ENG

Elmin İnkişafı Fondu Ermənistanın Azərbaycana təcavüzü və ərazi iddiaları ilə bağlı nəşrlərin təqdimatını keçirdi

A A A
Mart 31 2016

“Ermənistanın Azərbaycana təcavüzü” üçcildliyi və “Ermənistanın sovetləşməsindən Azərbaycan ərazilərinin işğalınadək erməni iddiaları: tarix - olduğu kimi (1920-1994-cü illər)” monoqrafiyası soyqırımı haqqında həqiqətlərin dünyaya çatdırılması baxımından mühüm elmi mənbədir

Martın 31-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 2-ci “Şuşa qrantı” birgə müsabiqəsinin qalibi olmuş qrant layihələri çərçivəsində nəşr edilən “Ermənistanın Azərbaycana təcavüzü” üçcildliyinin (müəllif Elçin Əhmədov) və “Ermənistanın sovetləşməsindən Azərbaycan ərazilərinin işğalınadək erməni iddiaları: tarix - olduğu kimi (1920-1994-cü illər)” monoqrafiyasının (müəllif Musa Qasımlı) təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının və “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən təqdimat mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, akademik və təhsil qurumlarının, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Mərasimdə əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib, 31 mart soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev bildirib ki, dünyanın bir sıra ölkələrində aparılan dərin elmi araşdırmalar nəticəsində ilk dəfə ortaya çıxarılan faktlara yer verilməsi, eləcə də mötəbər elmi mənbələrə istinad olunması hər iki nəşrin əhəmiyyətini artırır. Hər iki əsərin tarixi həqiqətləri öyrənmək istəyən şəxslər üçün dəyərli və etibarlı mənbə olduğunu söyləyən Fondun icraçı direktoru belə qiymətli nəşrlərin digər dillərə də tərcümə edilərək daha geniş arealda yayılmasının vacibliyini vurğulayıb, kitabların ərsəyə gəlməsində əməyi olan şəxslərə təşəkkürünü bildirib. Elmin İnkişafı Fondunun başlatdığı bu ənənəni gələcəkdə də davam etdirəcəyini bildirən E.Babayev deyib: “Möhtərəm Prezidentimizin iqtisadi çətinliklər dövründə elmə, təhsilə ayrılan vəsaitin artırılması barədə göstərişi bizə imkan verəcək ki, dövlətimizin başçısı tərəfindən qarşıya qoyulan ümdə vəzifəni – Azərbaycanın regionun elmi mərkəzlərindən birinə çevrilməsini qısa müddətdə reallaşdıraq”.

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar ölkəmizdə silsilə tədbirlərin keçirildiyini qeyd edərək, hər iki nəşrin məhz belə bir gündə təqdim olunmasının əhəmiyyətini xüsusi vurğulayıb. Hər iki əsərin dəyərli mənbə kimi ali təhsil müəssisələrində də geniş istifadə olunacağını vurğulayan rektor belə mühüm sahədə tədqiqat əsərlərinin hazırlanması üçün qrantların ayrılmasına görə Elmin İnkişafı Fonduna, habelə bu cür təşəbbüslərin yüksək səviyyədə əlaqələndirilməsinə görə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin rəhbərliyinə dərin minnətdarlığını bildirib.

Milli Məclisin deputatı Elman Məmmədov Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından belə nəşrlərin mühüm elmi mənbə olduğunu qeyd edib. Erməni millətçilərinin iki əsrə yaxın müddətdə gizli niyyətlərini reallaşdırmaq üçün xalqımıza qarşı törətdikləri soyqırımlarından danışan E.Məmmədov həmin bəşəri cinayətlərin dəhşətlərinin və onları törədənlərin üzə çıxarılması, dünya ictimaiyyətinə tanıdılması baxımından belə fundamental nəşrlərin əhəmiyyətini yüksək qiymətləndirib.

Azərbaycan Dövlət İqtisadi Universitetinin rektoru, professor Ədalət Muradov Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynayan belə sanballı elmi əsərlərin hazırlanmasının əhəmiyyətini xüsusi vurğulayıb. Kitabın ərsəyə gəlməsində əməyi keçən şəxslərin əsl vətəndaşlıq nümunəsi göstərdiklərini qeyd edən rektor Ermənistanın təcavüzü nəticəsində Azərbaycana dəymiş iqtisadi zərərin hesablanmasının da vacib olduğunu bildirib. Ə.Muradov buna imkan verən və dünya praktikasında qəbul olunan metodologiyanın hazırlanması üçün ölkəmizdə fəaliyyət göstərən bir sıra ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının iqtisadçı mütəxəssislərindən ibarət komissiyanın yaradıldığını qeyd edib.

