ENG

Bakıda “Horizon-2020” proqramı üzrə yüksək səviyyəli ekspertlərin iclası işə başlayıb

A A A
Oktyabr 14 2016

Oktyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) tərəfindən Bakıda “Horizon-2020” proqramı çərçivəsində fəaliyyət göstərən “Black Sea Horizon” (BSH) və “EaP PLUS” layihələri üzrə elm, texnologiya və innovasiyalara dair beynəlxalq tədbir (“Workshop for the Participation of Non-EU Black Sea and EaP Countries in Thematic COFUND ERANETs & JPIs”) işə başlayıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə Avropa Tədqiqat Zonaları Şəbəkəsinə (ERA.NET) daxil olan qurumlardan, Avropa İttifaqının üzvü olmayan Qara dəniz hövzəsi dövlətlərindən, “Şərq tərəfdaşlığı” ölkələrindən, habelə Türkiyə, Avstriya, Yunanıstan, Almaniya, İtaliya, Hollandiya, Rusiya, Gürcüstan, Belarus, Ukrayna, Gürcüstan və Moldovadan təmsilçilər və ekspertlər iştirak edirlər.

EİF-in icraçı direktoru Elçin Babayev tədbirin Şərq ilə Qərb arasında körpü rolunu oynayan Azərbaycanda keçirilməsindən məmnunluğunu bildirib. Ölkəmizdə elm və təhsilin inkişafı üçün böyük işlərin görüldüyünü deyən E.Babayev diqqətə çatdırıb ki, iclas dünyanın müxtəlif ölkələrindən olan təcrübəli mütəxəssislərin bir araya gələrək müvafiq istiqamətdə müzakirələr keçirmələrinə, gələcəkdə atılacaq addımlar barədə fikir mübadiləsi aparmağa imkan yaradır. Tədbirin əsas məqsədi Avropa tədqiqat zonasında olan elmi-tədqiqat işlərini yüksək səviyyədə dəstəkləmək, infrastrukturu təkmilləşdirmək və bir çox ölkələr arasında əməkdaşlıq aparılmasına nail olmaqdır.

E.Babayev qeyd edib ki, iki gün davam edəcək tədbirdə elmi əməkdaşlığın perspektivlərinə, Avropa Tədqiqat Zonaları Şəbəkəsi (ERA.NET) üzrə müxtəlif tədqiqat proqramlarına (mədəni irs, bioiqtisadiyyat, materialşünaslıq, iqlim, qlobal urban və demoqrafiya problemləri) dair müzakirələr aparılacaq, “Şərq tərəfdaşlığı” ölkələrinin təcrübəsi haqqında məlumat veriləcək. Müvafiq tədbirin Bakıda təşkili barədə qərar EİF-in səmərəli fəaliyyəti nəzərə alınmaqla, “BSH” layihəsinin cari ilin iyununda Vyanada keçirilmiş Baş Assambleyasında qəbul olunub.

Avstriyanın Sosial İnnovasiyalar Mərkəzinin “Black Sea Horizon” layihəsi üzrə əlaqələndiricisi Martin Feliks Qaydusek müzakirələrdə iştirak edən müxtəlif qurumların nümayəndələrinin, ekspertlərin iclasın işinə töhfələr verəcəyinə əminliyini bildirib. “Horizon-2020” proqramı barədə məlumat verən M.F.Qaydusek vurğulayıb ki, layihənin reallaşdırılması tərəflər arasında əməkdaşlığın genişlənməsinə imkan yaranacaq. İclas Azərbaycanın müvafiq sahədə təcrübəsinin öyrənilməsi, çoxtərəfli əlaqələrin perspektivlərinin və gələcəkdə atılacaq addımların müzakirəsi baxımından əhəmiyyətlidir.

Tədbirdə çıxış edən Yunanıstanın Regional və Beynəlxalq Elm, Texnologiyalar və İnnovasiyalar üzrə Araşdırmalar və Dəstək Mərkəzinin icraçı direktoru Corc Bonas diqqətə çatdırıb ki, proqramın icrası tədqiqatçıların fəaliyyətindən, eyni zamanda, Avropada elm sahəsində inteqrasiyanı təşviq etməkdən və yeni potensialları qiymətləndirməkdən ibarətdir. Həmçinin “Şərq tərəfdaşlığı” ölkələri arasında müvafiq sahədə daha çox təcrübə mübadiləsinin aparılması, inteqrasiyanın reallaşması baxımından önəmli bir təşəbbüsdür.

Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü haqqında” Sərəncamı xatırladan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, ölkəmiz bu müddətdə bütün sahələrdə olduğu kimi, beynəlxalq əlaqələr istiqamətində də böyük uğurlara imza atıb. Azərbaycan dünyanın əksər ölkələri ilə geniş beynəlxalq əlaqələrə malikdir və bu istiqamətdə həyata keçirilən bir sıra layihələrin müəllifidir.

Tədbirin əhəmiyyətini vurğulayan AMEA-nın vitse-prezidenti iclasda aparılacaq müzakirələrin əməkdaşlığımızın genişlənməsinə təkan verəcəyinə əminliyini bildirib. Qeyd edilib ki, “Horizon-2020” proqramı Azərbaycan üçün Avropaya açılan daha bir pəncərədir. Azərbaycan bu proqramın iştirakçısı olmaqla, bir sıra ölkələrlə münasibətlərin, elmi əlaqələrin inkişafına sanballı töhfə verə bilər.

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov müsbət nəticələr və nailiyyətlər qazanmaq üçün innovasiyaların və yeni texnologiyaların tədqiqatlara cəlb edilməsinin vacibliyini vurğulayıb. Digər bir məqam ondan ibarətdir ki, aparılan araşdırmalar və tədqiqatlar Avropanın bu sahədə lider olduğunu göstərir. Lakin onu da qəbul etmək lazımdır ki, Avropadan kənarda da bu sahədə zəngin potensiala malik bölgələr var. Hesab edirəm ki, “Horizon-2020” müxtəlif ölkələrdən olan tədqiqatçılar arasında əməkdaşlığı təşviq etmək üçün əvəzsiz proqramdır.

Sonra tədbir işini sessiyalarla davam etdirib.

Qeyd edək ki, tədbir Yunanıstanda fəaliyyət göstərən “Regional və Beynəlxalq Elm, Texnologiya və İnnovasiyalar üzrə Araşdırmalar və Dəstək Mərkəzi” (CeRISS) ilə birgə təşkil edilib. EİF “BSH” və “EaP PLUS” layihələrində qurum kimi iştirak edir.

Mənbə: AZƏRTAC

HİKMƏTLİ SÖZLƏR