1992-ci il tarixə olan qiymətlərlə 5 milyard rubl dəyərində ziyan vurulubdu.

Tədbirdə Fondun icraçı direksiyasının əməkdaşları və  Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti Elçin Əhmədov iştirak edib.

Fondun içraçı direktoru Elçin Babayev çıxış edərək, xalqımızın tarixinə qanlı hərflərlə yazılmış Xocalı Soyqırımına dünya birliyi tərəfindən siyasi-hüquqi qiymət verilməsinin vacib olduğunu, Fondun fəaliyyətində bu istiqamətdə işlər görüldüyünü vurğulamışdır. Fondun icraçı direktoru qeyd edib ki, son illər bütün dünya ölkələrində Xocalı faciəsinin soyqırım kimi tanınması istiqamətində genişmiqyaslı işlər görülür. Bu baxımdan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən 2009-cu ildən başladılan “Xocalıya ədalət” beynəlxalq kampaniyasının xüsusi rolu var. Kampaniyanın məqsədi beynəlxalq ictimaiyyətin Xocalı faciəsi ilə bağlı məlumatlandırılması, faciəyə beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsi və beynəlxalq səviyyədə anılmasını təmin etməkdir. Tədbirdə çıxış edənlər qeyd ediblər ki, Xocalı faciəsi Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcək. Azərbaycan dövləti və əsgəri Xocalını və işğalda olan digər torpaqlarımızı azad edərək tarixi ədaləti bərpa edəcək.

Anım tədbiri Elmin İnkişafı Fondunun aparıcı məsləhətçisi Faidə Eminovanın çıxışı ilə davam etdirilib.

Elçin Əhmədov öz çıxışında Azərbaycan xalqının başına gəlmiş bu faciələrin köklərinin daha dərin tarixi keçmişdə olduğunu və Azərbaycana qarşı törədilən bu sistemli  soyqırım aktlarının əsrlər boyu davam etdiyini vurğulamışdır. Öz çıxışında tarixə geniş ekskurs edən Elçin Əhmədov Azərbaycan xalqının bütün bu  hadisələrdən məğrur çıxdığını, ölkəmizin qüdrətli və güclü xarici siyasəti olan bir dövlətə çevrildiyini qeyd etmişdir: “Ən azğın qüvvələr bizə qarşı birləşsələr də, Azərbaycan dövləti yaşayır və yaşayacaq!”. Ermənilərin törətdiyi Xocalı faciəsi ilə bağlı təəsürratlarını bölüşdürmüş, bu faciəni bəşəriyyətin həm mənəvi, həm cismani, həm də mədəni baxımdan ən amansız soyqırımlardan biri kimi qiymətləndirmişdir.

Tədbirdə 1992-2016-cı illər ərzində Xocalı soyqırımının tanınması və dünya mediasında təbliğatı ilə əlaqədar video  materiallar nümayiş etdirilib.

Elmin İnkişafı Fondunun icraçı direksiyası

 

HİKMƏTLİ SÖZLƏR