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov hər iki nəşrin Azərbaycanın tarixinin, xüsusən ermənilərin 200 ildən artıq bir dövrdə xalqımıza qarşı törətdikləri soyqırımlarının öyrənilməsi baxımından əhəmiyyətini yüksək qiymətləndirərək, kitabların xarici dillərə tərcümə olunub dünyada geniş yayılmasının vacibliyini qeyd edib.

31 mart soyqırımının Azərbaycan xalqına qarşı törədilmiş qətliamların ən qanlı səhifəsi olduğunu deyən Prezident Administrasiyasının rəsmisi həmin günlərdə həm Bakıda, həm də Azərbaycanın digər regionlarında on minlərlə günahsız insanın ermənilər tərəfindən amansızlıqla qətlə yetirildiyini deyib: “31 mart elə bir gündür ki, xalqımızın, xüsusən Azərbaycanın milli elitasının diqqətini özünə cəlb etməlidir. Bu günün öyrənilməsi, yad olunması, həmin dövrdə baş vermiş hadisələrin gələcək nəsillərə çatdırılması bizim milli, vətəndaşlıq borcumuzdur”.

Professor Əli Həsənov 31 mart soyqırımına Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra hüquqi-siyasi qiymət verildiyini vurğulayıb. Bildirib ki, ilk dəfə ümummilli lider Heydər Əliyev ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş çoxsaylı soyqırımlarının ümumiləşmiş simvolu olaraq 31 mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilməsini rəsmiləşdirdi və bunu dövlət siyasəti səviyyəsinə qaldırdı. Ermənilərin xalqımıza qarşı sonrakı dövrlərdə də cinayətlər, soyqırımları törətdiklərini xatırladan Əli Həsənov deyib ki, 1992-ci il fevralın 26-da Xocalı şəhəri yerlə-yeksan edildi, günahsız əhali azərbaycanlı olduqlarına görə amansızlıqla qətlə yetirildi.

Son 10 ildən artıq bir dövrdə dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə olduğu kimi, milli tariximizin öyrənilməsi istiqamətində də atılan addımların müsbət nəticələr verdiyini vurğulayan Prezidentin köməkçisi görülən işlərin nəticəsində artıq Azərbaycanın keçmiş və bugünkü tarixi arasında əlaqənin yaradıldığını söyləyib.

Əli Həsənov on ilə yaxın müddətdə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən tariximizin, mədəniyyətimizin, xalqımızın tolerantlıq ənənələrinin və multikultural dəyərlərinin beynəlxalq aləmdə təbliği istiqamətində dünyanın müxtəlif şəhərlərində silsilə tədbirlərin keçirildiyini, çoxsaylı nəşrlərin hazırlandığını qeyd edib. Bildirib ki, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə uğurla həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası nəticəsində son bir neçə ildə bu faciələri soyqırımı kimi tanıyan ölkələrin sayı getdikcə artır.

Prezident Administrasiyasının rəsmisi ermənilərin saxta, təhrif edilmiş faktlarla dünya ictimaiyyətinin diqqətini yayındırmağa, yanlış fikir formalaşdırmağa çalışdığını qeyd edərək deyib ki, bu məkrli təbliğatın ifşası baxımından belə kitabların yazılması, tərcümə olunması, müxtəlif vasitələrlə dünyada yayılması, geniş ictimai müzakirəsinin aparılması mühüm əhəmiyyətə malikdir.

“Ermənistanın sovetləşməsindən Azərbaycan ərazilərinin işğalınadək erməni iddiaları: tarix - olduğu kimi (1920-1994-cü illər)” monoqrafiyasının müəllifi, Milli Məclisin deputatı, professorMusa Qasımlı əsərində tarixdə qaranlıq qalan bir sıra məsələlərə işıq salındığını vurğulayıb, kitabın bir neçə gün əvvəl Moskvada rus dilində çapdan çıxdığını qeyd edib. M.Qasımlı kitabın hazırlanmasında yaxından dəstək göstərən şəxslərə, xüsusən də Azərbaycan elminin inkişafına diqqət və qayğısına görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

“Ermənistanın Azərbaycana təcavüzü” üçcildliyinin müəllifi, siyasi elmlər doktoru Elçin Əhmədov hər iki əsərin hazırlanmasında yaxından dəstəyinə və elmi tövsiyələrinə görə üçcildliyin və monoqrafiyanın elmi redaktoru professor Əli Həsənova, habelə Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayevə və başqalarına minnətdarlıq edib. O, üçcildlikdə son 30 ildə - 1985-ci ildən bu günədək Ermənistanın Azərbaycana qarşı dövlət səviyyəsində həyata keçirdiyi hərbi təcavüz, etnik təmizləmə və soyqırımı siyasətinə yer verildiyini deyib. E.Əhmədov ölkəmizlə bağlı həqiqətlərin dünyaya çatdırılmasında hər bir azərbaycanlının fəal olmasının vacibliyini diqqətə çatdırıb.

