ENG

Elmin İnkişafı Fondunda 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilmişdir

A A A
İyun 14 2016

Tədbirdə çıxış edən Fondun icraçı direktoru Elçin Babayev ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlişi və həmin dövrdə mövcud olan siyasi şəraitdən söz açıb: “Məhz Heydər Əliyevin yüksək siyasi məharəti ilə Azərbaycan vətəndaş müharibəsindən, siyasi xaosdan qurtula bildi, ölkə uzunmüddətli inkişaf yoluna qədəm qoydu. Bu günün önəmini Azərbaycanın dünya birliyində yerinin daha da möhkəmlənməsi, stabil və inkişaf edən, vətəndaşını qoruyan ölkəyə çevrilməsi daha da artırır”. E. Babayev əsası ümummilli lider tərəfindən qoyulmuş siyasətin prezident İlham Əliyev tərəfindən uğurla davam etdiyini, Azərbaycanda son illər bütün sahələrdə olduğu kimi, elmin inkişafı sahəsində də yüksək nailiyyətlər əldə olunduğunu bildirib.

Məruzə ilə çıxış edən Elmin İnkişafı Fondunun məsləhətçisi Nigar Vəliyeva böyük tarixi inkişaf yolunda olan Azərbaycanın hər yerində Milli Qurtuluş Gününün 23-cü ildönümünün mühüm bayram təntənəsi ilə qeyd edildiyini deyib. Bildirib ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 15 iyun sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür.

Dünya şöhrətli dövlət xadimi, Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də hakimiyyətə qayıdışı xalqımızın çoxəsrlik tarixində taleyüklü möhtəşəm siyasi hadisə kimi səciyyələnir. 1991-ci il oktyabrın 18-də Azərbaycan XX əsrdə ikinci dəfə dövlət müstəqilliyini elan edib. Təəssüf ki, müstəqilliyin ilk illərində dövlətin idarəçiliyinə təcrübəsiz və naşı şəxslər rəhbərlik edirdi. Həmin dövrdə Azərbaycan torpaqlarının erməni cəlladları tərəfindən işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin günbəgün ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi.

Cəmiyyətin bütün təbəqələri əmin idi ki, yenicə müstəqillik qazanmış ölkəni düşmüş olduğu ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. 1993-cü ildə xalqın təkidli tələbi ilə Ümummilli lider Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmləndirilməsində, sivil dünyaya hərtərəfli inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynayıb. Azərbaycan Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrilib.

Tədbirin sonunda Milli Qurtuluş Gününə  həsr edilmiş film nümayiş etdirilib.

 

Elmin İnkişafı Fondunun icraçı direksiyası

 

HİKMƏTLİ SÖZLƏR