Moldovanın İctimai Palatasının prezidenti xanım Aurelia Qriqoriu çıxışında soyqırımlarını XX əsrin bəlası adlandıraraq deyib ki, Azərbaycanda törədilən qətliamlara dövlət səviyyəsində ilk dəfə ümummilli lider Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verilib. Aurelia Qriqoriu bildirib ki, soyqırımı yalnız Azərbaycanın deyil, bütün bəşəriyyətin problemidir. Onun müəyyən edilməsi problemin həlli yollarını tapmağa imkan verir. Bunun üçün ilk növbədə ikili standartlar aradan qaldırılmalı, beynəlxalq hüququn normaları bütün ölkələrə bərabər şəkildə tətbiq edilməlidir. Soyqırımı problemi ölkələrin ərazi bütövlüyünün pozulmasının nəticəsi olaraq baş verir. BMT mexanizmləri belə halların qarşısını ala bilmir. Ona görə də qurumda islahatlar aparılması vacibdir. Bu məsələdə digər mühüm problem soyqırımı törətmiş ölkəyə qarşı cəza tədbirlərinin görülməməsidir. Buna nümunə kimi Ermənistanı göstərmək olar. BMT və digər təşkilatların sənədlərində Ermənistan təcavüzkar ölkə kimi qeyd olunsa da, bu ölkə bir çox beynəlxalq təşkilatların bərabərhüquqlu üzvüdür. Dünyada baş verən soyqırımları bu cinayəti törədən şəxslərin cəzasız qalmasının nəticəsidir. Azərbaycan öz nümunəsində bütün dünyaya göstərir ki, soyqırımının, terrorizmin alternativi multikulturalizm və tolerantlıqdır.

Qeyd edək ki, üçcildlik və monoqrafiya Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçirilib və müəlliflərə bununla bağlı müvafiq şəhadətnamələr verilib. Hər iki əsərin elmi redaktoru tarix elmləri doktoru, professor Əli Həsənovdur.

Azərbaycan, Rusiya, Gürcüstan, Türkiyə, ABŞ, Böyük Britaniya və digər ölkələrin arxiv materialları və sənədli mənbələrindən geniş istifadə edilən monoqrafiyada sovetləşdirildikdən sonra Ermənistanın irəli sürdüyü əsassız ərazi iddiaları, ermənilərin tarixi torpaqlarımıza köçürülməsi, sovet rəhbərliyinin süni surətdə Dağlıq Qarabağ Muxtar Vilayətini yaratması, habelə xalqımıza qarşı törədilən soyqırımları, deportasiyalar, 70-80-ci illərdə erməni terror təşkilatlarının törətdikləri cinayətlər, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və bunun ağır nəticələri araşdırılıb. Mənbələrin əksəriyyəti ən mötəbər olmaqla, elmi dövriyyəyə ilk dəfə gətirilib.

“Ermənistanın Azərbaycana təcavüzü” əsərinin birinci cildində (Sənədlər və materiallar) Azərbaycan tarixinin müxtəlif dövrlərinə dair sənədlər və xəritələr verilib. Həmçinin, kitabda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına dair beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş sənədlər ardıcıllıqla və sistemli şəkildə təqdim olunub.

İkinci kitabda (Etnik təmizləmə, soyqırımı, terror, işğal) XX əsrin 80-ci illərinin ikinci yarısından başlayaraq Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və işğalçılıq siyasətinin indiyə qədər davam edən mərhələsinin təhlili verilib. Son 30 il ərzində ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə, soyqırımı və terror aktları ilə yanaşı, erməni terror təşkilatlarının cinayətlərinin xronikası da kitabda əksini tapıb.

Üçüncü cilddə isə (Beynəlxalq təşkilatların və böyük dövlətlərin siyasəti) münaqişənin nizama salınmasına dair beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş sənədlərin xronoloji ardıcıllıqla və sistemli şəkildə təhlili aparılıb. Bundan əlavə, kitabda münaqişənin nizama salınması istiqamətində beynəlxalq təşkilatların fəaliyyətindəki ziddiyyətli cəhətlərə, buraxılan nöqsanlara, eləcə də perspektivdə həlli mümkün və zəruri olan məsələlərə də diqqət yetirilib.

Hər iki nəşr xarici siyasət məsələləri ilə məşğul olan mütəxəssislər, həmçinin ali məktəblərin beynəlxalq münasibətlər, beynəlxalq hüquq, hüquqşünaslıq, politologiya, regionşünaslıq, tarix ixtisası üzrə təhsil alan tələbələr və magistrlər, müəllimlər üçün dəyərli elmi mənbədir.

Mənbə: AZƏRTAC

 

HİKMƏTLİ SÖZLƏR